Onlayn ictimai-siyasi qəzet
Hizbullahın hərbi lideri Yasir Əlauddinə qarşı qiyabi olaraq terrorizm ittihamı irəli sürülüb.
Musavat.com xəbər verir ki, məlumatı “Əl-Cədid” telekanalı yayıb. Bildirilir ki, Hərbi Prokuror Klod Qanem bu hökmü Livanın şimalındakı Akkarda hakimiyyət orqanları tərəfindən saxlanılan yeraltı təxribat şəbəkəsinin üzvlərini dindirdikdən sonra verib.
Hazırda Livan məhkəmədən qaçan Əlauddinlə yanaşı, daha 11 nəfərə qarşı da cinayətkar fəaliyyət ittihamı irəli sürülüb. Onlar Suriyanın Latakiya və Tartus əyalətlərindən gənc kişiləri Hizbullah təlim bazalarında hərbi təlim keçmək üçün sərhəddən qaçaqmalçılıq yolu ilə keçiriblər. Məhkəmə mənbələrinə görə, silahlı qruplara Suriya ərazisində əməliyyatlar aparmaq məqsədilə silah, partlayıcı maddələr və dronlar verilib.
Prokuror Qanemin sözlərinə görə, aşkar edilmiş sui-qəsd "çox ciddi və genişmiqyaslı" idi və onun həyata keçirilməsi Suriyanın təhlükəsizliyini təhdid etməklə yanaşı, Livan daxilində də mənfi nəticələrə səbəb olacaqdı.
Xatırladaq ki, sentyabrın 2-də Livan təhlükəsizlik qüvvələri xüsusi əməliyyat zamanı təxribat şəbəkəsinin bir hissəsi olan keçmiş Suriya kəşfiyyat polkovniki də daxil olmaqla beş nəfəri saxlayıb. Sentyabrın 12-də keçmiş prezident Bəşər Əsədin ikinci əmisi oğlu Süleyman Hilal Əsəd Bekaa vadisində narkotik qaçaqmalçılığına qarşı keçirilən basqın zamanı ələ keçirilib.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ