İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hökumətlə SEPAH arasında qovğa

İranın siyasi elitasında ABŞ-la mümkün anlaşma məsələsi ətrafında fikir ayrılıqları getdikcə dərinləşir. Tehranın Vaşinqtonla münasibətlərdə hansı yolu seçəcəyi ilə bağlı müzakirələr fonunda prezident Məsud Pezeşkian və SEPAH arasında ziddiyyətlərin daha açıq xarakter aldığı görünür. Pezeşkian komandası Qərblə dialoq imkanlarını qorumağa və mümkün razılaşma üçün siyasi manevr sahəsini genişləndirməyə çalışdığı halda, SEPAH-ın daha sərt mövqedən çıxış etməsi Tehran daxilində xarici siyasət kursu ilə bağlı fikir ayrılıqlarını dərinləşdirir.

İranda real güc balansı prezidentin, yoxsa SEPAH kimi hərbi-siyasi strukturların xeyrinə dəyişir?

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Musavat.com-a SEPAH-ın ənənəvi ordunun və digər təhlükəsizlik strukturlarının üzərində təsir imkanlarını artırdığını qeyd edib.

“Xüsusilə təhlükəsizlik strukturlarında aparılan dəyişikliklər və yüksək vəzifələrə SEPAH-a yaxın şəxslərin gətirilməsi bu qurumun İranın təhlükəsizlik və hərbi idarəçiliyində rolunu daha da artırıb. O baxımdan, SEPAH artıq yalnız ayrıca hərbi struktur kimi deyil, İranın siyasi qərarvermə prosesinə ciddi təsir göstərən əsas güc mərkəzlərindən biri kimi çıxış edir”, - MCP sədr müavini bildirib.

Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan II Qaregini devirəcək” | Hafta.az

Onun sözlərinə görə, ali rəhbər Müctəba Xameneinin siyasi aktivliyinin olmaması SEPAH üçün əlavə manevr imkanları yaradıb: “Pezeşkianın da sistem daxilində müəyyən fikir ayrılıqlarının mövcudluğunu vurğulaması hakimiyyət daxilində vahid mövqenin olmadığını göstərir. Bütün bunlar ABŞ-la münasibətlər və mümkün danışıqlar baxımından da mühüm əhəmiyyət daşıyır.
Çünki SEPAH-ın mövqeyinin güclənməsi İranın ABŞ-la hər hansı razılaşmaya getməsini çətinləşdirə bilər. SEPAH daha sərt mövqe nümayiş etdirərək Vaşinqtonla danışıqların uzadılmasında və İranın güzəştlərdən yayınmasında maraqlıdır. Bu baxımdan, prezident və siyasi-diplomatik qanadla SEPAH arasında yanaşma böhran dərinləşir. Belə getsə, Pezeşkian istefa verə bilər”.

Onun fikrincə, İranın ABŞ-la danışıqlarda əsas məsələ yalnız Vaşinqtonla Tehran arasındakı fikir ayrılıqları deyil, həm də hansı siyasi və hərbi qanadın üstünlük qazanacağıdır: “SEPAH-ın mövqeyi gücləndikcə, İranın ABŞ qarşısında daha sərt mövqe tutması və hər hansı yekun razılaşmanı mümkün qədər gecikdirməsi ehtimalı artır. Bu isə İranın yaxın perspektivdə “tabe olmamaq” və maksimum müqavimət göstərmək siyasətini davam etdirə biləcəyini göstərir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR