Onlayn ictimai-siyasi qəzet
Qəribə hadisələr baş verir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı bircə günlüyə Moskvaya gəlir. Ermənistanın baş naziri Rusiyanın daha ölkəsinin strateji tərəfdaşı olmadığını və bu azmış kimi, Ermənistan KTMT-dən çıxararlarsa buna yalnız sevinəcəyini deyir. Bunun ardınca da ikinci dəfə Ermənistanda Rusiyanın “beşinci kolon”unun axırına çıxmağa çalışır, keçmiş prezidentləri həbs edir.
Amma bütün bunlara rəğmən Moskvada Ermənistanın səfirliyi qarşısında hansısa hoqqa çıxarılmır, təsadüfən Ukraynada Ermənistan obyektləri vurulmur! Bəlkə də ona görə ki, Kreml İrəvanla münasibətləri tamam korlamağa hələ tələsmir, hələ də nəyəsə ümid edir, sanki Paşinyan hücum, Putin isə gözləmə vəziyyətindədir. Onlar bugünlərdə görüşməlidirlər, amma inanmıram ki, bu görüş münasibətlərdə həlledici dönüş yaratsın, olsa-olsa, eks-prezidentlərə qarşı təzyiq dondurulacaq, çünki Koçaryanın Putinin yaxın dostu olduğu deyilir, amma məncə baş faşist – Koçaryan Ermənistanı tərk etsə yaxşı olar, çünki o, hakimiyyətə dinclik vermədiyi kimi elə hakimiyyət də ona dinclik verməyəcək, ona görə ki, suyu bulandıran əsas odur...
Koçaryana ittiham irəli sürmək üçün çox baş sındırmaq lazım deyil, onun siyasi cinayətləri iqtisadi cinayətlərindən heç də az deyil. Amma çox təəssüf ki, onu azərbaycanlılara qarşı cinayətlərinə görə mühakimə etmirlər. Bu günlərdə serb canisi RadkoMladiç həbsxanada öldü deyəsən. Koçaryanın cinayətlərini yalnız belə adamların cinayətlərilə müqayisə etmək olar. Çox təəssüf ki, serblər Mladiçi az qlala qəhrəman kimi dəfn etmək istəyir. Lap Sarqsyan faşist Njdeyə abidə qoyan kimi...
Ermənistanın özünə gəldikdə, bu adamdan soruşmaq lazımdır ki, Levon Ter-Petrosyanı necə devirdin və niyə devirdin? Adamın ağlı bir az başına gəlmişdi, anlamışdı ki, belə heç nə alınmayacaq, Azərbaycanla, Türkiyəylə münasibətləri dəyişmək lazımdır. Amma nə oldu? Kremldən siqnal gəldi, Koçaryanlar onu devirdi və Ermənistanda Qarabağ separatistlərinin xuntası quruldu. Məncə onun ən böyük cinayəti bu idi, üstəgəl, dəfələrlə hakimiyyətini möhkəmləndirmək üçün müxalifətə və müxalif qüvvələrə qarşı təzyiq göstərdi...
İndi də cəhd edirlər, amma bacarmırlar, parlament seçkisində səhv etmirəmsə, beş-üç mandat aldılar. Paşinyan, üstəgəl, heç kimin bacarmadığı bir işi görüb – erməni kilsəsini küncə sıxışdırıbdır. Erməni baş naziri demək olar hər gün Bakı və Ankara ilə münasibətlərin yenidən qurrulmasının vacibliyindən danışır. O gün Azərbaycandan elektrik enerjisi almaq üçün imkanları araşdırdığını deyirdi hətta...
Bütün banlara baxmayaraq Putin hələ acığını Azərbaycandan çıxır. Burada sizə bir detal danışacam, İllər öncənin, 20-25 il bundan əvvəlin söhbətidir. Polşada bir məkəzi asiyalı ilə söhbət edirdik. Gördüm Azərbaycanla bağlı çox məlumatlıdır. Məndən hətta ayrı - ayrı müxalif adamlar, xüsusən də Rusiyaya bağlılar haqqında soruşurdu.
Qərəz, belə başa düşdüm ki, adam Rusiyaya meyllidir və Azərbaycana ona görə önəm verir ki, Bakının Moskvaya yönələcəyi təqdirdə Gürcüstanın və Ermənistanın qərbpərəst səylərinin qapanacağını düşünür, üstəlik, Azərbaycanın geosiyasi seçiminin hətta Mərkəzi Asiya ölkələrinə ciddi təsir edəcəyini zənn edirdi. Maraqlıdır, Kremldə də belə zənn edirlər. Ona görə də Azərbyacana qarşı təzyiq etməyi bir gün yaddan çıxarmırlar. Bilirlər ki, Cənubi Qafqazda siyasi fonu Azərbaycan yaradır, hətta Mərkəzi Asiyadakı proseslərə təsir edir. Türkiyəni də bu istiqamətlərdə fəallaşdıran daha çox Azərbaycandır. Ona görə də Moskvanın Bakıya qarşı “təsadüfləri” bircə an kəsilmir. Amma bir şey edə bilməyəcəklər. Ən azı ona görə ki, özlərini Ukraynada bataqlığa salıblar. Bu müharibədə onların qələbəsi görünmür, çünki qələbə olsaydı beş il ərzində olardı. Ruslar demək olar ki, bütün resurslarını ortaya qoyublar. Amma bir şey alınmayıbdır.
Görünür, bundan sonra da alınmayacaq. Çalışırlar digər post-sovet ölkələrini də təzyiq altında saxlasınlar. Moldova yaxın vaxtlarda MDB adlı oyuncağı tərk etməyi düşünür. Biz də Ermənistanla sülh məsələsini, Zəngəzur layihəsini həll edəndən sonra bunu edə bilərik. Əslində indi də bunu etmək mümkünsüz görünmür. Türkmənistan kimi bir ölkə KTMT-nin üzvü deyil, MDB-nin isə assosiativ üzvüdür. Nə olur, dünya dağılır?
İndi hətta Ermənistanın da KTMT-ni tərk edəcəyi təqdirdə müxtəlif senarilər cızılır. Amma heç nə olmayacaqdır. Təkrar deyirik ki, Özbəkistan, hətta Türkmənistan (vaxtında olubblar deyəsən) KTMT üzvü deyil. Onlara qarşı nəsə baş verirmi? Ermənistanda Rusiyanın münaqişə ocağı yox, məsələ kritik həddə çatsa məcbur olub Azərbaycandan, Gürcüstandan olduğu kimi Ermənistandan da bazalarını çıxaracaq. Üstəgəl, İrəvanın beynəlxalq dəstəyi Bakıdan və Tiflisdən də çoxdur, prinsipə qalsa, bu dəstək siyasi formada heç Ukraynanınkından da ciddi şəkildə az deyil. Əgər Kreml İrəvanı KTMT - dən, AİB-dən xaric etməyi düşünürsə, bu, onların son çarəsidir, deməli daha başqa rıçaqları yoxdur.
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ