Onlayn ictimai-siyasi qəzet
“Vaşinqtonun Venesuelada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-nin çoxqütblü dünya ilə barışmadığını göstərir”.
Musavat.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib:
“Vaşinqton “Monro doktrinası”ndan (ABŞ prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə, Şimali və Cənubi Amerika ABŞ-nin həyati maraqları çəvçivəsinə aid edilmişdi və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalı idi) çıxış edərək Venesuelanı ram etməyə qərar verib. Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu prezident Salvador Alyendeni devirmişdi. Alyende kimi, Nikolas Maduro da Amerikaya “meydan sulayırdı”, ikisinin də sonu oxşar oldu”.
Elxan Şahinoğlunun sözlərinə əsasən, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyata iki növ reaksiyalar verilib:
““Baş verənləri qınayırıq” – deyənlər ABŞ-nin hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” – deyənlər isə ABŞ-nin tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Venesuela və onun artıq keçmiş lideri Maduroya görə Donald Trampla qarşıdurmaya getməyəcək”.
Politoloq Ağ Ev sahibinin digər ölkə ilə bağlı mövqeyinə də diqqət çəkib:
“Tramp dünənki açıqlamasında İran rejimini bu sözlərlə hədələmişdi: “Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq”.
Venesueladakı hadisələr göstərir ki, Tramp dediyini etməyə çalışır. Ancaq ABŞ-nin İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə, mühafizəkarların lehinə işləyəcək, ikincilər diqqəti daxili məsələlərin həllindən yayındıraraq cəmiyyəti ümumi düşmənə qarşı birliyə çağıracaqlar”.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ