Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova növbəti hərbi rütbə - Ordu generalı rütbəsi verib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya Qvardiyasının (Rosqvardiya) direktoru Viktor Zolotov Qroznıda keçirilən mərasimdə Çeçenistan rəhbərinə yeni paqonları təqdim edib.
Rosqvardiya rəhbəri Kadırovun xüsusi təyinatlı bölmələrin və milli qvardiya qoşunlarının inkişafındakı xidmətlərini xüsusi qeyd edib.
Cavab olaraq Kadırov Viktor Zolotova "Çeçenistan Respublikasının Qəhrəmanı" adı verib.
Respublika rəhbərinin bildirdiyinə görə, bu mükafat Çeçenistan və onun sakinləri qarşısındakı şəxsi xidmətlərinə, həmçinin Rusiyanın mənafelərinin qorunmasına verdiyi töhfəyə görə təqdim olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabrında general-polkovnik rütbəsi alan Kadırova 2019-cu ildə "Rusiya Qəhrəmanı" adı da verilib.
Kadırova rütbəni təqdim edən Viktor Zolotov kimdir?
Viktor Vasilyeviç Zolotov 27 yanvar 1954-cü ildə Ryazan vilayətinin Sasovo şəhərində fəhlə ailəsində anadan olub. O, Rusiya hərbi və dövlət xadimi, 5 aprel 2016-cı ildən Rusiya Milli Qvardiyasının (Rosqvardiya) direktoru - Milli Qvardiya Qoşunlarının baş komandanıdır.
2015-ci ildən ordu generalı, 2024-cü ildən "Rusiya Qəhrəmanı" adını daşıyır.
Zolotov müddətli hərbi xidmətini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK / KQB) Sərhəd Qoşunlarında keçib. Daha sonra DTK-nın 9-cu İdarəsində (Xüsusi Mühafizə Xidməti) və Rusiya Prezidenti Boris Yeltsinin Mühafizə Xidmətində çalışıb. 1991-ci ilin avqust hadisələri zamanı Boris Yeltsini tank üzərindəki çıxışı zamanı qoruyan mühafizəçilərdən biri olub. 1991-ci ilin sonunda Sankt-Peterburq meriyasının rəhbəri Anatoli Sobçakın şəxsi mühafizəçisi təyin edilib. Məhz burada o zaman merin müavini işləyən Vladimir Putinlə tanış olub, onunla yaxınlaşıb, boks və cüdo üzrə sparrinq tərəfdaşına çevrilib.
1999-cu ildə Putin Baş nazir təyin olunduqdan sonra Zolotov onun şəxsi mühafizə xidmətinə qayıdıb. 2000–2013-cü illərdə Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi - FSO (Federal Mühafizə Xidməti) direktorunun müavini vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Daxili İşlər nazirinin birinci müavini - Daxili Qoşunların baş komandanı olub.
2016-cı ildə isə yeni yaradılan "Rosqvardiya"nın rəhbəri təyin edilib və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olub. Xüsusi xidmət orqanları mütəxəssislərinin fikrincə, Zolotov Putinin ən yaxın əhatəsinə daxil olan şəxslərdəndir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Viktor Zolotov ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Yaponiya və bir çox digər ölkələrin fərdi sanksiya siyahılarına salınıb. 2022-ci ildə ABŞ və Yaponiya onun övladlarına da sanksiya tətbiq edib. "Human Rights Watch" təşkilatının məlumatına görə, o, Mariupolun mühasirəsi və döyüşlər zamanı hərbi cinayətlərdə məsuliyyət daşıyan əsas şəxslərdən biri kimi göstərilir.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ