İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan qondarma "artsax" lideri olanda M. A. Biranda nə demişdi - 1996-cı ilin heyrətamiz VİDEO XRONİKASI  

Ermənistan hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində oğlu Sedrak Köçəryan və yaxın çevrəsinə daxil olan şəxslərlə birlikdə saxlanılan Robert Köçəryanın 30 il əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Türkiyənin məşhur jurnalisti, “32. Gün” proqramının müəllifi Mehmet Ali Birand 1996-cı ildə Azərbaycan–Ermənistan münaqişəsi ilə bağlı geniş reportaj hazırlayıb. Bakıda, İrəvanda və Xankəndidə çəkilən həmin reportajda dövrün əsas siyasi fiqurlarının mövqelərinə yer verilib.

Mehmet Ali Birand Xankəndidə olarkən Qarabağdakı separatçı qurumun rəhbəri, özünü qondarma “artsax prezidenti” elan etmiş Robert Köçəryandan da müsahibə alıb.

Arxasında Ermənistanın və Rusiyanın hərbi-siyasi dəstəyini hiss edən Köçəryan müsahibə zamanı son dərəcə sərt, radikal və kompromissiz danışır. Azərbaycan ərazilərinin işğal altında olduğu həmin dövrdə o, Qarabağın bir daha heç zaman Azərbaycanın tərkibində olmayacağını qətiyyətlə bildirir.

Köçəryanın danışıq tərzi də həmin illərdə işğalçı tərəfin özünü necə arxayın hiss etdiyini göstərir. Azərbaycan torpaqları işğal edilmiş, yüz minlərlə insan doğma yurdlarından qovulmuş, separatçılar isə yaranmış vəziyyətin əbədi qalacağını düşünürdülər.

Mehmet Ali Birandın reportajında Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın da açıqlaması yer alır. Ter-Petrosyan Köçəryanla müqayisədə nisbətən konstruktiv danışsa da, Azərbaycanın işğal edilmiş rayonlarının qaytarıla biləcəyini, ancaq Qarabağla Laçının heç vaxt Azərbaycana verilməyəcəyini iddia edir.

O, Laçını Qarabağdakı separatçı qurumun “müstəqilliyinin və təhlükəsizliyinin təminatı” adlandırırdı.

Tarixin ironiyasına baxın: düz 30 il sonra, özü və oğlu istintaq altına alınan Köçəryanın həmin sözləri məhz 26 avqust – Laçın Şəhəri Günündə yenidən gündəmə gəlir.

1996-cı ildə Ermənistan rəhbərlərinin “heç vaxt qaytarılmayacaq” dedikləri Laçın bu gün Azərbaycanın nəzarətindədir. Şəhərdə Azərbaycan bayrağı dalğalanır, geniş quruculuq işləri aparılır və keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Reportajda Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi fikirlər isə 30 ildən sonra belə zamana dayanıqlı görünür.

Heydər Əliyev böyük dövlət xadiminə xas təmkin və diplomatik ustalıqla Azərbaycanın Qarabağdan heç vaxt vaz keçməyəcəyini bildirir. O, erməni əhalisinə ən yüksək muxtariyyət statusunun verilə biləcəyini, ancaq Qarabağda ikinci erməni dövlətinin yaradılmasının mümkünsüz olduğunu vurğulayır.

Bir tərəfdə işğalın yaratdığı müvəqqəti üstünlüyə arxalanaraq “Qarabağ bir daha Azərbaycan olmayacaq” deyən Köçəryan, digər tərəfdə isə bütün təzyiqlərə baxmayaraq Azərbaycanın ərazi bütövlüyündən bir addım da geri çəkilməyən Heydər Əliyev dayanırdı.

Otuz il sonra tarixin kimin haqlı olduğunu göstərmək üçün əlavə izaha ehtiyacı yoxdur.

Bu gün qondarma “artsax” yoxdur. Xankəndidə separatçı rejimdən əsər-əlamət qalmayıb. Qarabağda Azərbaycan Konstitusiyası işləyir və üçrəngli bayrağımız dalğalanır.

Robert Köçəryan isə Ermənistanda vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb. Oğlu Sedrak Köçəryan barəsində iki aylıq həbs qərarı çıxarılıb. Azərbaycanda isə Robert Köçəryanın adı Qarabağın işğalı, etnik təmizləmə və Azərbaycan xalqına qarşı törədilmiş ağır müharibə cinayətləri ilə assosiasiya olunur.

1996-cı ildə mümkünsüz görünən nəticə artıq tarixi gerçəklikdir.

Azərbaycan bu nəticəyə təsadüfən çatmayıb. Ulu Öndər Heydər Əliyev ən ağır illərdə ölkəni ayaqda saxladı, bütün təzyiqlərə müqavimət göstərərək Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və Azərbaycana zaman qazandırdı.

Prezident İlham Əliyev isə həmin zamandan maksimum istifadə edərək dövləti, ordunu, iqtisadiyyatı və cəmiyyəti Vətən müharibəsinə hazırladı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Mehmet Ali Birandın 30 il əvvəl hazırladığı reportajın bu gün yenidən izlənməsi məhz buna görə son dərəcə mənalı və ibrətamizdir.

Bir vaxtlar “heç vaxt” deyənlər bu gün istintaq və həbs qarşısındadırlar. “Qarabağ Azərbaycandır” deyən Azərbaycan dövləti isə Qarabağın və Xankəndinin sahibidir.

Musavat.com Mehmet Ali Birandın tarixi reportajından həmin ibrətamiz parçanı təqdim edir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR