İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Rusiya həmləsinə Moskvadan "ağır" cavab – “Azərbaycan və Türkiyə ilə yollar bağlı olanda biz vardıq”

Moskva İrəvanın Rusiya konsessiyasını Ermənistanın yeni logistika layihələrinə maneə kimi göstərməsinə sərt cavab verib.

Musavat.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib ki, məhz rusiyalı dəmiryolçuların peşəkarlığı və təcrübəsi Ermənistanın dəmir yolu sahəsində rəqabət üstünlüklərini qoruyub saxlamasına imkan verib.

Onun sözlərinə görə, bu imkanlar hazırda regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar aparmağa şərait yaradır.

Qaluzin Ermənistan tərəfinin Rusiyanın dəmir yolları üzrə konsessiyasının ölkənin yeni logistika təşəbbüslərinə qoşulmasına mane olduğu barədə arqumentlərini də rədd edib.

“İrəvanın Rusiya konsessiyasının Ermənistanın logistika təşəbbüslərinin iştirakçısına çevrilməsinə mane olması barədə arqumentləri qətiyyən həqiqətə uyğun deyil. Bununla bağlı bütün izahatlar müxtəlif səviyyələrdə verilib. Ermənistan tərəfi isə əks arqumentlər gətirməkdə çətinlik çəkir”, – deyə rusiyalı diplomat bildirib.

Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildən konsessiya müqaviləsi əsasında “Rusiya Dəmir Yolları” şirkətinin törəmə strukturu olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən idarə olunur.

Moskvanın indiki mövqeyində Ermənistanın uzun illər Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bağlı olduğu dövr də xüsusi yer tutur. Hələ 2008-ci ildə konsessiya müqaviləsi bağlanarkən Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalacağı ssenari ayrıca nəzərə alınmışdı. Bu şəraitdə belə Rusiya tərəfi Ermənistanın dəmir yolu sisteminə yüz milyonlarla dollar sərmayə yatırmağı öhdəsinə götürmüşdü.

Müqavilədə sərhədlərin bağlı qalması halında 572 milyon dollar, Türkiyə istiqamətinin açılması halında 610 milyon dollar, Azərbaycan istiqamətinin açılması halında isə 1,8 milyard dollara qədər investisiya ssenarisi nəzərdə tutulurdu.

Rusiya tərəfinin son məlumatlarına görə, 2008–2025-ci illərdə Ermənistanın dəmir yolu sisteminə faktiki olaraq 146 milyard dram – təxminən 396 milyon dollar investisiya yatırılıb. Moskva bildirir ki, bu müddətdə əldə edilən gəlirlər dividend şəklində Rusiyaya çıxarılmayıb, yenidən Ermənistan dəmir yollarının saxlanılması və inkişafına yönəldilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR