Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan barəsində aparılan cinayət təqibinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, lakin Lavrovun açıqlaması adi diplomatik şərh deyildi. Bu, Rusiyanın Ermənistandakı köhnə dayaqlarını ən yüksək səviyyədə qorumağa başladığını göstərən siyasi müdaxilə idi.
Lavrov əvvəlcə Robert Köçəryanla yanaşı, Serj Sarkisyanın da istintaq altında olduğunu xüsusi vurğulayıb. Ardınca Rusiyanın mövqeyinin “erməni xalqının maraqlarından” qaynaqlandığını bildirib:
“Biz erməni xalqının maraqlarının əsrlər boyu rus xalqının maraqları ilə necə iç-içə olduğunu görürük. Uzun dövrlər ərzində bir yerdə olmuşuq, bir-birimizlə həmrəylik göstərmişik. Rusiya erməni xalqını və Ermənistan rəhbərliyini ağır vəziyyətlərdə dəfələrlə xilas edib”.
İlk baxışdan tarixi dostluqdan danışılır. Ancaq bu sözlərin Robert Köçəryanın həbsinə münasibət bildirilərkən səsləndirilməsi təsadüfi deyil. Lavrov faktiki olaraq bildirir ki, Rusiyanın illər boyu himayə etdiyi və özünə yaxın saydığı şəxslərə toxunmaq olmaz.
Moskvanın məntiqinə görə, Rusiyaya sədaqət göstərmiş siyasətçi cinayət məsuliyyətindən də sığortalanmalıdır. Hüquq, məhkəmə və istintaq ikinci plandadır. Əsas meyar həmin şəxsin Rusiyanın adamı olub-olmamasıdır.
Məsələnin Azərbaycan üçün xüsusi və son dərəcə həssas tərəfi də budur.
Robert Köçəryan və Serj Sarkisyan Azərbaycan üçün sadəcə Ermənistanın keçmiş prezidentləri, yaxud Nikol Paşinyanın siyasi rəqibləri deyillər. Onlar Azərbaycan torpaqlarının işğalı, azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması və yüz minlərlə insanın doğma yurdlarından qovulması prosesinin əsas siyasi və hərbi rəhbərləri sırasında dayanıblar.
Azərbaycan Hərbi Prokurorluğunun rəsmi məlumatında Robert Köçəryan və Serj Sarkisyanın 1988-ci ilin fevralından başlayaraq azərbaycanlılarla ermənilər arasında milli düşmənçilik və nifrət yaratmaq, azərbaycanlıları işdən və yaşayış yerlərindən qovmaq, onların evlərini yandırmaq çağırışları ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Hər iki şəxs barəsində axtarış elan olunub.
Bu, siyasi publisistika deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının istintaq sənədlərində əksini tapan hüquqi mövqedir.
Köçəryan Qarabağdakı separatçı rejimin rəhbərlərindən biri olub. Sarkisyan isə həm hərbi, həm də siyasi vəzifələrdə işğalçı siyasətin icrasında iştirak edib. Sonradan bu iki şəxs Ermənistanın dövlət rəhbərliyinə yüksəlib və uzun illər işğal üzərindən qurulmuş sistemi idarə ediblər. Ermənistan ordusu faktiki olaraq Köçəryan–Sarkisyan cütlüyünün siyasi iradəsi ilə Azərbaycan ərazilərində saxlanılıb.
Xocalıdan Ağdama, Kəlbəcərdən Füzuliyə qədər törədilən cinayətlərin kölgəsi bu siyasi sistemin üzərindədir. Bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması həmin rejimin hakimiyyətə gedən yolunun qanlı bədəlidir.
Rusiya isə indi həmin sistemi quranları qorumağa çalışır.
Moskva Köçəryan və Sarkisyanı müdafiə edərkən onların yalnız Ermənistanda nə etdiklərinə baxmır. Onların Rusiyaya nə qədər sədaqətli olduqlarına baxır. Azərbaycan xalqına qarşı törədilən cinayətlər, ərazi işğalı, etnik təmizləmə və şəhərlərimizin dağıdılması isə bu hesablamada, görünür, nəzərə alınmır.
Bu yanaşma istər-istəməz Azərbaycana da toxunur. Çünki müdafiə edilən şəxslər Azərbaycan ərazilərində işğal siyasətini həyata keçirmiş, erməni silahlı qüvvələrinin və separatçı birləşmələrin başında dayanmış şəxslərdir.
Əgər Rusiya xarici işlər naziri onları açıq şəkildə müdafiə edirsə, Bakı haqlı olaraq soruşa bilər: Moskva kimi qoruyur – Ermənistanın keçmiş prezidentlərini, yoxsa Azərbaycana qarşı cinayətlərdə ittiham olunan öz köhnə siyasi dayaqlarını?
Lavrovun açıqlamasında daha bir maraqlı məqam var. O, Köçəryan və Sarkisyan barəsində aparılan istintaqdan danışarkən dərhal Ermənistanın Avropa İttifaqına yönəlməsini gündəmə gətirir. Bildirir ki, Ermənistan həm Avropa İttifaqına üzv olmaq istəyib, həm də Avrasiya İqtisadi İttifaqının imkanlarından faydalana bilməz. Paşinyanı referendum keçirməyə və seçim etməyə çağırır.
İqtisadi inteqrasiya baxımından bu mübahisənin müəyyən məntiqi ola bilər. Avropa İttifaqının və Avrasiya İqtisadi İttifaqının qaydaları həqiqətən də bir çox məsələlərdə uyğun gəlmir. Ancaq Lavrovun iki ayrı mövzunu – Ermənistanın xarici siyasət seçimini və keçmiş rəhbərlərin cinayət məsuliyyətinə cəlb edilməsini – eyni cavabın içərisində birləşdirməsi Moskvanın əsl narahatlığını üzə çıxarır.
Kreml üçün məsələ təkcə Köçəryanın həbsi deyil. Məsələ Ermənistanın Rusiyanın siyasi orbitindən çıxması və Moskvanın bu ölkədə qurduğu idarəetmə mexanizmlərinin dağıdılmasıdır.
Robert Köçəryan və Serj Sarkisyan həmin mexanizmin siyasi simalarıdır. Erməni kilsəsinin siyasiləşmiş qanadı onun ideoloji dayaqlarından biridir. Rusiyada yaşayan erməni milyarderləri maliyyə imkanlarını təmin edən qüvvələr kimi nəzərdən keçirilir. Rusiyaya bağlı partiyalar, media qurumları və ictimai təşkilatlar isə bu sistemin Ermənistandakı təbliğat şəbəkəsini təşkil edir.
Paşinyanın apardığı əməliyyatlar və cinayət təqibləri bu şəbəkənin müxtəlif həlqələrini sıradan çıxarır. Moskvanın narahatlığı da məhz buradan qaynaqlanır.
Əlbəttə, Nikol Paşinyanın keçmiş siyasəti, müharibədən əvvəl səsləndirdiyi təxribatçı bəyanatlar və yol verdiyi ağır səhvlər unudulmayıb. “Qarabağ Ermənistandır və nöqtə” deyən də məhz Paşinyan idi. Lakin bugünkü siyasi prosesə dünənin şüarları ilə deyil, indiki nəticələrlə qiymət vermək lazımdır.
Paşinyan son illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, separatizm layihəsinin sona çatmasını qəbul edən və Ermənistanı revanşist müharibə xəttindən uzaqlaşdırmağa çalışan ilk erməni rəhbəridir. O, Ermənistanın gələcəyinin Azərbaycan və Türkiyə ilə daimi düşmənçilikdən deyil, sülhdən və regional əməkdaşlıqdan keçdiyini anlayır.
Bu baxımdan Paşinyanın Rusiyaya bağlı “müharibə partiyası”nı zəiflətməsi yalnız Ermənistanın daxili məsələsi deyil. Bu proses Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə birbaşa təsir göstərir.
Köçəryan–Sarkisyan sistemi güclü olduğu müddətdə Ermənistanın Azərbaycanla davamlı sülhə gəlməsi mümkün deyildi. Çünki həmin sistemin siyasi kapitalı məhz müharibə, işğal, separatizm və azərbaycanlılara qarşı düşmənçilik üzərində qurulmuşdu. Sülh bu qüvvələr üçün siyasi ölüm deməkdir. Ona görə də onlar sülh müqaviləsinə, sərhədlərin müəyyənləşdirilməsinə, kommunikasiyaların açılmasına və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına qarşı çıxırlar.
Paşinyan bu sistemi təsirsizləşdirməklə həm öz hakimiyyətini qoruyur, həm də Ermənistanı yeni müharibədən uzaqlaşdırır. Onun şəxsi siyasi maraqları ilə Azərbaycanın və regionun sülh maraqları bu mərhələdə obyektiv şəkildə üst-üstə düşür.
Rusiya isə bunun əksinə olaraq, Ermənistanda təsir imkanlarını qorumaq üçün köhnə müharibə elitasını müdafiə edir. Lavrovun “erməni xalqının maraqları” adlandırdığı anlayış əslində erməni xalqının deyil, Rusiyanın Ermənistandakı təsir mexanizmlərinin maraqlarıdır.
Erməni xalqının real marağı Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi təcridin sona çatması, regional layihələrə qoşulmaq və yeni müharibə təhlükəsindən qurtulmaqdır. Köçəryan və Sarkisyanın siyasəti isə Ermənistana inkişaf yox, işğal, blokada, demoqrafik böhran və hərbi məğlubiyyət gətirdi.
Moskva bu iki şəxsi müdafiə etməklə erməni xalqını deyil, uğursuzluğa düçar olmuş öz regional layihəsini qoruyur. |
Məsələ bununla bitmir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, Vladimir Putin sentyabrın 1-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Nikol Paşinyanla ayrıca görüşəcək. Görüşdə Ermənistanın Avropa İttifaqına yönəlməsi ilə yanaşı, Rusiyaya rəğbət bəsləyən erməni siyasətçilərin həbsi də müzakirə olunacaq.
Uşakov açıq şəkildə bildirib ki, Rusiyaya simpatiya göstərən siyasətçilərin həbsdə olması Moskvanı narahat edir.
Bu bəyanat Rusiyanın meyarını daha aydın göstərir: Moskva həmin şəxslərin nədə ittiham olunmasını deyil, Rusiyaya münasibətini əsas götürür. Rusiyaya bağlısansa, Kreml səni müdafiə edəcək. Hətta Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan bir şəxs olsan belə.
Görünür, Putin–Paşinyan görüşünün ən ağır mövzularından biri məhz Köçəryanın taleyi olacaq. Kreml Paşinyandan öz adamlarına toxunmamağı tələb edə bilər. Paşinyan isə seçim qarşısında qalacaq: Ermənistanın suveren hüquq sistemi ilə hərəkət etmək, yoxsa Rusiyanın siyasi himayəsinə tabe olmaq.
Bu, yalnız Ermənistanla Rusiya arasındakı mübahisə deyil. Çünki Köçəryan və Sarkisyanın dosyesində Azərbaycanın qanı, işğal olunmuş torpaqları və dağıdılmış şəhərləri var.
Rusiya həmin şəxsləri ən yüksək səviyyədə müdafiə etdikcə Bakıda yaranan sual daha da sərtləşəcək: Moskva Cənubi Qafqazda sülhü dəstəkləyir, yoxsa sülhün qarşısını almaq üçün öz köhnə “müharibə partiyası”nı yenidən ayağa qaldırmaq istəyir?
Köçəryan və Sarkisyan Ermənistan üçün keçmiş ola bilər. Azərbaycan üçün isə onlar bağlanmamış cinayət dosyesidir.
Heç bir geosiyasi sədaqət müharibə cinayətlərinə bəraət qazandıra bilməz. Heç bir “tarixi dostluq” işğalın, etnik təmizləmənin və Xocalının üzərini örtə bilməz.
Moskva öz adamlarını qoruya bilər. Amma Azərbaycan da öz yaddaşını, öz şəhidlərinin haqqını və ədalət tələbini qoruyacaq.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ