Onlayn ictimai-siyasi qəzet
Dələduzluq bəzi insanlar üçün sadəcə təsadüfi cinayət deyil, artıq bir peşə və həyat tərzidir. Bu kateqoriyaya aid olan şəxslər azadlıqda da, həbsxanada da, ölkə daxilində də, ölkə xaricində də eyni xarakter və davranış modelini saxlayırlar. Çöldə “vəzifəli şəxsin yaxın qohumu” adı ilə pul mənimsəyən, cəzaçəkmə müəssisəsində dünən bir süfrə arxasında çörək kəsdiyi dustaq yoldaşına “azadlığa çıxan kimi sənin işini həll edəcəyəm” deyib ailəsini soyan, azadlığa çıxandan sonra yeni maskalar geyinərək eyni əməllərə davam edən şəxslər də bu cinayətkar kontingentə daxildir.
Son dövrdə Azərbaycan mətbuatında və ictimaiyyət arasında adı ən çox hallanan, “David Seliverstov” adı altında gizlənən Kazım Elşən oğlu Abbasovun tərcümeyi-halı və son fəaliyyəti maraq doğurur.
Kazım Abbasov sıradan bir şəxs deyil. Onun dosyesində 3 dəfə ağır məhkumluq həyatı və üst-üstə 15 ilə yaxın həbsxana keçmişi var. Sonuncu dəfə məhkəmə zalında üzünə 12 il azadlıqdan məhrumetmə hökmü oxunan bu şəxs cəzasının 8 ilini çəkdikdən sonra şərti olaraq, vaxtından əvvəl azadlığa buraxılıb.
- Kazım Abbasov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxta vəsiqəsini hazırlayaraq avtomobilində polis forması, qandal və oyuncaq tapança gəzdirib. Özünü əməliyyatçı kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib. Onu saxlayan Baş İdarə əməkdaşlarına elə həmin saxta vəsiqəni təqdim edərək “iş yoldaşı” olduğunu iddia edib, ifşa olunacağını anladıqda isə hadisə yerindən qaçıb. Qaçaq dələduz çox da uzağa gedə bilməyib, tutub məhkəmə qarşısına çıxarıblar, cəzaları toplayıb, residivist olduğunu nəzərə alıb 12 il azadlıqdan məhrum ediblər.

Dələduz Abbasovun başına gələn bu “xoş” hadisə elə də uzaq olmayan 2014-cü ildə, Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Bu dəfə ömrünün 8 ilini dəmir barmaqlıqlar arxasında keçirən Kazım Abbasov “içəri”də bir qədər püxtələşib, “peşə”nin sirlərinə bir qədər də dərindən vaqif olub. 2022-ci ildə həbsdən çıxdıqdan sonra Kazım Abbasov ad və soyadını dəyişərək “David Seliverstov” adını götürüb. Bunu keçmiş cinayət bioqrafiyasını ört-basdır etmək üçün edib-etməməsi indi elə də ciddi əhəmiyyət kəsb etmir. Maraq doğuran odur ki, əvvəllər polis əməliyyatçısı adını mənimsəməklə başına problem açan Kazım Abbasov 4 il öncə özünə yeni bir imic formalaşdırıb – “Beynəlxalq hüquq müdafiəçisi” ünvanını adının qarşısına yapışdırıb. Hədəf, məqsəd isə dəyişməyib.
Avqustun 3-də Musavat.com saytında “David Seliverstov” adının arxasında əslində dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovun dayandığı barədə geniş ifşa yazısı işıq üzü gördü. Məqalə yayılandan sonra, elə həmin gün “David Seliverstov” tələsik Azərbaycanı tərk etdi. İfşa olunduğunu gizlətməyə çalışan Kazım Abbasov bu gedişi “prezidenti olduğu qurumun İsrailə öncədən planlaşdırılmış işgüzar səfəri” kimi qələmə verməyə çalışdı. Hətta sosial şəbəkələrdə və yaxın çevrəsində səfərinin avqust ayının 20-də bitəcəyini və ölkəyə qayıdacağını iddia edirdi. Lakin bu gün avqust ayının 26-dır. Avqustun 20-dən 6 gün keçməsinə baxmayaraq, “David Seliverstov” nəinki ölkəyə qayıtmayıb, faktiki olaraq qaçaq durumundadır və xaricdə gizlənməkdə davam edir.
“David Seliverstov”un qaçışının əsas səbəblərindən biri təkcə mətbuatdakı ifşa deyil, həm də ortaya çıxan dəhşətli faktlar və səs yazılarıdır. Məlum olub ki, o, hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun yaxınlarından 90 min ABŞ dolları (150 min manatdan çox) məbləğində vəsait alıb.

Kazım Abbasov – “David Seliverstov” aldığı külli miqdarda pulun qarşılığında “beynəlxalq hüquq müdafiəçisi” kimi köməklik göstərmək vəd edib. Əməlini pərdələmək üçün hətta ortada mülki müqavilə də bağlayıb. Lakin məsələ mətbuatda ictimailəşəndən və Musavat.com-da barəsində ifşaedici məqalələr yayılandan sonra Kazım Abbasov təşvişə düşərək həmin 90 min dolları Bakıdakı vasitəçiləri vasitəsilə təcili olaraq Nizami Məmmədovun qardaşına qaytarıb.
Kazım Abbasov - “David Seliverstov” bu əməli ilə bağlı yaydığı videoda iddia edir ki, onun fəaliyyəti tam qanuni olub və mülki müqaviləyə əsaslanıb.
Burada sadə bir hüquqi və məntiqi sual ortaya çıxır - əgər bağlanan müqavilə qanuni idisə, göstərilən xidmət qanundan kənara çıxmırsa və ortada heç bir dələduzluq əməli yox idisə, mətbuatda yazı çıxan kimi 90 min dollar təcili şəkildə niyə geri qaytarıldı?
Dələduzluq niyyəti ilə alınan vəsaitin cinayətin üstü açıldıqdan sonra geri qaytarılması şəxsi cinayət məsuliyyətindən azad etmir. Aydındır ki, pulun qaytarılması qanunilik göstəricisi deyil, cinayətin ifşa olunması qorxusundan doğan təşvişli müdafiə reaksiyasıdır.
“David Seliverstov” adı altında gizlənən Kazım Elşən oğlu Abbasovun növbəti dələduzluq piramidası çöküb. Saxta polis formasıyla başlayan “karyera” bu gün saxta “hüquq müdafiəçisi” maskası ilə Avropa və İsrail marşrutunda qaçaq vəziyyətində davam edir. Mətbuatın və hüquq-mühafizə orqanlarının diqqəti sayəsində növbəti böyük mənimsəmə əməlinin üstü açılıb və zərərçəkənlərin pulu geri qaytarılsa da, bu təkrarlanan əməllərə hüquqi qiymətin verilməsi an məsələsidir.
“David Seliverstov” – Kazım Abbasovun dəstəkçilərinin oturub onun hansı ilin, hansı ayının 20-də gələcəyi haqda mübahisə etmələri də yersizdir. Adam Azərbaycana qayıdana oxşamır. Ən azı “David Seliverstov” – Kazım Abbasov adı ilə bu gedişin dönüşü real görünmür.
E.Məmmədəliyev,
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ