Onlayn ictimai-siyasi qəzet
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar “Qazprombank”ın Lüksemburqdakı dörd yüksək vəzifəli əməkdaşı üçün milyonlarla avro qazanc mənbəyinə çevrilib. Onların 2022-ci ildə sanksiyalar nəticəsində yaranmış vəziyyətdən istifadə edərək 9 milyon avrodan çox gəlir əldə etmiş ola biləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” sənədlər və əməliyyatlardan məlumatlı şəxslərə istinadən araşdırma yayıb.
Nəşrin məlumatına görə, söhbət “Qazprombank”ın Lüksemburq ofisinin dörd idarəedici direktorundan gedir. Avropa ölkələrinin “Qazprom”dan aldıqları enerji resurslarına görə ödənişlərin bir hissəsi məhz bu struktur vasitəsilə həyata keçirilirdi.
Bankirlər “Qazprombank”ın Moskvadakı bölməsindən şəxsi kreditlər götürərək sanksiyalardan sonra Avropada bloklanan və kəskin ucuzlaşan “Qazprom” avrobondlarını almağa başlayıblar. Daha sonra həmin istiqrazları tam nominal dəyərinə yaxın qiymətlə rubl istiqrazlarına dəyişmək imkanından istifadə ediblər.
FT-nin hesablamasına görə, bu əməliyyatlar dörd bankirə ümumilikdə 9 milyon avrodan artıq qazanc gətirmiş ola bilər.
Məsələnin ən diqqətçəkən tərəfi isə bankirlərin hansı istiqrazların dəyişdiriləcəyini sanki əvvəlcədən bilmələridir. “Qazprom” konkret istiqraz buraxılışları və dəyişdirmə tarixləri barədə məlumatları qeyri-müntəzəm və əməliyyatdan az əvvəl açıqlasa da, bankirlər Qərb investorlarından məhz lazım olan istiqrazları qabaqcadan ala biliblər. Həmin kağızların bəziləri nominal qiymətinin təxminən yarısına satılırdı.
FT-nin mənbələrindən biri bildirib ki, hansı istiqrazların dəyişdiriləcəyi barədə əvvəlcədən məlumat olmadan belə əməliyyatları qısa müddətdə həyata keçirmək “mümkün olmazdı”. Sanksiyalardan sonra bu qiymətli kağızlar faktiki olaraq likvidliyini itirmişdi və onları bazarda tapmaq üçün hansı bankın və ya brokerin əlində olduğunu əvvəlcədən müəyyənləşdirmək lazım gəlib
Beləliklə, məsələ təkcə sanksiyalar fonunda böyük qazanc əldə edilməsindən deyil, bankirlərin əməliyyatlar zamanı ictimaiyyətə açıq olmayan məlumatlardan istifadə edib-etməməsi sualından gedir. Məhz buna görə qalmaqalın cinayət araşdırmasına çevrilməsi tələbləri səslənir.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ