İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqların azalmağında nəqliyyatın və artistlərin rolu barədə

Azərbaycanda əhali artımının ildən-ilə aşağı düşdüyünü bilirsiniz, statistika yazmağıma da heç bir ehtiyac yoxdur. Bunu canlı müşahidə eləyirik – uşaqlar azalır. Qabaqlar əgər 5, 6, 7 və daha çox uşağı olan ailələr adi hal idisə, indi hətta 3 uşaqlı ailəyə camaat fövqəladə hadisə kimi baxır. Səbəb təkcə uşaq pulu verilməməsidirmi? Məncə, yox.

Bütün saytlar 81 yaşlı tanınmış xalq artistimizin 3-cü dəfə evləndiyini yazmışdılar. Xalqımız xəbərdən sevinmişdi, çünki sənətkarın indiyəcən artıq 3-4 övladı olmalıdır, deməli xalq artisti xalqın artımına növbəti töhfələrini vermək fikrindəydi.

Özü də xalq artistinin övladlarının da xalq artisti olmaq ehtimalı böyükdür (bizdə adətən belə olur), nəticədə tək demoqrafiyamız yox, incəsənətimiz də inkişaf edəcəkdi. Lakin pisniyyət jurnalistlər mövzunu dilə-dişə saldılar, axırda xalq artisti evlənmək xəbərini təkzib etdi. Hətta deyir bu dezinformasiyanı yayanları məhkəməyə verəcəyəm.

Buyur. Bu da xalqımızın xeyri... Nəinki uşaq artımından olduq, üstəlik, ədalətli və demokratik, namuslu və qeyrətli məhkəmələrimiz artistin iddiası əsasında jurnalistləri tutub bassa, nəşriyyatın qabağından assa, ya da, nə bilim, pul cəriməsi kəssə, deməli, həmin jurnalistlərin özünün nəsilartırma imkanları məhdudlaşacaqdır. Hesab edirəm barışıq olsa yaxşıdır.

Mətbuat Şurasının sədri, sayın Rəşad müəllimdən də xahiş edirəm jurnalistlərin peşə kodeksinə belə əlavə salsın: “Xalq artistləri evlənəndə bu barədə informasiyanın uşaq olana qədər yazılması məsləhət deyildir”.

Keçmişdə, mentalitetimizdə də oxşar qaydalar təxminən var idi, məsələn, uşaq doğulanda onu 40 gün adam arasına çıxarmırdılar. İndi isə uşaq, pis çıxmasın, anadan olmamış baxırsan İnstagramda canlı yayımdadır. Hesab edirəm buna da Nazirlər Kabineti son qoymalıdır.

Bax, elə əhali artımına növbəti zərbəni Nazirlər Kabineti vurmuşdur. Mən heç bu faktı bilmirdim, təzəlikcə AYNA-ya məxsus şəhərdaxili marşrut avtobusunda, sürücünün boynunun dalındakı lövhəyə vurulan elan sayəsində öyrəndim. Orda belə bir qəribə informasiya yazılmışdı: “5 yaşa qədər 1 uşağı pulsuz apara bilərsiniz. Bu haqda Nazirlər Kabinetinin 2009-cu il, 17 sentyabr, Artur Rasizadənin təsdiq etdiyi 141 saylı qərar var” və sairə. (Həmin lövhənin fotoşəkli sübut olaraq məndədir, kim istəsə əlaqə saxlasın, 1 oxucuya pulsuz göndərə bilərəm – Z.H.).

Nəticədə camaat 1 uşaqdan çox uşağının olmasını istəmir. Artur müəllimin demoqrafiyamızın altına qoyub getdiyi növbəti mina partlamışdır (Belə dramatik cümlə olanda oxucuların xoşuna gəlir).

Ancaq, təbii ki, nəqliyyat idarəmizin bu yeni hoqqası mənə maraqlı gəldi və daha dərindən araşdırmaq qərarı verdim. İlk növbədə NK-nın özünün nk.gov.az saytında axtarış verdim, tragikomediya budur ki, orda 141 saylı qərar, ümumiyyətlə, ortaya çıxmadı. Google sağ olsun, onun sayəsində qərarı tapdım və məlum oldu, əslində həmin qərar şəhərdaxil avtobuslara aid deyilmiş.

Sitat: “Müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır”.

Loru dildə yazsam, burada rayona gedib-gələn avtobuslardan bəhs olunur. Hərçənd, istəsən Bakıda da Yasamaldan Binəqədiyə gedən istənilən marşrutu “rayonlararası avtobus” sayıb artıq uşaqlardan zorla pul tutmaq mümkündür.

Gərək biz 1-dən çox nazirlik saxlamazdıq... Sayın xalq artistimizə isə demək istəyirəm qorxmasın, xalqımız onunladır, evlənməyə davam etsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR