Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya gəlib. Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul edib.
İranın müdafiə nazirinin məhz indiki vaxtda Azərbaycana səfər etməsini və Prezidentlə görüşməsini necə şərh etmək olar?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, İran məsələsində Azərbaycanın mövqeyi aydındır - Azərbaycan ərazisindən heç kim İrana qarşı istifadə edə bilməz:
“Hadisələrin qızğın, gərginliyin hər keçən gün artdığı bir vaxtda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana gəlməsi və Prezident İlham Əliyevlə görüşməsi əslinə qalsa, heç nəyi dəyişməyəcək. O mənada ki, Azərbaycanın mövqeyi məlumdur, aydındır - Azərbaycan İrana qarşı hər hansı planda yer almır. Azərbaycan bu mövqedə qalır. Dövlət başçımız da Azərbaycanın mövqeyini bir daha nazirin diqqətinə çatdırıb.
Azərbaycanın mövqeyi dəfələrlə sınaqdan çıxmış mövqedir. İran Azərbaycanın dəyişməz mövqeyindən arxayın ola bilər”.
İrana yardım məsələsinə gəldikdə, ekspertin sözlərinə görə, İran indi elə vəziyyətdədir ki, ona nəinki Azərbaycan, heç ən yaxın münasibətdə olduğu dövlətlər - Rusiya və Çin də ciddi kömək göstərə bilməz:
“Göstərilən kömək də İranı yəqin ki, ABŞ-nin hava zərbələrindən qorumaq gücündə olmayacaq. Çünki bölgəyə çoxsaylı F-35 qırıcı təyyarələri gətirilib və bu təyyarələrin Rusiyanın istehsal etdiyi hava hücumundan müdafiə sistemləri ilə müəyyən olunması qeyri-mümkündür. Bu səbəbdən İrana hansısa kömək göstərilməsi imkanı təbiidir ki, yoxdur.
Düşünürəm ki, indiki şəraitdə İrana özündən başqa heç kim kömək edə bilməz. Reallıqları nəzərə alıb təklif olunan ədalətli və bölgə dövlətlərinin də dəstəklədiyi təklifləri qəbul etmək lazımdır. Əks halda hava zərbələri qaçılmaz olacaq”.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ