Onlayn ictimai-siyasi qəzet
Ötən həftəsonu Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmi olaraq "Məkkə Sazişi" adlandırılan yeni üçtərəfli müdafiə sazişi imzaladı. Bu, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan yüksək səviyyəli görüş çərçivəsində baş tutdu. Sazişə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imza atıb.

“Məkkə Sazişi”ndə əsas müddəa kollektiv müdafiə barədə bəndidir. NATO-nun 5-ci maddəsinə bənzər bu prinsipə əsasən, müttəfiq ölkələrdən birinə qarşı hər hansı silahlı təcavüz və ya hücum bütün üzv dövlətlərə qarşı edilmiş sayılacaq. Tərəflər belə hallarla qarşılaşdıqda dərhal birgə müdafiə tədbirləri həyata keçirəcəklər. Beləliklə, üç ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi vahid çətir altında qorunacaq. Sənəddə xüsusi olaraq qeyd olunub ki, yaradılan bu tərəfdaşlıq təcavüzkar hərbi blok xarakteri daşımır və hər hansı konkret üçüncü dövlətə qarşı çevrilməyib. Əsas hədəf tərəflərin müdafiə qabiliyyətini artırmaq və regionda sabitliyi bərqərar etməkdir.
Saziş kollektiv "təcavüzə qarşı çəkindirməni" gücləndirməyi və üç ölkə arasında müdafiə əməkdaşlığının bütün aspektlərini genişləndirməyi hədəfləyir. Rəsmilər “Məkkə Sazişi”nin heç bir konkret aktora qarşı yönəlmədiyini və bölgədəki digər ölkələrin iştirakına açıq olduğunu bildiriblər. Bununla belə, yeni ittifaq ən çox İranda qıcıq yaradıb, hətta Tehranı xoflandırıb. Görəsən niyə? Ümumiyyətlə, “Müsəlman NATO-su”nun Azərbaycan üçün nə kimi əhəmiyyəti var? Nəzərə alaq ki, sazişə imza atan dövlətlərdən ikisi müttəfiqimizdir, Səudiyyə Ərəbistanı ilə də yüksək səviyyəli əlaqələrimiz var. Daha bir sual: məlumdur ki, hüsilər hələ də Səudiyyə Ərəbistanına raket zərbələrini davam etdirir. Bu anlaşmadan sonra Ankara və İslamabad da hüsilərə qarşı güc tətbiq edəcəkmi?
Hərbi ekspert Ramil Məmmədli "Məkkə sazişi"nin Azərbaycan üçün yalnız müsbət tərəfi olduğunu düşünür. Onun sözlərinə görə, bu razılaşma Şuşa bəyannaməsinin analoqudur: "Çünki həmin anlaşmada tərəflərdən birinə hücum digərinə də hücum kimi qəbul olunacaq. Necə ki Azərbaycan və Türkiyə bu deklorasiyanı ratifikasiya ediblər. Şübhəsiz ki, üç ölkənin razılaşması son hadisələrlə bağlı zərurətdən doğur. İranın körfəz ölkələrinə zərbələri, ABŞ-nin təhlükəsizlik çətiri olmadığının sübuta yetirilməsi belə bir ittifaqı gündəmə gətirib. Üstəlik, söhbət üç qüdrətli müsəlman dövlətindən gedir. Nəzərə alaq ki, Pakistan nüvə silahına malik ölkədir, Türkiyə NATO-da ordu gücünə görə ikinci yerdədir, Səudiyyə Ərəbistanı isə ABŞ ilə müttəfiqdir. Azərbaycan üçün burada müsbət vizion var. Çünki hər üç dövlətlə əlaqələrimiz inkişafdadır".
Hərbi şərhçi İranın məsələyə reaksiyası gözlənilən idi: "Ancaq sazişin Tehrana qarşı olduğunu düşünmürəm. Düzdür, İran Səudiyyə Ərəbistanına zərbələr endirib, amma bu müharibədə Pakistan əsas vasitəçidir, İslamabad memorandumu imzalanıb. Türkiyəyə gəldikdə, İranla hər hansı problem yaşamır. Amma İran bu ölkələrin birliyini də arzulamır, onları özünə rəqib görür".
Ramil Məmmədli bütün hallarda müttəfiqlərin daha da yaxınlaşmasını Azərbaycan üçün faydalı görür.
Emil Salamoğlu
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ