Onlayn ictimai-siyasi qəzet
Bakıda və Masallıda pensiya və hərbi xidmət məsələlərini həll etmək vədi ilə vətəndaşlardan minlərlə manat alan şəxs məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə araşdırması zamanı onun ayrı-ayrı şəxslərdən pul alaraq vədlərini yerinə yetirmədiyi, əldə etdiyi vəsaitləri isə şəxsi ehtiyaclarına xərclədiyi müəyyənləşib.
Hadisələrdən biri Bakıda baş verib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə xəstəliklə əlaqədar pensiyaya çıxmasına köməklik göstərəcəyini vəd edib. Bu məqsədlə ondan 600, 400 və 70 manat olmaqla müxtəlif ödənişlər alıb.
Daha sonra həmin şəxsin oğlunun həqiqi hərbi xidmətə çağırışdan möhlət almasına və ya hərbi xidmətdən azad edilməsinə köməklik göstərəcəyini deyib. Bu vədlə də 1000, 1500, 1000, 125 və 1000 manat olmaqla müxtəlif məbləğlərdə pul alınıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 5695 manat maddi ziyan vurulub.
Digər hadisə Masallı rayonunda baş verib. Təqsirləndirilən şəxs Müseyib adlı şəxsin pensiyaya çıxmasına köməklik göstərəcəyini deyərək ondan müxtəlif vaxtlarda pul alıb. Əvvəlcə 400 manat, daha sonra 200, 200 və 400 manat olmaqla ödənişlər edilib. Sonrakı mərhələdə isə 3000, 1800, 1200, 1400, 800 və 170 manat pul köçürülüb. Bu epizod üzrə ümumi məbləğ 9570 manat təşkil edib.
Təqsirləndirilən şəxs həmin pulları müxtəlif kart hesablarına qəbul edib, bankomatlardan nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə verdiyi ifadəsində Müseyibdən aldığı vəsait müqabilində heç bir iş görmədiyini də etiraf edib.
İş üzrə digər zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxslə Bakının Günəşli qəsəbəsində yerləşən “Relax” restoranında tanış olub. Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olduğunu və onun vasitəsilə pensiya məsələsini tezliklə həll edə biləcəyini deyib.
Qadın əvvəlcə 200 manat, daha sonra 1000 manat və sonuncu dəfə 200 manat göndərib. Beləliklə, ondan ümumilikdə 1400 manat alınıb.
Sonuncu ödənişdən sonra təqsirləndirilən şəxs ən geci üç ay ərzində pensiya kartını təqdim edəcəyinə söz verib. Lakin vədini yerinə yetirməyib, müxtəlif bəhanələrlə məsələni uzadıb. Zərərçəkmiş şəxsin ifadəsinə görə, polisə müraciət edəcəyi halda pulunu geri ala bilməyəcəyini deyərək onu hədələyib.
Müttəhim məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. İfadəsində bildirib ki, bəzi hallarda pensiya və digər məsələləri həll etmək imkanının olmadığını bildiyi halda bunun mümkün olduğunu deyərək pul əldə edib.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş və şahidlərin ifadələri, pul köçürmələri və digər sübutlar tədqiq edilib. Araşdırılan sübutlarla təqsirləndirilən şəxsin dələduzluq əməlini törətməsi öz təsdiqini tapıb.
Məhkəmədə zərərçəkmiş şəxslərdən biri ona dəymiş 5695 manat zərərin 3300 manatının qaytarıldığını bildirib. Təqsirləndirilən şəxs isə məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib və iki zərərçəkmiş şəxsin zərərini ödədiyini deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb./Qaynarinfo/
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ