Onlayn ictimai-siyasi qəzet
"Bakı metropoliteni qatarların hərəkət intervalında da dəyişiklik edəcək".
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, avqustun 15-dən "İçərişəhər" - "Əhmədli", noyabr ayından isə "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcəklər:
"Bunun üçün "İçərişəhər" stansiyasında əlavə texniki və təşkilati tədbirlər görülüb. "Dərnəgül" - "Nizami" istiqamətində isə interval 3 dəqiqə 30 saniyə olacaq.
Xətlərin ayrılması layihəsinin təxminən 10-11 ay davam edəcəyi bildirilir. Layihə başa çatdıqdan sonra "yaşıl xətt" üzrə "Dərnəgül" - "Nizami" - "Cəfər Cabbarlı", "qırmızı xətt" üzrə isə "İçərişəhər" - "Həzi Aslanov" marşrutu ilə tam müstəqil hərəkət təşkil ediləcək.
Metroda yaranacaq dəyişiklikləri kompensasiya etmək məqsədilə yerüstü ictimai nəqliyyat gücləndiriləcək. İlkin mərhələdə 6 ekspres avtobus marşrutunun təşkili nəzərdə tutulur. Bu marşrutlar "yaşıl xətt" üzərində yerləşən əsas stansiyaları - "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar" və "Nizami" stansiyalarını "28 May", "Gənclik" və "Koroğlu" istiqamətləri ilə əlaqələndirəcək. Eyni zamanda mövcud avtobus marşrutlarına əlavə nəqliyyat vasitələri cəlb ediləcək.
Rəsmilər ekspres avtobusların ödənişli olacağını bildiriblər. Tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur və avtobuslardan qüvvədə olan ödəniş qaydaları ilə istifadə ediləcək".
Qeyd olunub ki, "28 May" - "Nizami" arasında birbaşa avtobus əlaqəsinin metrodakı sərnişin axınını tam əvəz etməsi texniki baxımdan mümkün deyil. Belə ki, bir metro qatarı təxminən 1600 sərnişin daşıyır və eyni həcmdə sərnişinin avtobuslarla daşınması üçün qısa müddətdə onlarla iri tutumlu avtobus tələb olunur. Mövcud yol infrastrukturu buna imkan vermədiyindən sərnişin axınının müxtəlif ekspres və müntəzəm avtobus marşrutları vasitəsilə bölüşdürülməsi planlaşdırılır.
B.Məmmədov deyib ki, ekspres avtobusların dəqiq marşrutları, dayanacaqları, hərəkət intervalları və digər təfərrüatlar barədə məlumatlar avqustun 15-dək ictimaiyyətə təqdim olunacaq./Oxu.Az
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ