Onlayn ictimai-siyasi qəzet
Rusiya sepratçı Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgənin sakinləri üçün Rusiya vətəndaşlığına qəbul zamanı tutulan konsulluq rüsumunu təxminən 9 dəfə azaltmağa hazırlaşır. Avqustun 1-dən 600 dollara qaldırılan ödəniş bu ərazilərin sakinləri üçün yenidən 65 dollar olacaq.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı hökumət qərarı layihəsində xüsusi güzəşt nəzərdə tutulub.
Sənədə əsasən, Abxaziya və Cənubi Osetiya sakinləri, eləcə də Dnestryanı bölgənin sakinləri Rusiya vətəndaşlığı üçün müraciətə görə 600 dollar əvəzinə 65 dollar ödəyəcəklər.
Moskva avqustun 1-dən xaricdəki konsulluqlarda Rusiya vətəndaşlığına qəbul üçün rüsumu 65 dollardan 600 dollara, vətəndaşlıqdan çıxmaq üçün isə 130 dollardan 1200 dollara qaldırmışdı. Lakin bu qərar Dnestryanıda narazılıq doğurub. Bölgənin rəhbəri Vadim Krasnoselski yüksək rüsumun Rusiya pasportu almaq istəyənlər üçün “obyektiv çətinliklər” yaratdığını bildirmiş və məsələnin insanların maraqları nəzərə alınmaqla həll ediləcəyini demişdi.
Məsələnin siyasi tərəfi isə daha diqqətçəkəndir. Vladimir Putin bu ilin mayında Dnestryanı sakinlərin Rusiya vətəndaşlığı almasını sadələşdirib. Yetkin sakinlərə Rusiyada daimi yaşamadan, rus dili, Rusiya tarixi və qanunvericiliyi üzrə biliklərini təsdiqləmədən vətəndaşlıq üçün müraciət etmək imkanı verilib.
Krasnoselskinin sözlərinə görə, maydan bəri 60 mindən çox Dnestryanı sakini yeni sadələşdirilmiş qayda ilə Rusiya vətəndaşlığı üçün müraciət edib. Bölgədə artıq təxminən 220 min Rusiya vətəndaşının yaşadığı bildirilir.
Abxaziya və Cənubi Osetiya üçün oxşar sadələşdirilmiş prosedur 2025-ci ilin mayında tətbiq olunub. Güzəşt 26 avqust 2008-ci il tarixində bu separatçı qurumların vətəndaşlığına malik olmuş və həmin statusu saxlamış şəxslərə şamil edilir.
Bu qərar Rusiyanın postsovet məkanındakı mübahisəli ərazilərdə illərdir həyata keçirdiyi “pasportlaşdırma” siyasəti fonunda xüsusi əhəmiyyət daşıyır. Moldova Dnestryanını, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir. Bölgələrdə Rusiya vətəndaşlarının sayının artması isə Moskvaya sonradan “öz vətəndaşlarını qorumaq” arqumentindən istifadə etmək üçün əlavə siyasi vasitə verir.
Maraqlıdır ki, Moskva bir tərəfdən Rusiya vətəndaşlığına qəbulun qiymətini 600 dollara qaldırır, digər tərəfdən məhz üç separatçı bölgənin sakinləri üçün onu yenidən 65 dollara endirir. Görünür, Rusiya pasportunun qiyməti təkcə konsulluq tarifindən deyil, onu harada almaq istədiyinizdən də asılıdır.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ