İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kəssə hər kim tökülən qan izini...” - Türkiyənin mühüm missiyası

Ümid edək ki, rəsmi Ankaranın təşəbbüsü regiona uzunmüddətli sabitlik gətirəcək

Türkiyə, Misir və Qətər hakimiyyəti yaxın günlərdə Ankarada ABŞ-nin xüsusi elçisi Stiven Vitkoff və İran nümayəndələri arasında görüş təşkil etmək üzərində işləyir.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Axios”un yaydığı məlumatda deyilir.

Danışıqlarda iştirak edən ölkələrdən biri hazırlıq prosesinin irəlilədiyini təsdiqləyib. “İşlər irəliləyir. Əlimizdən gələni edirik”, - deyə mənbə qeyd edib.
Görüşün bir həftə ərzində baş tutması gözlənilir. Nəşrin məlumatına görə, Türkiyə, Misir və Qətər ABŞ və İran arasında məsləhətləşmələrin gərginliyi azalda və regionda mümkün müharibənin qarşısını ala biləcəyinə ümid edirlər.

ABŞ rəsmisi “Axios”a yaxın gələcəkdə ABŞ və İran nümayəndələri arasında Türkiyədə görüşün mümkünlüyünü təsdiqləyib. Başqa bir ABŞ rəsmisi vurğulayıb ki, Tramp administrasiyası “müxtəlif kanallar vasitəsilə İrana razılaşma bağlamaq üçün görüş keçirməyə hazır olduğunu bildirib”.

Yada salaq ki, qardaş ölkə Rusiya-Ukrayna müharibəsində ən aktiv və real vasitəçi rolunu oynayan ölkələrdən biri kimi çıxış edib. Bu vasitəçilik həm diplomatik, həm humanitar, həm də təhlükəsizlik məsələlərini əhatə edir. Müharibənin ilk aylarında Rusiya və Ukrayna nümayəndə heyətləri məhz Türkiyədə birbaşa danışıqlar aparıb. Razılaşma əldə olunmasa da, bu görüşlər tərəflərin eyni masa arxasına oturda bildiyi nadir platformalardan biri oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Zelenski ilə mütəmadi birbaşa əlaqə saxlayan azsaylı liderlərdəndir. O səbəbdən İranla ABŞ arasında yeni müharibə riski olduğu bir vaxtda Ankaranın mühüm missiyası alqışlanır. Dahi Hüseyn Cavidin “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misrası indi dünyada daha aktualdır...

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a söylədi ki, rəsmi Ankara bölgədə sülhün bərqərar olunması yolunda uzun zamandır mücadilə edir:

Co Bayden Azərbaycanla iqtisadi əməkdaşlıq arzusundadır” - Fikrət Yusifov

“Qardaş Türkiyənin bu yolda əldə etdiyi uğurları dünya birliyi də xüsusi olaraq dəyərləndirir. Rusiya ilə Ukrayna arasında sülhün yaranması üçün ilk çağırışı edən də və münaqişə tərəflərini müharibənin birinci aylarında masa arxasına oturdan da Türkiyəmiz oldu. Rusiyanın Ukraynaya qarşı açdığı işğalçı müharibədə bu missiyanı yerinə yetirmək o qədər də asan məsələ deyil. Lakin Türkiyə bu yolda ciddi addımlar ataraq müharibə ilə dünya ərzaq bazarında yaranan təhdidlərin aradan qaldırılmasına nail oldu. Qardaş ölkəmizin bu yoldakı mücadiləsi indi də davam etməkdədir. Bu gün İranla Birləşmiş Ştatlar arasında yaranmış və bütün bölgəni narahat edən bir münaqişənin dayandırılması və onun genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısının alınması istiqamətində Ankaranın səyləri ortadadır. Tərəflərin münaqişəni sülh yolu ilə həll etmək üçün bir-birindən nə qədər əks qütblərdə dayanmasına baxmayaraq, Türkiyə bu münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Və artıq bu məqsədlə danışıqların başlanmasına nail olub”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Türkiyənin vasitəçilik missiyası təsadüfi deyil:

Mütəllim Rəhimli: “Məni üzvülükdən çıxara bilməzlər”

“Qardaş ölkə son illərdə beynəlxalq münaqişələrdə ən effektiv vasitəçilərdən biri kimi özünü təsdiqləyib. Rusiya-Ukrayna müharibəsinin ilk aylarında rəsmi Ankara Rusiya və Ukrayna nümayəndələrini bir masa arxasında oturtmağı bacarmışdı. Görüşlər nəticəsində taxıl koridorunun yaradılması haqqında razılıq əldə olunmuşdu. Bu görüşlər müharibənin ən qızğın dövründə dialoqun mümkünlüyünü göstərmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan həm Putinlə, həm də Zelenski ilə mütəmadi əlaqə saxlayan nadir liderlərdəndir. Bu, Ankaranın həm Şərq, həm də Qərblə eyni zamanda danışmaq bacarığını nümayiş etdirir. İndi isə ABŞ-İran qarşıdurmasında Türkiyə yenidən körpü rolunu oynayır. Misir və Qətərin də iştirakı bu səyləri daha güclü və legitim edir. Çünki Misir ərəb dünyasının ən nüfuzlu ölkələrindən biridir. Qətər isə İranla yaxşı əlaqələrə malikdir. Bu üç ölkənin birgə çalışması regionun öz qüvvələri ilə gərginliyi azaltmaq istəyini əks etdirir. Məqsəd mümkün müharibənin qarşısını almaq, regionda sabitliyi bərpa etməkdir. Bu prosesin əhəmiyyəti qlobal miqyasda da böyükdür. Tramp administrasiyasının hərbi təzyiq siyasətindən diplomatik həllə keçid etmək istəyi nikbinlik doğurur. İran tərəfi də danışıqlara açıq olduğunu bəyan edir. Əgər görüş baş tutsa və konkret nəticələr əldə olunsa, bu, Yaxın Şərqdə yeni sülh dalğasının başlanğıcı ola bilər.

Qan tökülməsinin qarşısını almaq, milyonların həyatını xilas etmək diplomatik cəhdlər vasitəsilə mümkündür. Türkiyənin bu missiyası alqışlanmalı və dəstəklənməlidir. Region xalqları müharibə deyil, sülh və əməkdaşlıq istəyir. Ankaranın səyləri bu istəyin reallaşmasına xidmət edir. Ümid edək ki, yaxın günlərdə rəsmi Ankaranın təşəbbüsü regiona uzunmüddətli sabitlik gətirəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR