Onlayn ictimai-siyasi qəzet
İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) yəhudi təqvimi ilə qeyd olunan payız bayramları ərəfəsində ölkə vətəndaşlarının xaricə səfərləri ilə bağlı yenilənmiş xəbərdarlıq yayıb.
Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, MTŞ-nin xəbərdarlığında İran, “Hizbullah” və HƏMAS-la davam edən qarşıdurma fonunda xaricdə israillilər və yəhudilər üçün mövcud riskləri dəyərləndirib.
Sənəddə xüsusilə İranla həmsərhəd və ya ona coğrafi baxımdan yaxın ölkələrə diqqət çəkilib. Bu çərçivədə Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İranın terror infrastrukturu baxımından həssas ölkələr kimi qeyd olunub.
Bununla yanaşı, İordaniya, Qətər, Somaliland və Misir, o cümlədən Sinay yarımadası 4-cü təhlükə səviyyəsinə aid edilib. İsrail vətəndaşlarına bu ölkələrə səfərlərdən tamamilə çəkinmək tövsiyə olunur.

MTŞ həmçinin israillilərə 4-cü səviyyəli təhlükə zonalarındakı ölkələrdə tranzit dayanacaqlardan mümkün qədər yayınmağı tövsiyə edib. Belə ölkələrdə məcburi hava limanı transferi zamanı isə terminalı tərk etmək qadağandır. İsrail vətəndaşlarının qanunla getməsinin qadağan olunduğu ölkələr də ayrıca sadalanıb. Bunlar İraq, o cümlədən Kürdüstan regionu, Yəmən, İran, Suriya və Livandır. Qadağanın ikinci vətəndaşlığı olan israillilərə də şamil edildiyi vurğulanıb. Bundan başqa, Səudiyyə Ərəbistanı, Banqladeş, Somali, Pakistan, Əfqanıstan, Liviya və Əlcəzair yüksək riskli və ya israillilərin girişinin məhdudlaşdırıldığı ölkələr sırasında göstərilib. MTŞ-nin qiymətləndirməsinə görə, İran və onun müttəfiq qüvvələri dünyada israillilər və yəhudilərə qarşı terror təhlükəsinin əsas mənbələri olaraq qalır. İsrail tərəfi bu təhlükənin İran rejiminə son illərdə vurulan ağır zərbələrdən sonra mümkün qisas cəhdləri ilə də əlaqəli olduğunu bildirir. Sənəddə “Hizbullah”ın da ciddi potensial təhlükə olaraq qaldığı qeyd edilir. Qruplaşmanın müharibə zamanı ağır itkilər verməsi və rəhbərliyinin bir sıra üzvlərinin öldürülməsi səbəbindən qisas xarakterli hücumların mümkünlüyü vurğulanır. HƏMAS-ın isə Avropa və digər regionlarda yəhudilərə və israillilərə qarşı nümayişkaranə hücumlar həyata keçirmək məqsədilə terror infrastrukturu yaratmağa çalışdığı bildirilir.
Eyni zamanda, İŞİD və “Əl-Qaidə” kimi qlobal cihadçı təşkilatların yəhudilərə qarşı hücumlara açıq çağırışlarını davam etdirdiyi qeyd olunur. Təhlükənin xüsusilə Afrika və Asiyada yüksək olduğu, lakin Avropa və ABŞ paytaxtlarında da təkbaşına fəaliyyət göstərən şəxslər tərəfindən hücumların həyata keçirilməsi ehtimalının mövcud olduğu bildirilir. Yəmən husiləri də təhlükə mənbələri sırasında göstərilib.
İsrail Milli Təhlükəsizlik Şurası hesab edir ki, hazırkı təhlükə geniş coğrafiyaya yayıldığı və gözlənilməz olduğu üçün xüsusilə ciddi xarakter daşıyır. Risklərin artmasına ideoloji radikallaşma və internetdə anti-İsrail ritorikasının güclənməsi də təsir edir.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ