Onlayn ictimai-siyasi qəzet
"Özbəkistan Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır".
Musavat.com xatırladır ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.
"Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın işə salınmasını sürətləndirmək lazımdır. Biz bu barədə İlham Heydər oğlu ilə dar tərkibdə də danışmışıq. Biz bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq", - Mirziyoyev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində Özbəkistan üçün bərə inşasının sürətləndirilməsinin və layihəyə prioritet xarakter verilməsinin zəruriliyini qeyd edib:
"Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir, ona görə də düşünürəm ki, bura bərə üçün ən uyğun yerdir".

Azərbaycan Prezidenti həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqətini Özbəkistan üçün bərə inşası məsələsinin prioritet xarakterinin nəzərə alınması zərurətinə yönəldib.
Beləliklə, son 3 ildə Özbəkistanın təşəbbüskarlıq etdiyi mühüm bir layihənin icrası üçün real şərtlər yaranır. İqtisadiyyatı, xüsusilə də aqrar və sənaye istehsalı böyük sürətlə artan ölkə üçün ixrac marşrutlarının potensialı ilə yanaşı, diversifikasiyası da mühüm əhəmiyyətə malikdir.
Özbəkistan bir tərəfdən Çindən Avropaya yükdaşımalardan daha çox pay götürmək, bir tərəfdən də öz məhsullarının həm Çinə, həm də Avropaya daşınmasında Qazaxıstan və Rusiyadan asılılığını azaltmaq istəyir. Bu sahədə mühüm rol oynayacaq Özbəkistan-Qırğızıstan-Çin dəmiryol xəttinin tikintisi sürətlə aparılır. Məlumdur ki, xəttin Çin və Özbəkistan hissəsi çoxdan işlək vəziyyətdədir, tikinti bilavasitə Qırğızıstan ərazisində aparılır. 2025-ci ilin iyununda start verilən tikinti işlərinin indiyədək 17 faizi icra olunub. Tərəflər bunun tikinti qrafikinin qabaqlanması olduğunu bildirirlər, xəttin əvvəlcə nəzərdə tutulan 6 il deyil, 4 ilə istismara veriləcəyi gözlənilir. Bu xətt Özbəkistanla Çin arasında əlaqələri Qazaxıstanın asılılığından çıxarır. Eyni zamanda bu əlaqələrin daha böyük sürətlə artması, Özbəkistanın Çin üzərindən dünya okeanına çıxması üçün real şərait formalaşdırır.
O da məlumdur ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞBN) Rusiya hissəsində açıq şəkildə infrastruktur problemləri yaşanır: kifayət qədər lövbər salma yerləri, terminallar və gəmilər yoxdur. Bundan əlavə, kanallar qurumağa başlayıb və sanksiyalar səbəbindən Kurık limanında tez-tez gecikmələr olur. Bütün bunlar yük axınlarında problemlərə səbəb olur.

Ötən ilin yayında Özbəkistan Türkiyə şirkətləri ilə Xəzərdə donanma yaradılması sahəsində əməkdaşlığa başladığını açıqlayıb. Azərbaycanla bu məsələ həmin vaxt Şavkat Mirziyoyevin ölkəmizə səfəri zamanı müzakirə olunub. Özbəkistan bu layihəni təkcə iqtisadiyyatı və ticarəti stimullaşdırmaq üçün deyil, həm də nəqliyyat və logistika əməkdaşlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq vasitəsi kimi görür. Özbəkistan, xüsusən də ixrac və tranzit axınlarının artması nəzərə alınmaqla, Transxəzər marşrutunu Şimal-Cənub marşrutlarına alternativ kimi görür.
Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov vurğulayıb ki, ölkənin öz bərə donanmasının yaradılması zərurəti Xəzər dənizi üzərindən yük daşımalarının həcminin 25 faiz artması (0,8 milyon tondan 1 milyon tona qədər) və əhəmiyyətli gecikmələrin, bəzən pulsuz bərə gözləmə müddətinin 30-40 günə çatması ilə əlaqədardır.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan öz ərazisindən konteyner dəmir yolu daşımaları üçün güzəştli şərtləri uzadıb. 70 faizə qədər endirim 2026-cı ilin sonuna qədər qüvvədə olacaq və bu, Orta Dəhlizin inkişafını daha da asanlaşdıracaq.
Azərbaycan Özbəkistan üçün ticarət gəmilərinin layihələndirilməsi və tikintisini həyata keçirir. Layihənin dəyəri 150 milyon dollar qiymətləndirilir. Layihəni Şavkat Mirziyoyev və İlham Əliyev 2 iyul 2025-ci ildə Bakıda keçirilən Özbəkistan və Azərbaycan Ali Dövlətlərarası Şurasının iclasından sonra imzalayıblar.
Özbəkistan həmçinin Türkmənistandakı gəmiqayırma zavodundan gəmi və bərə alır. Avqust ayında üçtərəfli Türkmənistan-Azərbaycan-Özbəkistan sammitində Türkmənbaşıda yerləşən “Balkan” gəmiqayırma zavodundan gəmilərin alınması imkanı müzakirə edilib.

Özbəkistanın Xəzər dənizində öz ticarət donanmasını yaratması təkcə nəqliyyat potensialını genişləndirməyəcək, həm də xarici daşıyıcılardan asılılığı azaldacaq. Məlumdur ki, Xəzərdə ən böyük ticarət donanması Azərbaycana məxsusdur. İkinci yerdə Rusiya, ardınca Qazaxıstan gəlir. Orta Dəhlizlə yük göndərilməsi ABŞ-İran münaqişəsi səbəbindən kəskin artıb. Bu, daşıyıcıların yüklənməsinə və çatdırılmalarda ləngimələrə gətirib çıxarır. Özbəkistanın öz yük donanmasını yaratmaq istəyinin mühüm səbəblərindən biri budur.
Digər səbəb isə İranla bağlı yaranmış vəziyyətdir. Özbəkistan dünyada "ikiqat bağlı" kimi təsnif edilən iki ölkədən biridir. Bu o deməkdir ki, ölkə okeana çatmaq üçün ən azı iki xarici sərhədi keçməlidir. Buna görə də marşrutları şaxələndirmək və logistikanı yaxşılaşdırmaq üçün Daşkənd İran və Pakistanla logistika mərkəzi yaratmaq üçün müqavilə imzalayıb. Əvvəlcə İranın Şəhid Rəcayi limanı üçün yeni terminal planlaşdırılırdı, lakin layihə həmin ölkədəki qeyri-sabit vəziyyətə görə dayandırılıb.
Özbəkistanın İranla sərhədi olmasa da, onunla mürəkkəb logistika əlaqələri var: əslində Özbəkistanın İran tranzitindən xarici ticarət asılılığı çox böyükdür. Şimal-Cənub Nəqliyyat Dəhlizinin şərq qolu ilə Özbəkistan tekstil, meyvə-tərəvəz, avtomobil ixrac, sənaye avadanlıqları, komponentlər və istehlak malları ixrac edirdi: Özbəkistandan gələn yüklər Türkmənistandan keçərək İran ərazisinə, daha sonra isə Bəndər Abbas limanına gedir, oradan dəniz yolu ilə Cənubi Asiya və Yaxın Şərqdəki bazarlara göndərilirdi. Hindistan və Cənubi Koreya mallarını daşıyan konteynerlər isə əks istiqamətdə hərəkət edirdi.
Müharibədən əvvəl Özbəkistanın İran limanlarından keçən tranzit yüklərin ümumi həcmindəki payı, mövcud hesablamalara görə, təxminən 19 faizə çatırdı. Bəndər Abbasın blokadası və İran marşrutlarına dəyən ziyan Özbəkistanın logistikasına öz sərhədlərinin birbaşa bağlanması ilə müqayisə edilə bilən bir zərbə vurub.
İxracatçılar alternativ marşrut kimi Qazaxıstan üzərindən reallaşan Orta Dəhlizə üz tuturlar. Burada isə dəniz yolu ilə daşınmalarda yüklənmə var. Özbəkistan digər daşıyıcılardan asılılıqdan çıxmağa çalışır.
Mütəxəssislərə görə, yalnız gəmi-bərələrinm olması ilə bu asılılıq aradan qalxmayacaq və bu, nəqliyyat dəhlizinin effektiv işləməsi üçün kifayət deyil. Buna görə də Özbəkistanın Xəzər dənizində öz liman infrastrukturuna da ehtiyacı var, çünki tərəfdaşları əsasən öz şirkətlərinin gəmilərini yükləyəcəklər. Azərbaycan, Qazaxıstan və ya Rusiya gəmiçilik şirkətləri ilə müqavilələrdən asılılıq risklər yaradır. Artıq qurulmuş Xəzər bazarında yeni bir oyunçunun meydana çıxması, şübhəsiz ki, rəqabəti artıracaq, lakin tam iştirak etmək üçün Özbəkistanın təkcə donanmaya deyil, həm də öz limanlarına və bütün lazımi liman infrastrukturuna ehtiyacı var.

Nəqliyyat nazirinin müavini Abdusamat Muminov bundan əvvəl qeyd edib ki, Özbəkistan Bakı Limanında öz terminalını yaratmağı da planlaşdırır və bu məsələ texniki-iqtisadi əsaslandırma mərhələsindədir. Özbəkistanın Xəzərdə yük donanması yaratmaq planı Azərbaycan üçün rəqabət baxımından əlverişli görünməyə bilər. Lakin Özbəkistanın Mərkəzi Asiyada getdikcə artan rolu, Çindən malların daşınması sahəsində uğurlu planları bu addımın Azərbaycan üzərindən keçəcək yük axınlarını artırması baxımından daha böyük müsbət təsiri ola bilər. Buna görə də Bakıda Daşkəndin planlarına isti yanaşılır...
Dünya,
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ