Onlayn ictimai-siyasi qəzet
İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması Ermənistanda və regionda siyasi müzakirələrə səbəb olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Moskovski komsomolets" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı rəsmən tanıması Ermənistan üçün mühüm diplomatik uğur sayıla bilərdi.
Lakin qəzet hesab edir ki, baş nazir Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti fonunda bu qərar onu "çətin vəziyyətə salıb". Məqalədə bildirilir ki, İsrail Nazirlər Kabineti xarici işlər naziri Gideon Saarın təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edib. Bununla da İsrail qondarma "erməni soyqırımı"nı tanıyan 33-cü ölkə olub. Qəzet yazır ki, Təl-Əviv uzun illər Türkiyə ilə münasibətləri korlamamaq üçün bu addımdan çəkinirdi. Lakin 7 oktyabr 2023-cü il hadisələrindən və Ankara ilə münasibətlərin kəskin pisləşməsindən sonra mövqeyini dəyişib.
"Moskovski komsomolets" iddia edir ki, Paşinyan son illərdə qondarma "erməni soyqırımı"nın beynəlxalq tanınması məsələsinin artıq Ermənistanın xarici siyasətinin prioriteti olmadığını bildirib və bu mövzunun Türkiyə ilə normallaşma prosesinə mane olmamasına çalışır. Məqalə müəllifinin fikrincə, İsrailin son qərarı Paşinyanın bu siyasətini çətin vəziyyətə salır və Ermənistan hakimiyyəti üçün əlavə siyasi suallar yaradır.
Musavat.com
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ