İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun gözünü arvadı Bricit qızardıb? Fransa prezidentinin görüntüsü söz-söhbətə səbəb oldu - FOTO/VİDEO

Fransa Prezidenti Emmanuel Makron-un Silahlı Qüvvələr qarşısında çıxışı gözlənilməz detal səbəbindən gündəmin əsas mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, rəsmi mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran prezidentin sağ gözünün qızarması və şişməsi dərhal diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Attachment

Makron vəziyyəti yumorla qarşılayaraq, gözünün halını məşhur “Rokki” filmində səslənən “Eye of the Tiger” mahnısına bənzədib və bunun sağlamlıq baxımından təhlükəli olmadığını bildirib. Prezidentin bu jesti rəsmi dairələr üçün mövzunu bağlamaq məqsədi daşısa da, ictimai rəy tamam fərqli istiqamətə yönəlib.

Məsələ ondadır ki, Fransa ictimaiyyəti və internet istifadəçiləri bu görüntünü təkcə tibbi hal kimi qəbul etməyiblər. Xüsusilə də 2025-ci ilin may ayında Makronların Vyetnama səfəri zamanı baş vermiş və kameralara düşmüş qalmaqallı epizod yenidən xatırladılıb. Həmin görüntülərdə Prezidentin həyat yoldaşı *Bricit Makron*un təyyarənin qapısında ərinə qarşı sərt jest etdiyi, onu şillələdiyi açıq-aşkar görünürdü.

O vaxt Yelisey Sarayı bu hadisəni “zarafat” və “ailədaxili yumor” kimi təqdim etmişdi. Lakin sosial şəbəkə istifadəçiləri bu izahı inandırıcı saymamış, görüntüləri Makron cütlüyü arasında gərgin münasibətlərin əlaməti kimi qiymətləndirmişdilər.

İndi isə prezidentin qızarmış gözü həmin hadisəni yenidən gündəmə gətirib. Sosial mediada yayılan şərhlərdə Makronun bugünkü görünüşü “ailədaxili kiçik mübahisənin nəticəsi” kimi təqdim olunur. Bəzi istifadəçilər açıq şəkildə “Makronun gözünü Bricit qızardıb?” sualını ortaya ataraq məsələni ironiyaya çeviriblər.

Bu şərhlər sürətlə yayılaraq Fransadan kənarda da rezonans doğurub. Xüsusilə TikTok, X (Twitter) və Instagram platformalarında hadisə ilə bağlı minlərlə paylaşım edilib, köhnə Vyetnam görüntüləri yenidən dövriyyəyə buraxılıb.

Siyasi müşahidəçilərin fikrincə, hadisənin əsl mahiyyəti Makronun gözünün vəziyyətində deyil. Burada əsas məsələ prezidentin şəxsi həyatı ilə bağlı formalaşmış həssas fon və ictimai yaddaşın gücüdür. Kiçik bir vizual detal belə əvvəlki qalmaqallarla birləşərək liderin imicinə zərbə vura bilir.

Makronun yumorla mövzunu bağlamaq cəhdi isə əks-effekt verib. Sosial media üçün bu, artıq tibbi hal yox, siyasi və psixoloji şərhlər üçün yeni materialdır.

Beləliklə, Fransa prezidentinin bir neçə dəqiqəlik çıxışı təkcə siyasi mesajlarla deyil, gözünün qızarması ilə yadda qalıb. Rəsmi Paris üçün bu, zərərsiz epizod sayılsa da, ictimai rəy üçün yeni sualların başlanğıcıdır. Müasir dövrdə siyasətçilər təkcə dediklərinə deyil, necə göründüklərinə görə də mühakimə olunurlar – Makronun “qızarmış gözü” bunun son nümunəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR