İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üçün təhlükə zəngi: Tramp-Zelenski görüşünün gizli mesajları

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vaşinqtonda keçirilən son görüş təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həm də Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi nöqteyi-nəzərindən mühüm siyasi hadisə oldu. Son aylarda tərəflər arasında müşahidə olunan gərgin fonun ardından baş tutan bu təmasda əsas müzakirə mövzuları Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, “Patriot” raket sistemlərinin istehsalı, Rusiya ilə sülh danışıqlarının yenidən canlandırılması və ABŞ-ın Kiyevə dəstəyinin gələcək perspektivləri olub. Görüşdən sonra verilən mesajlar Vaşinqton-Kiyev xəttində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı gözləntiləri artırıb.

Tramp-Zelenski görüşü Ukraynaya hərbi və siyasi dəstəyin yeni mərhələsinin başlanğıcı hesab oluna bilərmi? Vaşinqtonun bu addımları Moskvanın reaksiyasına necə təsir edəcək? Bu görüş Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarını sürətləndirəcək, yoxsa yeni qarşıdurmaların əsasını qoyacaq?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Zelenskinin ABŞ-a səfəri və Trampla iki saata yaxın davam edən qapalı görüşü Rusiya-Ukrayna müharibəsinin gələcək gedişinə ciddi təsir göstərə biləcək bir hadisədir:

“NATO-nun Ankara zirvə görüşündən sonra ABŞ və Avropa müttəfiqlərinin Ukraynaya dəstək məsələsində daha koordinasiyalı mövqe nümayiş etdirdiyi görünür. Bundan əvvəl Vatikanda keçirilən Tramp-Zelenski görüşündə də tərəflər əvvəlki fikir ayrılıqlarını arxa plana keçirərək dialoqu intensivləşdirmək barədə razılığa gəlmişdilər.

Donald Tramp Rusiya ilə atəşkəsin əldə olunmasına və sülh danışıqlarının irəliləməsinə çalışsa da, Moskva bu təşəbbüslərə müsbət cavab vermədi. Bu səbəbdən Vaşinqtonun Ukraynaya hərbi dəstəyini daha da artıracağı, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri və digər müasir silahların tədarükünü genişləndirəcəyi gözlənilir.

Hesab edirəm ki, bu görüş ABŞ-Ukrayna münasibətlərində yeni mərhələnin başlanğıcı sayılmalıdır. Ukrayna döyüş meydanında mövqelərini qorumağa və gücləndirməyə çalışdığı bir vaxtda ABŞ da Kiyevə siyasi və hərbi dəstəyini davam etdirmək niyyətini nümayiş etdirir.

Digər tərəfdən, Rusiya da hərbi potensialını artırmağa, yeni səfərbərlik tədbirləri həyata keçirməyə və müharibəni öz şərtləri ilə davam etdirməyə çalışacaq. Bu isə yaxın perspektivdə diplomatik danışıqların nəticə verməsini çətinləşdirir.

Hazırkı şəraitdə diplomatik proses dalana dirənib, hərbi qarşıdurma isə davam edir. Tərəflər hələlik mövqelərini əsasən döyüş meydanında möhkəmləndirməyə çalışırlar və münaqişənin qısa müddətdə siyasi yolla həll olunacağı gözlənilmir.

ABŞ artıq Ukrayna ilə birgə Rusiyanın işğalına qarşı mübarizə aparacaq. Ağ Ev də bu görüşün Kiyevin mövqeyini kifayət qədər gücləndirəcəyini hesab edir. Rusiya isə bu görüşə qəzəblidir və Kiyevə ballistik raketlərlə cavab verəcək.”

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR