Onlayn ictimai-siyasi qəzet
Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” – VİDEOMÜSAHİBƏ
"David Seliverstov" kimi tanınan Kazım Abbasov ətrafında yaranmış qalmaqal davam edir. Məsələnin ictimailəşdirilməsində başda hüquq müdafiəçisi Çingiz Qənizadə olmaqla bir sıra tanınmış şəxslər mühüm rol oynayıblar.
Musavat.com xəbər verir ki, bundan sonra Kazım Abbasov tərəfindən aldadıldıqlarını iddia edən şəxslərin açıqlamaları, onunla bağlı məhkəmə prosesləri, eləcə də özünü başqa ad və kimliklə təqdim etməsi barədə müxtəlif məlumatlar gündəmə gəlib.
Son olaraq David Seliverstov adı ilə tanınan şəxsin hüquq müdafiəçisi Novella Cəfəroğluya zəng edərək telefon danışığını onun icazəsi olmadan yazdığı və həmin səs yazısını sonradan mətbuatda yaydığı iddia edilib. Bu hadisə qalmaqalın ətrafında yeni mübahisələrə səbəb olub.
Novella Cəfəroğlu TV Müsavata açıqlamasında yayılan səs yazısının montaj edildiyini, onun fikirlərinin təhrif olunduğunu və söhbətin tam məzmununun ictimaiyyətə təqdim edilmədiyini bildirib. Hüquq müdafiəçisi telefon danışığının hansı şəraitdə baş verdiyini və əslində nələr dediyini TV Müsavatın müxbirinə ətraflı danışıb.
O, müsahibənin sonunda David Seliverstov kimi təqdim olunan şəxsi məhkəməyə verəcəyini də bəyan edib. Novella Cəfəroğlu bildirib ki, onun hüquqlarının pozulması, səsinin icazəsiz yazılması, daha sonra montaj edilərək təhrif olunmuş formada yayılması hüquqi məsuliyyət yaradır:
“Lazım gəlsə, onu həm Bakıda, həm də İsraildə məhkəməyə verəcəyəm. Mənim icazəm olmadan səsimi yazıb, montaj edərək yayıb. Buna görə hüquqi qaydada cavab verməlidir”.
Novella Cəfəroğlu sözügedən şəxsin özünü yəhudi və David Seliverstov kimi təqdim etməsi ilə bağlı səsləndirilən məlumatlara da münasibət bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu şəxsin əsl adı Kazım Abbasovdur və onun yəhudi kimliyi, anasının yəhudi olması, yaxud yəhudi icması ilə qohumluq əlaqələri barədə söylədikləri həqiqəti əks etdirmir. Bunlar Novella Cəfəroğlunun müsahibədə səsləndirdiyi iddialardır.
Novella Cəfəroğlu müsahibəsində daha bir sensasion məqama diqqət çəkib. Onun sözlərinə görə, özünü David Seliverstov kimi təqdim edən Kazım Abbasov yaratdığı “Magen David” təşkilatının emblemində Azərbaycanın xəritəsini altıguşəli yəhudi ulduzunun içərisində yerləşdirib. Hüquq müdafiəçisi bunun Azərbaycanın yəhudi torpağı kimi təqdim edilməsi təsəvvürü yaratdığını bildirərək sərt etiraz edib: “Sən kimsən ki, Azərbaycanın xəritəsini yəhudi ulduzunun içərisinə yerləşdirirsən?” Novella Cəfəroğlu hüquq-mühafizə orqanlarını bu faktı və həmin emblemin hansı məqsədlə hazırlandığını araşdırmağa çağırıb.
Musavat.com xatırladır ki, Novella Cəfəroğlunun mərhum həyat yoldaşı Vilen Eppelbaum yəhudi əsilli olub. Onların bu nikahdan üç oğlu dünyaya gəlib. Novella xanımın övladları və nəvələri hazırda İsraildə yaşayır və çalışırlar.
Vilen Eppelbaum Azərbaycan Milli Azadlıq Hərəkatına böyük dəstək göstərən şəxslərdən biri kimi tanınıb. O, mərhum prezident Əbülfəz Elçibəyin yaxın dostlarından olub, Milli Azadlıq Hərəkatının tanınmış simaları tərəfindən sevilib və yüksək qiymətləndirilib. Vilen Eppelbaum 2022-ci ilin iyulunda vəfat edib.
Bu baxımdan Novella Cəfəroğlunun İsrail və yəhudi icması ilə ailə bağlarının David Seliverstov kimi təqdim olunan Kazım Abbasovun iddia edilən əlaqələrindən daha qədim və real olduğu vurğulanır.
TV Müsavatın Novella Cəfəroğlu ilə hazırladığı videomüsahibəni təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ