İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məktəbbus” yoxdur, amma “basabas” həmişə var – Bəs ÇARƏ... 

Bakıda yeni tədris ilinin başlaması ilə nəqliyyat sıxlığının daha da artması yenidən paytaxtın yol və nəqliyyat problemini gündəmə gətirib. Problemin həlli üçün müxtəlif təkliflər səsləndirilsə də, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Bakıda tıxac probleminin fundamental həlli istiqamətində addımlar atılmalıdır.

İqtisadçı sosial media hesabında bildirib ki, yalnız kosmetik tədbirlərlə paytaxtdakı nəqliyyat problemini aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, ilk növbədə ictimai nəqliyyat əlçatan, sürətli və komfortlu olmalıdır: “Bakıda tıxac probleminin fundamental həlli lazımdır. Kosmetik tədbirlər heç nəyi dəyişməyəcək. İctimai nəqliyyat əlçatan olmalıdır, tez və komfortlu xidmət göstərməlidir. Bakının yükü azaldılmalıdır, yol infrastrukturu yaxşılaşdırılmalıdır”.

N.Cəfərli hesab edir ki, problemin kökündə həm də paytaxtın idarə olunması ilə bağlı məsələlər dayanır. Onun fikrincə, paytaxtda seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökumətinin formalaşdırılmasına ehtiyac var: “Ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir. Hamının səlahiyyəti var, amma heç kim məsuliyyət daşımaq istəmir”.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

İqtisadçı son günlər Bakıda tıxacların azaldılması üçün gündəmə gətirilən çevik iş saatları təklifinə də münasibət bildirib. O qeyd edib ki, ilk baxışdan məntiqli görünən bu ideyanın praktikada tətbiqi ciddi problemlər yarada bilər: “Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək mümkündür. Özəl sektora bunu əmr etmək mümkün və doğru deyil. Bəli, iri özəl banklarda, holdinqlərdə reallaşa bilər, amma kiçik dükan, kafe və restoranlara bunu əmrlə tətbiq edə bilməzsiniz”.

N.Cəfərli çevik iş qrafikinin ailələr üçün yarada biləcəyi əlavə çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, məktəblərin iş saatları ilə valideynlərin iş qrafikinin uzlaşdırılması ayrıca problemə çevrilə bilər: “İşləyən valideynlər məktəblər saat 8-də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saatı 07:00-da başlayacaq, ya da 10:00-da. O zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər. Heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!”

İqtisadçıya görə, iş qrafiklərinin dəyişdirilməsi məsələsinə olduqca həssas yanaşılmalıdır. Onun fikrincə, çevik iş saatlarının tətbiqi özü-özlüyündə nə tıxac, nə də ictimai nəqliyyatda sıxlıq problemini həll edə bilər: “İş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək. Bu da tıxac və ictimai nəqliyyatda sıxlıq problemini aradan qaldıran amil olmayacaq”.

Natiq Cəfərli fikirlərini Bakının nəqliyyat problemini xarakterizə edən ironik ifadə ilə yekunlaşdırıb: “Xülasə, bizdə “məktəbbus” (avtobus) yoxdur, amma “basabas” həmişə var”.

Şahanə Rəhimli,
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR