Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Rusiyanın Ukraynaya qarşı müharibəsi, Azərbaycanın regionda rolu və Ukraynaya göstərdiyi dəstək barədə danışıb.
Musavat.com bildirir ki, səfir bu barədə avqustun 21-də keçirdiyi mətbuat konfransında açıqlama verib.
Dankan Norman Azərbaycanın regionda sabitliyin təşviqində mühüm rol oynadığını bildirib:
“Azərbaycan bu geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır və bu, Birləşmiş Krallıqda təhlükəsizliyin təməlinin qoyulması baxımından çox vacibdir. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı eyni fikri bölüşürük. Birləşmiş Krallıq lazım olduğu qədər Ukraynanın yanında olacaq.
Ümid edirəm ki, burada olduğum müddətdə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı, qanunsuz və barbar işğalına, həm Ukrayna, həm də Rusiya xalqlarının böyük əzablarına son qoyulacaq”.
Səfir Birləşmiş Krallığın Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi davam etdirdiyini qeyd edib:
“Bu sanksiyalar Rusiya iqtisadiyyatına təxminən 450 milyard funt sterlinq məbləğində zərər vurub. Bu rəqəm Putinin qanunsuz müharibəsi üçün ayrılmış iki illik büdcəyə bərabərdir. Ukraynaya olan öhdəliyimiz uzunmüddətlidir: 100 illik tərəfdaşlıq”.
Dankan Norman Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Britaniya hökumətinin mövqeyinin dəyişmədiyini vurğulayıb. O bildirib ki, bir neçə baş nazirin dəyişməsinə baxmayaraq, Londonun bu məsələdə mövqeyi eyni olaraq qalır və müharibənin dayandırılmasını tələb edir.
Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib:
“Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi-qəlbdən alqışlayıram. Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır. Bundan əlavə, prezident Zelenskinin Bakıya səfərini və burada yüksək səviyyədə qarşılanmasını da yüksək qiymətləndiririk. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə əməkdaşlıq üçün başqa imkanlar da olacaq”.
Xalidə Gəray
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ