Onlayn ictimai-siyasi qəzet
Ermənistanın “Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, səhər tezdən Rusiya Xarici İşlər Nazirliyində gərgin bir gözləmə atmosferi hökm sürür. Musavat.com bildirir ki, erməni mediası Moskvanın hələlik seçkilərin nəticələrini qiymətləndirməyə tələsmədiyini və Ermənistan müxalifət liderlərinin açıqlamalarını diqqətlə izlədiyini yazıb.

Eyni mənbələrə görə, Rusiya müxalifətin seçki nəticələrini tanıyıb-tanımayacağını anlamağa çalışır. Xarici İşlər Nazirliyinin bəzi dairələrində aşağıdakı məntiqin üstünlük təşkil etdiyi bildirilir: əgər müxalifət özü nəticələri tanıyırsa, Rusiyanın onları tanımaması məntiqsiz kimi qəbul edilə bilər. Bu səbəbdən, Moskva müxalif siyasi qüvvələr mövqelərini aydınlaşdırana qədər həm təbrik mesajlarından, həm də rəsmi qiymətləndirmələrdən çəkinmək qərarına gəlib.
Yeri gəlmişkən, Rusiyadan fərqli olaraq, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə təbrik edib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib. Moskva isə hazırkı şəraitdə Ermənistana iqtisadi təzyiqləri artırır. Baytarlıq riskləri yaranarsa, Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri genişləndirəcək. Bu barədə "Rosrıbalovstva"nın rəhbəri İlya Şestakov jurnalistlərə bildirib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun fikrincə, bu seçkilər təkcə hakimiyyət uğrunda növbəti siyasi mübarizə deyil, ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Onun sözlərinə görə, seçkilərin nəticələri göstərdi ki, erməni cəmiyyətinin təxminən yarısı Paşinyanın təklif etdiyi Avropaya inteqrasiyaya, sülh və transformasiya gündəliyinə üstünlük verdi.

“Paşinyan seçicilərə Azərbaycanla yeni müharibə və qeyri-müəyyənlik perspektivi ilə iqtisadi inkişaf, regional kommunikasiyaların açılması və beynəlxalq inteqrasiya arasında seçim təqdim etməyə çalışdı. Seçkiqabağı təbliğatda Paşinyan komandasının istifadə etdiyi ən təsirli taktikalardan biri revanşist qüvvələri keçmişin simvolu kimi təqdim etməsi oldu. Samvel Karapetyan, Robert Köçəryan və ona yaxın siyasi dairələr seçicilərə alternativ kimi təqdim olunsalar da, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi onları korrupsiya, oliqarxik idarəçilik və ölkəni ağır geosiyasi asılılığa sürükləmiş köhnə sistemlə əlaqələndirir. Nəticədə seçki kampaniyası “Paşinyan və ya Karapetyan- Köçəryan” qarşıdurmasından daha çox “gələcək və ya keçmiş” seçimi formasında aparıldı”,_ deyə ekspert bildirib.
Emil Salamoğlu
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ