İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşın fərqi varmış – 80 yaşda evlənəndə adam dilə-dişə düşür

80 (səksən) yaşlı bəstəkar-müğənni-aktyorumuzun üçüncü dəfə evləndiyi barədə xəbərləri, təsdiqləri, təkzibləri oxuyub sinirmə mərhələsinə keçəndə gözümə saytımızın ən çox oxunan materialın başlığı sataşdı. Beləydi: “80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir”.

Adamın ağlına dərhal nə gələr? Bəli, düz tapdınız. Adamın ağlına bizim 80 (səksən) yaşlı əfsanə bəstəkar-müğənnimizin barəsində yazılan yazıların onun səhhətinə mənfi təsir göstərdiyinə dair versiya gəlir. Dşünürsən ki, yəqin o, stressə və ya evlilik həyəcanına dözməyib.

Görünür, yazını gün ərzində oxuyan 35 min 838 adamın ağlına məhz adı gündəmdə olan o şəxs gəlib və tezcənə xəbəri açıblar ki, görsünlər, nə olub, nə baş verib.

Ancaq məlum olur ki, 80 (səksən) yaşında həyata vida edən şəxs bəstəkar-müğənni olsa da, bura adamı deyil, amerikalıdır, özü də Amerika kantri musiqisinin ən məşhur simalarından biridir. Dolli Parton adlı bu qadının aktrisalığı da varmış. Amma tam da yenidən ailə qurası yaşa çatanda ömrü vəfa etməyib.

Ona görə də biz nə qədər qürur duysaq, azdır. Demək, xalqımızın özünə baxan, sağlam həyat tərzi keçirən kişiləri və qadınları uzun və gümrah yaşaya bilirlər, hətta o qədər gümrah ki, adları 30-35 yaşlı müğənnilər ki, məhrəm qalmaqallarda çəkilir.

Təəssüf ki, bizim media və ictimaiyyət nümayəndələri fakta düzgün yanaşmadılar. Hələ jurnalistlərin sensasiya dalınca qaçmasını anlamaq olar, bəs şəbəkə fəallarına nə düşmüşdü ki, bu hadisəyə dair 1 milyon 2 yüz 34 min şərh yazdılar. Şərhlərin çoxu da qınaq xarakterli idi.

Sonra təkzib gəldi, dedilər, bəstəkar-müğənni-aktyor boşanıb-eləməyib, deyilənlər yalandır, işin axırı məhkəmədə qurtaracaq.

Daha sonra yenidən belə bir iddia səsləndi ki, sənətkar düz demir, onu Bodruma istiqamət götürən təyyarədə başında kepka, yanında qadın, əlində telefon, uçan yerdə görüblər. Hələ şəklini də çəkiblər. Dedilər, rəsmi kağızı olmasa da, adam üçüncü dəfə evlənib.

Yaxşı, evlənənə “Allah xoşbəxt eləsin”dən başqa nə deyərlər? Bundan irəlilər, toylarda tostun dəb olduğu, tamadaların sırf nəmər üşün 47 adama söz verdiyi vaxtlarda gənclərə xeyir-dua verməkdən ötrü mikrofona yaxınlaşan adamların 80 (səksən səkkiz) faizi belə deyərdi: “İndi mən deyə bilərəm? Allah xoşbəxt eləsin”.

Bəli evlənənlərə belə deyirlər, vəfat edənlərə də “Allah rəhmət eləsin”. Rəhmət məsələsini dəqiq bilməsək də, evlənib xoşbəxt ola bilməyənlərin statistikası gündən-günə artır və sosioloqlar həyəcan qavaldaşı çalırlar, deyirlər, boşananların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə filan qədər artıb.

İndi belə anlaşılır ki, adını bilə-bilə çəkmədiyim sənətkar bundan əvvəlki evliliklərində sona qədər xoşbəxt olmayıb, ona görə də şansını bir dəfə də sınamaq qərarına gəlib.

Elə də olmalıdır, əvvəl-axır xoşbəxt olmaq üçün təkrar-təkrar evlənmək lazımdır. Ta birdəfəlik bədbəxt olanacan. Bəziləri anlamır, elə bilirlər ki, məsələn, yeddinci evlilikdə xoşbəxt olmaq olar.

Əslində evlilik xoşbəxtliyinin sirrini birdən-birə dörd arvadı olan ərəb, iranlı, əfqanıstanlı dindaşlarımızdan soruşmaq olar. Əgər onlar desə ki, bəli, əsl ailə səadətinin nə olduğunu 4-cü arvadı alandan sonra biliblər, o zaman biz də parlamentin qabağına yığışıb aksiya keçirməliyik ki, müvafiq qanunvericiliyə dəyişiklik edilsin.

Yox, onlar desə ki, bundan da böyük bədbəxtçilik yoxdur, o zaman fas-farağat oturmalıyıq yerimizdə, petisiya-metisiya imzalamağı da bitirməliyk.

Mühafizəkar adamlar deyirlər, salamatı bir dəfə evlənməkdir, alındı, alındı, alınmadı, ta heç nə. bu işi vərdişə çevirmək olmaz.

Görək, bu işin axırı necə olacaq. Bu saat ölkədə başqa dərd yoxdur, əsas məsələ bəstəkar-müğənni-aktyorun 3-cü dəfə evlənib-evlənməməsi məsələsinin həqiqət olub-olmamasını dəqiqləşdirməkdir. Yeri getməmişkən deyək ki, sənətkarın diplomatlığı-siyasətçilyi də var, amma bunun o məsələyə dəxli yoxdur.

Yazının axırında yadıma nəyə görəsə “Arşın mal alan”dakı Soltan bəy düşdü. O da ahıl yaşında evlənmək istəyirdi. Bəy tacir Əsgərin xalasına girişir və Əsgərə deyir ki, xalanı mənə versən, xalanın muzdu o olar ki, canı dincələr, mənim muzdum da o olar ki, savab qazanaram.

Bəli, savabı 80 (səksən) yaşda da qazanmaq olar.

P.S. Yazıda 80 rəqəmindən sonra mötərizədə “səksən” yazılması ona görədir ki, ölkə əhalisinin azı səksən səkkiz faizi 80 (səksənə) “həştad” deyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR