İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank iki mühüm göstərici üzrə proqnozunu artırıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Musavat.com xəbər verir ki, Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə aldığını bəyan edir.

Bankın açıqlamasında bildirilir ki, illik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1 faiz, ödənişli xidmətlər üzrə 5.6 faiz, qeyri-qida məhsulları üzrə isə 3.8 faiz olub. İllik baza inflyasiya 5.5 faiz təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6 faizə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2.2 milyard ABŞ dolları məbləğində və ya 19.5 faiz artaraq 13.8 milyard ABŞ dolları təşkil edib.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540.6 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82.8 faiz artıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır. 

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43 faiz, iyul ayının ötən dövründə isə 6.39 faiz olub. Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir. Likvidliyi idarə etmək üçün Mərkəzi Bank tərəfindən əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı iyun ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 84.3 faiz təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. Son 3 ayda bütün müddətlər üzrə notların gəlirliliyində, habelə gəlirlilik əyrisinin ortamüddətli və uzunmüddətli hissələrində azalma qeydə alınıb. Eyni zamanda, yeni cəlb olunmuş manatla müddətli depozit və əmanətlər üzrə faiz dərəcələrində ötən ilin iyul ayı (uçot dərəcəsinin azaldığı ay) ilə müqayisədə cari ilin iyun ayında azalma müşahidə olunub.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1 faiz, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6 faiz, 2027-ci ilin sonunda isə 5.8 faiz olacağı gözlənilir. Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir.

AMB-yə görə, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.

Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR