Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşündə İranla diplomatik razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşıb. O, həmçinin, Tehrana təzyiqləri artırmağa çağırıb. Bu barədə Axios İsrail rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, tərəflər üç ssenarini müzakirə ediblər: İranla diplomatik razılaşma, artan iqtisadi təzyiqlə dəniz blokadasını saxlamaq və hərbi əməliyyatların bərpası.
İrana qarşı bu üç variantdan hansı seçilə bilər?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, hazırkı geosiyasi vəziyyət nəzərə alındıqda, ABŞ və İsrailin qarşısında müzakirə olunan üç ssenarinin hər birinin öz üstünlükləri və riskləri var, lakin onların reallaşma ehtimalı eyni deyil: “İlk ssenari - İranla diplomatik razılaşma Vaşinqton üçün ən az riskli variant hesab olunur. ABŞ hərbi əməliyyatların yenidən başlamasının Yaxın Şərqdə genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyini anlayır. Əgər Tehran nüvə proqramı, uranın zənginləşdirilməsi və beynəlxalq nəzarət mexanizmləri ilə bağlı müəyyən güzəştlərə getsə, Donald Tramp administrasiyası bunu xarici siyasətdə mühüm uğur kimi təqdim etməyə çalışa bilər. Lakin İsrail rəhbərliyi İranın əvvəlki razılaşmalardan tam nəticə çıxarmadığına inandığı üçün bu ssenariyə ehtiyatla yanaşır”.

Ekspert hesab edir ki, ikinci variant hazırda ən real variant kimi görünür: “Bu yanaşma ABŞ-yə hərbi əməliyyatlara başlamadan İranın neft ixracını, maliyyə imkanlarını və regional təsirini məhdudlaşdırmağa imkan verir. İsrail də bu modeli dəstəkləyir, hesab edir ki, uzunmüddətli iqtisadi təzyiq İranın hərbi və nüvə proqramlarının maliyyələşdirilməsini çətinləşdirə bilər. Hərbi əməliyyatların bərpası variantı isə ən riskli seçimdir. Bu halda İranın İsrailə, ABŞ bazalarına və regiondakı müttəfiqlərə cavab zərbələri endirməsi, həmçinin Hörmüz boğazında təhlükəsizlik böhranının daha da dərinləşməsi ehtimalı yüksəkdir. Belə bir inkişaf enerji bazarlarında ciddi qiymət artımına və regional münaqişənin daha geniş miqyas almasına səbəb ola bilər. Məhz buna görə də hərbi variant, adətən, diplomatik və iqtisadi təzyiq nəticə vermədiyi halda "son vasitə" kimi saxlanılır. Ona görə də ən yüksək ehtimalla yaxın dövrdə ikinci variant-iqtisadi təzyiqlərin gücləndirilməsi və İranın daha sərt şəkildə təcrid edilməsi siyasəti davam etdiriləcək”.
Etibar Seyidağa,
Musavat.com
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ