Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İranla bağlı ən kritik qərarın vaxtını faktiki olaraq noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonraya bağlayıb. Ağ Ev sahibi BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşmanın seçkilərdən sonra əldə oluna biləcəyini deyib. Eyni zamanda Tehranla bağlı hərbi təzyiq variantının da masada qaldığını bildirib.
Son günlər isə Vaşinqton və Tehran arasında mümkün mərhələli razılaşma üzrə diplomatik təmasların intensivləşdiyi barədə məlumatlar yayılıb. “Reuters”in yazdığına görə, tərəflər arasında mümkün anlaşmanın ilk mərhələsində Hörmüz boğazının açılması və ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi blokadanın yumşaldılması müzakirə olunur. Noyabrın 3-ü təkcə ABŞ-ın daxili siyasi həyatı üçün deyil, Yaxın Şərqdəki müharibənin taleyi baxımından da mühüm tarixə çevrilir. Trampın müharibənin seçkilərdən dərhal sonra başa çata biləcəyinə dair əvvəlki açıqlamaları fonunda mövcud durum daha da qəlizləşib.
Vaşinqton seçkilərə qədər hərbi təzyiqi davam etdirəcək, yoxsa İranla razılaşma üçün yeni diplomatik xətt formalaşdıracaq?
Bu prosesin nəticəsi isə yalnız ABŞ və İran münasibətlərinə deyil, Hörmüz boğazına, qlobal enerji bazarına və regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər. Neft qiymətlərinin Trampın açıqlamalarına həssas reaksiya verməsi də məsələnin iqtisadi ölçüsünü daha da önə çıxarır. Noyabrın 3-dən sonra Tramp İranla bağlı hansı addımı atacaq və Vaşinqton-Tehran xəttində müharibə, yoxsa danışıqlar mərhələsi başlayacaq?
Politoloq Rəhman Bayramov Musavat.com-a dedi ki, Tramp həmişəki taktikasına sadiq qalaraq İranla uzunmüddətli müharibəyə girmək istəməyəcək: “Böyük ehtimalla qısa və konkret hədəflərə zərbələr endirməklə Tehranı razılaşmaya məcbur etməyə çalışacaq. Noyabrın 3-dək sərt ritorikanın və hərbi təzyiqin davam etməsi də daha çox seçki hesablamaları ilə bağlı görünür. Seçkilərdən sonra isə Hörmüz boğazının açılması və İrana qarşı iqtisadi məhdudiyyətlərin müəyyən qədər yumşaldılması əsasında danışıqlar başlaya bilər. Təbii ki, İran geri addım atmasa, vəziyyət nəzarətdən çıxaraq daha geniş qarşıdurmaya çevrilmə ehtimalları çox böyükdür. Amma indiki mənzərəyə əsasən, Trampın məqsədinin böyük müharibə deyil, məhdud hərbi təzyiqlə İranı danışıqlar masasına gətirmək olduğunu düşünürəm”.
Cavanşir Abbaslı
Musavat.com
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ