Onlayn ictimai-siyasi qəzet
1973-cü ilin yayında Moskva ətrafındakı meşədə çalışan bir meşəbəyi qəribə kötüklə rastlaşıb. İlk baxışdan adi ağac kötüyünə bənzəsə də, bir detal onun diqqətini çəkib: kötük həddindən artıq hamar və səliqəli olub, üstəlik, çürüməyib. Meşəbəyi kötüyü sındıranda isə içərisindən milyonlarla dollar dəyərində elektron avadanlıq çıxıb.
Sonradan məlum olub ki, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Soyuq müharibə dövründə SSRİ ərazisində həyata keçirdiyi ən mürəkkəb və bahalı əməliyyatlardan biri olub. 1973-cü ilin qiymətləri ilə qurğunun dəyəri 2 milyon dollara qədər qiymətləndirilib. Bu məbləğ həmin dövrdə müasir bir qırıcı təyyarənin qiymətinə yaxın olub.
1973-cü ilin avqustunda MKİ-nin iki əməkdaşı diplomatik örtük altında Moskvadan Mojaysk istiqamətində yola düşüb. Səfər adi turist gəzintisi təsiri bağışlamalı idi. Əməkdaşlardan biri həyat yoldaşı və valideynləri ilə birlikdə hərəkət edib. Rəsmi marşrut kimi isə əcnəbi diplomatların tez-tez ziyarət etdikləri Borodino çölü seçilib. Moskva-Mojaysk yolunda hərəkət edən iki avtomobildən ibarət qrup meşədə “piknik” etmək üçün dayanıb.

Agentlərdən biri avtomobilin yük yerini açıb. Termos və yorğanların arasında təxminən 25 kiloqram çəkisində, zahirən adi ağcaqayın kötüyündən fərqlənməyən xüsusi qurğu yerləşdirilib. Kötük əvvəlcədən müəyyən edilmiş nöqtəyə qoyulub, daha dayanıqlı olması üçün təxminən 30 santimetr torpağa basdırılıb və üzəri torpaqla örtülüb. Əməliyyat cəmi bir neçə dəqiqə çəkib. Ümumilikdə, belə iki “casus kötüyü” quraşdırılıb. Qurğuların yerləşdirildiyi ərazi təsadüfi seçilməyib. Mojaysk su anbarının ətrafındakı meşəlik ərazi Moskvadan təxminən 100 kilometr qərbdə yerləşib və sovet hərbi obyektlərindən birinə yaxın olub. Müxtəlif mənbələrdə həmin obyektin hava bazası və ya hava hücumundan müdafiə sisteminə aid qurğu olduğu bildirilir.

MKİ-nin məqsədi həmin obyektdən yayılan radar siqnallarını ələ keçirmək olub. Meşə isə əməliyyat üçün ideal şərait yaradıb: bir tərəfdən, qurğunu gizlətmək asan olub, digər tərəfdən isə peyklə əlaqə üçün səmanın açıq olması üstünlük verib. Kənardan adi ağac parçasını xatırladan qurğunun daxilində olduqca mürəkkəb elektronika yerləşdirilib. Sistem özü radio siqnalı yaymayıb, yalnız siqnalları qəbul edib. Bu xüsusiyyət onun sovet radioelektron kəşfiyyat vasitələri tərəfindən aşkarlanmasını çətinləşdirib.
Qurğunu enerji ilə kötüyün üzərinə yerləşdirilmiş və ağac kəsiyinə bənzər yarımşəffaf qatın altında gizlədilmiş günəş panelləri təmin edib. Buludlu havada işləməsi üçün isə qurğuda nikel-kadmium akkumulyatorları yerləşdirilib. Toplanan məlumatlar daha sonra casus peykinə ötürülməli olub. MKİ-nin hesablamalarına görə, sistem uzun müddət, hətta illərlə avtonom rejimdə işləyə bilib.

Qurğunun ən mürəkkəb hissələrindən biri də kamuflyaj sistemi olub. Xüsusi laboratoriyada ağac qabığının rəngi, teksturası və zədələnmə izləri mümkün qədər dəqiq təqlid edilib. Məqsəd sadəcə “kötüyə oxşayan” bir obyekt yaratmaq deyil, meşədə heç kimin diqqətini çəkməyəcək qədər real görünən saxta ağac hazırlamaq olub.
Qurğunun əsas vəzifəsi sovet raket əleyhinə müdafiə sistemlərinin radarlarını izləmək olub. Radar sistemi sovet radarlarının yüksək tezlikli siqnallarını, onların gücünü və impuls xüsusiyyətlərini qeydə alıb. Toplanan məlumatların MKİ analitiklərinə sovet hava hücumundan müdafiə sistemlərinin zəif və “kor” sahələrini müəyyənləşdirməyə imkan verəcəyi gözlənilib. Bu məlumatlardan gələcəkdə ABŞ-ın ballistik raketlərinin uçuş trayektoriyalarının hesablanmasında istifadə olunması nəzərdə tutulub. Qurğunun 1973-cü il qiymətləri ilə dəyəri 2 milyon dollara qədər olub. Müqayisə üçün, həmin dövrdə F-4 Phantom qırıcısının qiyməti təxminən 2,5 milyon dollar təşkil edib. Bütün bu texnologiyaya baxmayaraq, “casus kötüyü” uzun müddət gizli qala bilməyib. Kötük sındırıldıqdan sonra içərisindəki elektronika üzə çıxıb və məsələ dərhal sovet xüsusi xidmət orqanlarının diqqətinə çatdırılıb.

Araşdırmaya MKİ-nin SSRİ-dəki fəaliyyətinə qarşı əks-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Dövlət Təhlükəsizlik Komitəsinin İkinci Baş İdarəsinin əməkdaşı Valentin Klimenko rəhbərlik edib. DTK əməkdaşları əraziyə gedərək qurğunun qalıqlarını toplayıb və onların texniki təhlilinə başlayıblar. İki həftə sonra ikinci “casus kötüyü” də tapılıb. İkinci qurğunun bütöv vəziyyətdə ələ keçirilməsi sovet tərəfi üçün gözlənilməz imkan yaradıb. DTK onu məhv etmək əvəzinə bərpa edib və yenidən işə salıb. Lakin bu dəfə qurğu real sovet radar siqnallarını qəbul etməyib.
DTK sistem vasitəsilə MKİ-yə saxta məlumatlar ötürməyə başlayıb. Sovet radarlarının guya köhnəlmiş tezliklərdə işlədiyi, onların aşkarlama məsafəsinin zəif olduğu və hava hücumundan müdafiə sistemində müəyyən “kor zonalar”ın mövcudluğu barədə məlumatlar formalaşdırılıb. Beləliklə, MKİ aylar ərzində öz agentura texnikasından əldə etdiyini düşündüyü kəşfiyyat məlumatlarını qəbul edib. ABŞ analitikləri həmin məlumatları hesablamalara daxil ediblər, raketlərin mümkün uçuş trayektoriyalarını isə sovet müdafiəsinin guya mövcud olan zəif nöqtələrinə uyğunlaşdırıblar.

Başqa sözlə, MKİ-nin milyonlarla dollar xərclədiyi texnoloji əməliyyat sonda sovet xüsusi xidmət orqanlarının apardığı əks-kəşfiyyat oyununa çevrilib. Bu hadisə Soyuq müharibənin ən qeyri-adi casusluq əməliyyatlarından biri kimi tarixə düşüb. Məlumata görə, hər iki orijinal qurğu hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin arxivlərində saxlanılır. “Casus kötüyü”nün surətlərindən biri isə Vaşinqtonda ziyarətçilər üçün açıq olan Beynəlxalq Casusluq Muzeyində nümayiş etdirilir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ