Onlayn ictimai-siyasi qəzet
İrəvan separatçıların təzyiqi ilə üz-üzə...
Qondarma “Artsax” rejiminin “dövlət naziri” olmuş Njde İskəndəryan Ermənistanın 2026-cı il parlament seçkilərindən sonra separatçı qurumun gələcək fəaliyyəti ilə bağlı İrəvandan konkret siyasi mövqe tələb etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” yazıb. İskəndəryanın sözlərinə görə, seçkilərdən sonra Ermənistanda yeni siyasi reallıq formalaşıb və bu reallıq “Artsax” məsələsinə və onun qondarma hakimiyyət orqanlarının fəaliyyətinə münasibətdə də öz əksini tapmalıdır.
O bildirib ki, “Artsax hakimiyyətləri” artıq Ermənistan parlamentində təmsil olunan və parlamentdən kənarda qalan siyasi qüvvələrlə siyasi məsləhətləşmələrə başlayıb. Məqsəd Ermənistan siyasi dairələrinin separatçı qurumun gələcək fəaliyyəti, onun “dövlət institutlarının” saxlanılması və “Artsax xalqının hüquqlarının müdafiəsi” məsələlərində hansı mövqedə olduğunu müəyyənləşdirməkdir.
Əslində bu açıqlama Ermənistan daxilində olduqca mühüm siyasi dilemmanı üzə çıxarır. Separatçı rejimin nümayəndələri artıq İrəvandan ümumi bəyanatlar deyil, konkret siyasi öhdəlik tələb edirlər. Onlar açıq şəkildə soruşurlar: Ermənistan siyasi qüvvələri “Artsax hakimiyyətlərinin” fəaliyyətinin davam etdirilməsini istəyirmi, yoxsa bu strukturların fəaliyyətinə son qoyulmasını dəstəkləyirmi?
İskəndəryan xüsusilə vurğulayıb ki, “Artsax hakimiyyətlərinin” fəaliyyətinin dayandırılması məsələsi artıq fərziyyələr, ayrı-ayrı açıqlamalar və siyasi susqunluq səviyyəsində qala bilməz. Onun fikrincə, əgər hər hansı siyasi qüvvə bu fəaliyyətin dayandırılmasını istəyirsə, bunu açıq şəkildə bəyan etməli və bunun siyasi məsuliyyətini daşımalıdır. Əks halda, “Artsax” institutlarının fəaliyyətinin davam etdirilməsini və bu məsələnin Ermənistanın siyasi gündəmində saxlanılmasını vacib hesab edən qüvvələr konkret olaraq hansı addımlara hazır olduqlarını açıqlamalıdır.
Burada əsas sual Ermənistanın hazırkı hakimiyyətinin mövqeyidir. Baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın Azərbaycan ərazisinə dair ərazi iddialarından imtina etdiyini və “Artsax” məsələsinin Ermənistan-Azərbaycan münasibətlərinin gündəliyindən çıxarılmasının vacibliyini bildirib. Lakin İskandaryanın son açıqlaması göstərir ki, separatçı rejimin daxilində bu mövzunun bağlandığını qəbul etməyən və İrəvandan yeni siyasi təminatlar almağa çalışan dairələr hələ də fəaldır.
Ermənistan hakimiyyəti qarşısında yeni və kifayət qədər həssas siyasi seçim yaranır: Azərbaycanla sülh prosesinin məntiqinə uyğun olaraq separatçı institutlardan məsafə saxlamaq, yaxud Ermənistan daxilində “Artsax”ın siyasi strukturlarının fəaliyyətinin davam etdirilməsinə şərait yaratmaq.
İskəndəryanın açıqlaması həm də onu göstərir ki, 2020-ci il müharibəsindən və 2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra belə, “Artsax” məsələsi Ermənistanın siyasi mühitində tamamilə sıradan çıxmayıb. Sadəcə, separatçı qurumun keçmiş nümayəndələri artıq hərbi və ərazi iddialarından çox, “siyasi institutlarının” saxlanılması və Ermənistanın siyasi dəstəyinin qorunması məsələsini önə çəkirlər.
İndi əsas məsələ İrəvanın bu çağırışa necə cavab verəcəyidir. Əgər Paşinyan hökuməti həqiqətən Azərbaycanla sülh gündəliyinin geri dönməz olduğunu düşünürsə, separatçı “Artsax hakimiyyətlərinin” Ermənistan siyasi sistemində özünə yeni dayaq yaratmaq cəhdinə münasibətini də açıq şəkildə ortaya qoymalıdır.
Musavat.com
13 Sentyabr 2026
12 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ