İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda zəlzələ kimi həbslər!Paşinyan müxalifətin ölüsünü-dirisini... – BÖYÜK ƏMƏLİYYAT

Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinə və onlarla əlaqəli biznes strukturlarına qarşı genişmiqyaslı hüquq-mühafizə əməliyyatı keçirilib. Ölkənin ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu, iş adamı Sedrak Köçəryan saxlanılıb.

Musavat.com xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu Robert Köçəryanla yanaşı daha 9 nəfər barəsində ictimai cinayət təqibinin başlanması barədə qərar qəbul edib. Siyahıda Sedrak Köçəryan, üçüncü prezident Serj Sərkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın keçmiş meri Qaqik Beqlaryan, iş adamı Samvel Mayrapetyan, keçmiş dövlət məmuru Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı yer alır.

Maraqlıdır ki, prokurorluğun siyahısında 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Marqaryanın da adı göstərilib. Ermənistan mediası bu məqamı xüsusi vurğulayır.

Ermənistan Baş Prokurorluğunun rəsmi açıqlamasına⁠ görə, Robert Köçəryan üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət almaqda, dörd epizod üzrə isə xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham edilir.

İstintaqın versiyasına əsasən, Köçəryan 1998–2008-ci illərdə prezident olduğu dövrdə yaxın şəxslərlə əvvəlcədən razılaşaraq dövlətə məxsus qiymətli torpaq sahələrinin və obyektlərin bazar qiymətindən dəfələrlə aşağı qiymətə özünə bağlı şirkətlərə verilməsini təmin edib. Sonradan həmin əmlakın həqiqi sahibini və mənşəyini gizlətmək üçün formal müqavilələrdən, şirkət paylarının bağışlanmasından və üçüncü şəxslərin adlarından istifadə olunub.

Cinayət işində aşağıdakı iri obyekt və şirkətlərin adı keçir:

* “Play City” əyləncə mərkəzi və “Fast Card” şirkəti;

* İrəvandakı “Kaskad” kompleksinin yaxınlığında yerləşən 2 hektarlıq torpaq sahəsi;

* Paronyan küçəsi, 8 ünvanındakı bina;

* “Kaputak Sevan” istirahət kompleksi;

* “Orange Fitness” idman klubu;

* “Piazza Grande” biznes mərkəzi;

* “Toyota Yerevan” şirkəti;

* Çiçernakaberd şosesindəki 29 min kvadratmetrlik torpaq sahəsi və tennis məktəbinin ərazisi.

Prokurorluq iddia edir ki, “Piazza Grande” şirkətinə verilmiş dövlət əmlakının müqabilində Robert Köçəryana ümumi dəyəri 2 milyard 633 milyon dramdan çox olan 56 daşınmaz əmlak ötürülüb.

“Toyota Yerevan” işi üzrə isə şirkətin 30 faizlik payının Sedrak Köçəryanın adına rəsmiləşdirilməsinin Robert Köçəryana verilmiş xüsusilə külli miqdarda rüşvət olduğu iddia edilir. İstintaqın versiyasına görə, bunun qarşılığında Müdafiə Nazirliyinin istifadəsində olan torpaqların bazar qiymətindən xeyli ucuz satılması təmin edilib. Bu epizodda keçmiş müdafiə naziri Serj Sərkisyanın da adı keçir. Sərkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Sedrak Köçəryana xüsusilə külli miqdarda pulların yuyulması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma cinayətlərinə yardım etmək ittihamları irəli sürülüb.

“Azatutyun”un məlumatına⁠ görə, istintaq Sedrak Köçəryanın adına 2001–2019-cu illərdə həyata keçirilmiş təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl həcmində pul köçürmələrini də araşdırır. Ermənistanda və xarici ölkələrdə yerləşən 30-dan çox daşınmaz əmlakın alınma mənbələri yoxlanılır. Əmlakların mümkün satışının qarşısını almaq üçün onların üzərinə həbs qoyulması prosesi başlanıb.

Əməliyyat zamanı ümumilikdə altı nəfər saxlanılıb. Robert və Sedrak Köçəryanla yanaşı, cinayət sxemlərində iştirak etdiyi iddia olunan, onlarla əlaqəli şirkətlərin dörd rəhbəri də saxlanılanlar arasındadır. Son məlumata əsasən, Robert və Sedrak Köçəryan barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Robert Köçəryanın saxlanıldıqdan sonra səhhəti pisləşib. Onun qan təzyiqinin yüksəldiyi, təcili tibbi yardım çağırıldığı və keçmiş prezidentin müayinə üçün “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə aparıldığı bildirilir. Oğlu Levon Köçəryan atasının iki həftə əvvəl ürək əməliyyatı keçirdiyini açıqlayıb. Bu barədə “Bagramyan 26” Telegram kanalı⁠ da məlumat yayıb.

Serj Sərkisyan isə Antikorrupsiya Komitəsinə çağırılıb və ona ittiham elan olunub. Sərkisyan binaya daxil olarkən hansı səbəbdən çağırıldığını bilmədiyini deyib. Son məlumatlara görə, o, istintaq hərəkətlərindən sonra komitənin binasını tərk edib və saxlanılmayıb.

Səhər saatlarından Köçəryan ailəsinin evlərində, “Orange Fitness”, “Play City”, “Toyota Yerevan”, müğənni Siruşoya məxsus “Pregomesh” və digər şirkətlərin ofislərində axtarışlar aparılıb. Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın evində də istintaq hərəkətləri keçirilib. Lakin deputat toxunulmazlığı olduğuna görə o saxlanılmayıb.

Hadisələrdən bir gün əvvəl parlamentdə Levon Köçəryanla Nikol Paşinyan arasında son dərəcə sərt mübahisə baş vermişdi. Paşinyan Köçəryan ailəsinin necə milyonçu olduğunu soruşmuş, onların əmlakının “bir-bir Ermənistana qaytarılacağını” bildirmişdi.

Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku baş verənləri siyasi sifariş və müxalifətə qarşı repressiya adlandırıb. Hakimiyyət nümayəndələri isə siyasi təqib iddialarını rədd edərək, söhbətin qanunsuz yolla əldə edildiyi iddia olunan dövlət əmlakının geri qaytarılmasından getdiyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR