İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuşşenko Bakıda Rəsulzadəni necə HAQLI çıxardı?

Rusiyada Azərbaycana qarşı qarayaxma kampaniyası səngimir. Hətta bu günlərdə orada yenə bizim ölkənin adı öndə çəkilməklə, belə bir cəfəng iddia səsləndi ki, Rusiya SSRİ-nin hüquqi varisi olduğu üçün guya bütün postsovet ölkələri ona biyət, qanunlarına isə hörmət eləməlidir. Yəni ki, “mənəvi borc” məsələsi.

Tanınmış şarlatan və təxribatçı teleaparıcı Vladimir Solovyov daxil, bu qəbil şovinistlərə və batil düşüncədə olanlara, “Yaxın xaric” dövlətlərinə hədyan oxuyanlara əfsus ki, Rusiyada geniş meydan verilib. Əlbəttə ki, Kremlin “dobrosu” ilə...

Səbəb də, motiv də bəlli: Azərbaycan kimi dövlətlərin müstəqil xarici siyasət yürütməsi və Rusiyanı daha “böyük qardaş” saymaması, ondan bərabərhüquqlu, qarşılıqlı sayğıya əsaslanan ikitərəfli münasibətlər tələb eləməsi.

5 ildir suveren və qonşu Ukraynanın başına gətirilənlərin qayəsində də eyni məram dayanır – Kremlin köhnə imperiya ambisiyaları. Bu mənada “ukraynalılar həm də digər postsovet ölkələrinin, hətta Avropanın təhlükəsiz varlığı uğrunda inadlı mübarizə aparır və qurbanlar verir” deyənlər zərrəcə yanılmırlar. Demək ki, bu mübarizənin qələbə ilə bitməsi üçün hər kəs, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, əlindən gələni eləməlidir. Çünki obrazlı yazsaq, bu “ellə gələn bir bəla”...

“Putin Rusiyası mövcud olduğu müddətcə heç bir millət özünü təhlükəsiz hiss edə bilməz”.

Bunu az öncə Bakıda səfərdə olmuş Ukraynanın üçüncü prezidenti (2005-2010), vaxtilə Moskvanın sui-qəsdlə aradan götürmək istədiyi Viktor Yuşşenko Minval Politikaya müsahibəsində deyib.

Виктор Ющенко – Minval Politika: Азербайджан и Украина займут особое место в новой архитектуре Европы

“Rusiya haqlı olaraq xalqlar həbsxanası adlanır. Məgər 160 köklü xalqı həbs edən bir imperiya ilə yan-yanaşı yaşamaq rüsvayçılıq deyil? Həmin xalqları – başqırdları, tatarları, onlarla digərlərini düşünün. Onların çoxu müxtəlif dövrlərdə - 200, 300, 400 il əvvəl işğalçı müharibələrlə fəth edilib”, – Yuşşenko yaxın tarixi yada salaraq vurğulayıb.

Rusiyanı Avropadakı sonuncu imperiya adlandıran sabiq prezident ardınca bildirib: “Bütün imperiyalar eyni şəkildə bitir. Yəni dağılır. Əgər biz indiki müharibəni yalnızca Ukrayna torpaqlarını azad etməklə bitirsək, işin yalnız yarısını görmüş olarıq. Bu, ədalətsiz olardı, çünki o halda ən çətin vəzifələri sonrakı nəsillərə buraxardıq. Ona görə ki, Rusiya zamanla güclənəcək və bugünkündən daha aqressiv olacaq”.

Yuşşenko “xalqlar həbsxanası” olan Rusiyanın süqutunun uzaqda olmadığına inanır. “Düşünürəm ki, bunun şahidi olacağıq. Rusiya təhlükədir. Rusiya irqçidir, raşistdir. Raşizm 21-ci əsr faşizmidir. Və bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Belə bir siyasi sistemin, Putinizm adlanan rejimin mövcud olmaması üçün əlimizdən gələni etməliyik. Əks halda, heç kim üçün dinclik olmayacaq. Bu, kiçik bir vəzifə deyil, böyük vəzifədir”, – eks-prezident əlavə edib.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür

Beləcə, hörmətli qonaq hələ ötən əsrin əvvəlində böyük Məmmədəmin Rəsulzadənin söylədiyi “Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayanadək dünya xalqlarına rahatlıq yoxdur” məşhur ifadəsini faktiki təkrarlayıb. Dahi şəxsiyyəti haqlı çıxarıb.

Bəlli ki, Azərbaycan istiqlal hərəkatının banisi həmin sözlərlə Rusiyanın ətraf xalqları və qonşuları daima təhdid edən işğalçı siyasətindən əl çəkməyincə bölgədə və dünyada ədalət, sülh və təhlükəsizliyin olmayacağını vurğulayıb. Qısası, söhbət dünyanın ən böyük şər və fitnə-fəsad yuvasını neytrallaşdırmaqdan gedir. O günü yaxınlaşdırmaq isə hər bir azadlıqsevər insanın, AZAD insanın borcu...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR