Onlayn ictimai-siyasi qəzet
İsrail Suriyanın Əbu əz-Zuhur hərbi aviabazasına endirilən zərbələrin arxasında dayandığını rəsmən təsdiqləyib. Təl-Əviv hücumun səbəbini Türkiyə qüvvələrinin həmin bazada yerləşdirilməsi planı ilə əlaqələndirib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, İsrail və Suriya təhlükəsizlik məsələlərində mövcud vəziyyətin qorunması barədə razılığa gəlmişdi, lakin Dəməşq Türkiyə qüvvələrinin Hələb yaxınlığındakı aviabazada yerləşməsinə icazə verməklə bu vəziyyəti dəyişməyə hazırlaşırdı.
İsrail tərəfinin açıqlamasında deyilir:
“İsrail Suriyaya dəfələrlə xəbərdarlıq edib ki, belə bir yerləşdirmə İsrailin təhlükəsizliyi üçün təhdid yaradacaq. Suriya bu xəbərdarlıqlara məhəl qoymamağı seçdi”.
Baş nazirin ofisi əlavə edib ki, İsrail öz təhlükəsizliyinə yönələn təhdidlərə dözməyəcək və əvvəlki vəziyyətə qayıdışı alqışlayır.
Beləliklə, İsrail ilk dəfə Əbu əz-Zuhur bazasına zərbələri rəsmən üzərinə götürərək hücumun Türkiyənin Suriyada mümkün hərbi yerləşməsi ilə bağlı olduğunu açıqlayıb. Bununla belə, Türkiyə rəsmisi Ankaranın sözügedən bazada hərbi mövcudluq yaratmağa hazırlaşması barədə İsrail tərəfinin açıqlamasını təkzib edib.

Suriya dövlət televiziyasının məlumatına görə, Əbu əz-Zuhur aviabazasına səkkiz hava zərbəsi endirilib. Uçuş-enmə zolağı və anbar infrastrukturu hədəfə alınıb. Hücum nəticəsində maddi ziyan dəysə də, insan itkisi qeydə alınmayıb. Baza Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin hücumunu sərt şəkildə pisləyib. Ankara zərbələrin Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu bildirib və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı daha qəti mövqe tutmağa çağırıb.
Hadisə Türkiyə ilə İsrail arasında Suriya üzərindən yaranmış təhlükəsizlik gərginliyini daha da artırıb. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak zərbələri lazımsız eskalasiya adlandırıb. Vaşinqton Türkiyə, İsrail və Suriya arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işləyir.
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ