Onlayn ictimai-siyasi qəzet
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani sosial şəbəkə hesabında paylaşdığı xəritə ilə Tiflisə diqqətçəkən mesaj göndərib. Xəritənin Gürcüstanın ərazi bütövlüyü baxımından həssas detalları əks etdirməsi isə paylaşımın siyasi məzmunu ilə bağlı suallar yaradıb.
Musavat.com yazır ki, İran diplomatının paylaşdığı xəritədə Gürcüstanın qərb hissəsi göstərilib. Xəritədə Abxaziya da əks olunub, ölkənin şərq hissəsi isə təsvirə daxil edilməyib.
Paylaşımın vaxtı da diqqət çəkir. Bu addım Tiflisinin ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində İran aviaşirkətlərinə münasibətdə müəyyən qərarlar qəbul etməsindən sonra baş verib. Gürcüstanın ABŞ sanksiyalarına əməl edəcəyinə dair açıqlamaları Tehran tərəfindən narazılıqla qarşılanıb.
İran səfirinin paylaşdığı xəritə də bu səbəbdən Gürcüstan mediasında və siyasi dairələrdə diplomatik mesaj kimi müzakirə olunmağa başlayıb. Səfir Mocani xəritənin siyasi mesaj olub-olmaması ilə bağlı sualı da cavablandırıb. İranlı elçi diplomatların bəzən heç bir yazı əlavə etmədən sadəcə şəkil paylaşa biləcəyini bildirib. O, eyni zamanda Qafqaz və İranın ümumi və əlaqəli gələcəyə ehtiyac duyduğunu vurğulayıb.

“Su sərhəd tanımır” ifadəsi də İran diplomatının açıqlamasında yer alıb. Bu fikir İranın Cənubi Qafqaz siyasətində region ölkələri ilə əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin əhəmiyyətinə dair Tehranın yanaşması ilə əlaqələndirilir.
Ancaq xəritənin özündəki təsvir ayrıca diqqət çəkir. Gürcüstanın ərazi bütövlüyü məsələsi Tiflis üçün olduqca həssas mövzudur. Çünki Abxaziya Gürcüstan tərəfindən işğal olunmuş ərazi kimi təqdim edilir və Tiflis onun müstəqilliyini tanımır. İran isə Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan dövlətlər sırasındadır. Bu baxımdan İran səfirinin xəritə paylaşması diplomatik protokol baxımından da suallar yaradır.
Bununla belə, xəritənin məqsədli şəkildə Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almaq üçün yayıldığını təsdiqləyən rəsmi açıqlama yoxdur. Ona görə də paylaşımın siyasi niyyətini qəti nəticə kimi təqdim etmək mümkün deyil.
Beləliklə, İran səfirinin bir xəritə paylaşımı Cənubi Qafqazda Tehran-Tiflis münasibətlərinin nə qədər həssas mərhələyə gəlib çıxdığını göstərən diplomatik jest kimi gündəmə gəlib.

ReAl Partiyasının sədri Natiq Cəfərlinin Musavat.com-a bildirdiyinə görə, bu gərginliyin əsas səbəbi Gürcüstanın Qərblə münasibətlərini normallaşdırmaq cəhdidir. Onun fikrincə, Tiflis xüsusən ABŞ vasitəsi ilə həm Vaşinqton, həm Brüssellə əlaqələri yaxşlaşdırmağa çalışır.“Bilirsiniz ki, Avropa Birliyi Gürcüstanı bir növ gözdən salmışdı. Yəni haqlı və ya haqsız, Gürcüstanı hər şeydə ittiham edirdilər. Eyni zamanda, ABŞ ilə də münasibətlər çox soyumuşdu, əsasən də keçmiş prezident Cozef Baydenin dönəmində. Hətta iş o yerə çatmışdı ki, Avropa Birliyi ölkələrinin səfirləri Gürcüstanda müxalifətin mitinqlərində belə iştirak edirdilər. İndi isə Trampın oğlu bu yaxınlarda Gürcüstana səfər edəcək. Gürcüstanda “Tramp Tower” tikilir. Bunun üçün Tiflisdə yer də ayrılıb. Paralel olaraq isə Vaşinqtondan bütün ölkələrə İranla münasibətlərin kəsilməsi ilə bağlı çox sərt xəbərdarlıqlar var. Nə qədər qəribə səslənsə də, Gürcüstan Trampın oğlunun səfəri ərəfəsində İranla gərginliyin yaranmasında maraqlıdır”, - deyə partiya sədri vurğulayıb.
Natiq Cəfərlinin fikrincə, bu, Gürcüstanın ABŞ ilə münasibətlərinin düzəldilməsinə xidmət edir və Tehranla gərginlik müvəqqəti xarakter daşıyır:
“Ümumiyyətlə, İranla Gürcüstan arasında sərhəd olmadığına görə, daha çox Ermənistan üzərindən əlaqələr mövcuddur. Əsasən də İrandan Gürcüstana turistlər gedir. Amma deyim ki, ticarət dövriyyələri o qədər böyük deyil. Ona görə aviaşirkətlərin uçması Gürcüstana xeyir idi. Çünki İrandan turistlər gəlib pul xərcləyirdi. Sadəcə, müvəqqəti olaraq belə gərginliyin yaranması Gürcüstana Tramp administrasiyasının gözündə xal qazandırır”.
Emil Salamoğlu,
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ