Onlayn ictimai-siyasi qəzet
“Nezavisimaya qazeta”“Ankara Qaqauziyanı Kişinyovla mübahisədə dəstəkləmədi” başlıqlı iməqaləsində Türkiyənin Qaqauziya siyasəti təhlil edilib. Musavat.com xəbər verir ki, Müstəqil İnsan Hüquqları və İnformasiya-Analitik Mərkəzinin rəhbəri İvan Burqudji Türkiyənin Komratla bağlı mövqeyini tarixi “qardaşlıq” çağırışları ilə bugünkü Ankara praqmatizmi arasındakı fərq kontekstində qiymətləndirir. Təhlilçiyə görə, Türkiyə Qaqauziyanın fiziki və mədəni mövcudluğunu dəstəkləsə də, muxtariyyətin siyasi və hüquqi səlahiyyətləri məsələsində Kişinyovla qarşıdurmaya getməyə hazır görünmür.
Belə ki, avqustun 19-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri ilə əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu Kişinyova səfər edərək prezident Maya Sandu, parlament sədri İqor Qrosu və baş nazir Vasili Tofanla görüşüb. Görüşlərdə Qaqauziyanın vəziyyəti də əsas mövzulardan biri olub. "Anadolu" Agentliyinin məlumatına görə, Zorlu Türkiyənin Qaqauziyanın iqtisadi-sosial inkişafına, mədəni irsinin qorunmasına və Moldova ilə əlaqələrinin möhkəmləndirilməsinə dəstəyini davam etdirəcəyini bildirib. Ankaranın mesajındakı əsas məqam diqqətdən qaçmır: Türkiyə Qaqauziyanın inkişafını və mədəni kimliyini dəstəkləyir, lakin muxtariyyətin siyasi-hüquqi səlahiyyətləri ilə Kişinyov arasında yaranan qarşıdurmada açıq şəkildə Komratın tərəfinə keçmir. “Nezavisimaya qazeta”nın dərc etdiyi məqalənin müəllifinə görə, bu, təsadüfi deyil.
Bir vaxtlar Türkiyənin Qaqauziyaya münasibəti daha romantik idi. Mərhum prezident Süleyman Dəmirəlin məşhur “Türkiyə varsa, Qaqauziya da olacaq” fikri postsovet məkanında türk dünyasının yeni siyasi ümidlərinin simvoluna çevrilmişdi. Lakin 1990-cı illərin Türkiyəsi ilə bugünkü Türkiyə eyni deyil. Müəllifinin fikrincə, bu gün Ankara özünü yalnız Qaqauzların tarixi və mədəni himayədarı kimi deyil, eyni zamanda Qara dəniz, Balkanlar, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə paralel maraqları olan regional güc kimi təqdim edir. Qəzet hesab edir ki, belə vəziyyətdə kiçik bir muxtariyyət uğrunda Moldova hakimiyyəti ilə açıq qarşıdurmaya getmək Ankaranın daha böyük maraqlarına zərər verə bilər. Üstəlik, o da xüsusi vurğulanır ki, Türkiyə Moldova ilə münasibətlərini inkişaf etdirir.
Bəllidir ki, Qaqauziyada narazılığın əsas səbəblərindən biri isə 9 iyul 2026-cı ildə Moldova Konstitusiya Məhkəməsinin muxtariyyətin səlahiyyətləri ilə bağlı qərarıdır. Məhkəmə Qaqauziya hakimiyyətinin bir sıra səlahiyyətlərini konstitusiyaya zidd hesab edib. Söhbət, o cümlədən, muxtariyyətin seçki orqanının tərkibinin təsdiqlənməsi, bəzi dövlət vəzifələrinə təyinat prosesində Qaqauziya rəhbərliyinin iştirakı və regional seçkilərin təşkili ilə bağlı səlahiyyətlərdən gedir. Kişinyov bunu Moldova dövlətinin unitar quruluşunun və vahid seçki sisteminin qorunması ilə izah edir. Konstitusiya Məhkəməsi də məhz bu arqumentə istinad edərək seçki sisteminin parlamentin səlahiyyətində olduğunu və muxtariyyətin həmin sahədə ayrıca paralel sistem formalaşdıra bilməyəcəyini bildirib. Qaqauziyada isə bu yanaşmanı muxtariyyətin real siyasi səlahiyyətlərinin zəiflədilməsi kimi qiymətləndirir.
Bəs Türkiyə niyə sərt reaksiya vermir? Ən maraqlı sual məhz budur. Əgər Ankara Qaqauzları türk dünyasının ayrılmaz hissəsi hesab edirsə, niyə Moldova Konstitusiya Məhkəməsinin qərarından sonra Kişinyova qarşı sərt siyasi mövqe nümayiş etdirmədi?
“Nezavisimaya qazeta”nın müəıllifinin təhlilinə görə, səbəb Türkiyənin dəyişən xarici siyasət fəlsəfəsindədir. Müəllifin fikrincə, Ankara bu gün Qaqauziya məsələsinə Moldova ilə münasibətləri poza biləcək ayrıca konflikt kimi yox, daha geniş regional strategiyanın bir hissəsi kimi baxır. Türkiyə eyni vaxtda Rusiya, Ukrayna, Avropa İttifaqı, ABŞ və Balkanlarla münasibətlərini balanslaşdırmağa çalışır. Bu şəraitdə Kişinyovla qarşıdurmaya girərək Komratın siyasi tələblərini açıq şəkildə müdafiə etmək Türkiyənin Moldova daxilində qazandığı təsir imkanlarını məhdudlaşdıra bilər. “Nezavisimaya qazeta”nın gəldiyi nəticə isə belədir: Ankara Qaqauziyanı itirmək istəmir, amma Qaqauziya uğrunda Moldova ilə də savaşmaq istəmir.
İvan Burqudjiyə görə, Kişinyova qarşı sərt çıxış etmək əvəzinə Türkiyə rəhbərliyinin Moldova hakimiyyəti ilə birbaşa dialoqa üstünlük verməsi də bunu göstərir. Zorlunun Sandu ilə görüşündə Qaqauziyanın vəziyyətinin müzakirə edilməsi qəzetin təhlilində Ankaranın problemi qarşıdurma yolu ilə deyil, danışıqlar vasitəsilə həll etməyə çalışması kimi qiymətləndirilir.
Qəzetin yekun qənaəti də budur: Qaqauziya üçün əsas reallıq ondan ibarətdir ki, Ankara Komratın yanında qala bilər, amma Kişinyovla qarşıdurmada onun yerinə döyüşməyəcək.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ