Onlayn ictimai-siyasi qəzet
Ermənistan Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin və cinayət işi üzrə təqsirləndirilən altı arxiyepiskop avqustun 7-də keçiriləcək ilk məhkəmə iclasında iştirak edəcəklər. Musavat.com erməni KİV-lərinə istinadla xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslər arasında II Qareginlə yanaşı, arxiyepiskop Natan Ovanesyan, arxiyepiskoplar Ayqazun Najaryan və Vaan Ovanesyan, yepiskoplar Makar Akopyan, Müşeq Babayan və Ovnан Akopyan yer alır. Katolikosun vəkillərindən Ara Zoqrabyanın sözlərinə görə, ilkin məhkəmə baxışı avqustun 7-də saat 16:00-da Armavir vilayətinin Ümumi Yurisdiksiya Birinci İnstansiya Məhkəməsinin Vağarşapat şəhərində yerləşən binasında keçiriləcək. İşə hakim Akop Manukyan baxacaq.
Cinayət işinin əsasını Masiasotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanın kilsə daxilində statusu ilə bağlı yaranmış mübahisə təşkil edir.
Kilsənin qərarına əsasən, Saroyan əvvəlcə yeparxiyanın rəhbərliyindən uzaqlaşdırılıb, daha sonra isə ruhani rütbəsindən məhrum edilib. İstintaq isə bu addımları məhkəmənin təminat tədbirinin icrasına mane olmaq kimi qiymətləndirir. Məhz bu yanaşma II Qaregin və digər yüksək rütbəli din xadimləri barəsində cinayət təqibinin əsasını təşkil edib. Müdafiə tərəfi isə ittihamlarla razılaşmır. Vəkillərin mövqeyinə görə, dövlət orqanlarının kilsənin daxili kanonik məsələlərinə müdaxilə etmək, o cümlədən Katolikosa dini şəxslərin statusu ilə bağlı göstəriş vermək səlahiyyəti yoxdur.
Vəkil hesab edir ki, bu proses təkcə II Qaregin və digər din xadimlərinə qarşı irəli sürülən ittihamlarla bağlı deyil. Onun fikrincə, məhkəmə həm də mühüm hüquqi-siyasi suala cavab verməlidir: dünyəvi hakimiyyət Ermənistan Apostol Kilsəsinin daxili fəaliyyətinə və katolikosun kanonik səlahiyyətlərinin icrasına müdaxilə edə bilərmi?
Prosesin əsas nəticəsi yalnız II Qareginin hüquqi taleyi ilə məhdudlaşmaya bilər. Məhkəmənin qərarı Ermənistan hakimiyyəti ilə EAK arasında uzun müddətdir davam edən qarşıdurmanın gələcək xarakterinə də təsir göstərə bilər. Əgər məhkəmə ittihamları təsdiqləsə, bu, Ermənistan tarixində dövlətin kilsənin yüksək rəhbərliyinə qarşı cinayət-hüquqi mexanizmlərdən istifadə etdiyi ən ciddi presedentlərdən biri olacaq. O da bildirilir ki, I Qaregin və digər din xadimlərinin bəraət alması müdafiə tərəfinin arqumentlərini gücləndirə və cinayət işinin kilsənin daxili məsələlərinə müdaxilə kimi qiymətləndirilməsinə səbəb ola bilər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ