Onlayn ictimai-siyasi qəzet
Acınacaqlı faktdır ki, müstəqillikdən sonrakı Dövlət Dumasında bir azərbaycanlı deputat olmayıb; 112 milyona yaxın seçiciyə nisbətdə soydaşlarımızın səsləri “dənizdə bir damladır”, amma...
Şimal qonşumuz Rusiyadakı üçgünlük seçkilərə Azərbaycanın cəmiyyət olaraq, necə deyərlər, “nol vnimaniya”sının səbəbləri çoxdur. Bu səbəblər sırasına Kremlin xüsusilə son illər bu ölkədə məskunlaşmış azərbaycanlılara münasibətdə aşırı sərtliyi, paytaxt Moskva daxil olmaqla regionlarda diaspor filiallarının əsassız olaraq vətəndaşlıqdan məhrum edilməsindən tutmuş, bəzi postsovet məkanında bu tip seçkilərə etimadsızlığa qədər çoxsaylı amillər daxildir.
Məsələn, daha bir qonşumuz Türkiyədə hətta bələdiyyə seçkiləri keçiriləndə Azərbaycanda ciddi mövqe dartışmalarının, sosial şəbəkələrdə emosional müzakirələrin şahidi oluruq. Türkiyə, əlbəttə, bizə qardaş ölkədir, orada baş verən hər bir ciddi siyasi təlatümlər Bakıya təsirsiz ötüşmür. Amma o da faktdır ki, bizim Türkiyədəki seçkilərin nəticələrinə xüsusi olaraq təsir edəcək mexanizmimiz yoxdur. Çünki bu ölkənin vətəndaşlığını almış azərbaycanlıların sayı çox deyil, üstəlik, onlar da siyasi cəhətdən fəal toplum sayılmırlar. Rusiyada isə azərbaycanlıların statusu fərqlidir.
Rusiyada seçkilərin əsas etibarilə hakimiyyətin nəzarəti və diktəsi altında formal keçirilməsi bəllidir, amma bu ölkədə səsvermə hüququ olan yüz minlərlə, bəlkə də milyona yaxın soydaşımız var. Daha mühüm isə Rusiya həm də sayı yenə milyonlarla ifadə olunan azərbaycanlı işçilərin “çörəkpulu” qazandığı ölkədir. Çox da uzaq olmayan keçmişdə belə vacib seçkilərdə Azərbaycan diasporası toplanar, əlbəttə ki, Putin hakimiyyətinə (və ya onun “Vahid Rusiya” partiyasına) dəstəyini ifadə edərdi. Xatırlayıram ki, Rusiyada, xüsusilə şimal paytaxtında diasporanın “guruldayan” vaxtı bu mövqeyi baş nazirin sabiq birinci müavini (indi, deyəsən, Azərbaycanda barəsində axtarış elan olunub) Abbas Abbasov xüsusi toplantısında (və ya mitinqində) pafoslu şəkildə elan edərdi. Abbas Abbasovdan çoxdan soraq yoxdur. Təəssüf ki, güclü olan o diaspora da keçmişdə qalıb.
Əlbəttə, bu vəziyyətə görə Azərbaycan diasporası adı altında siyasi oyunbazlıq, hakimiyyət iddiaları ilə məşğul olanların günahı böyükdür. Rusiyadakı diaspora o günə qalıb ki, sentyabr seçkiləri ərəfəsində onun adından müxtəlif feyk bəyanatlar verildi. Məsələn, deyilirdi ki, səsvermə hüququ olan azərbaycanlılar LDPR-ə (“Jirinovskinin partiyası” kimi məşhurdur) səs verməlidir, çünki onun sədri Leonid Slutski Azərbaycana münasibətdə obyektivdir, işğaldan azad Qarabağda olub və s.
Ola bilsin, Slutski 450 mandat uğrunda (bəzi regionlarda paralel olaraq qubernator da seçilir) mübarizə aparan namizədlər içərisində Azərbaycana münasibətdə ən uyğunudur.
Açıqlamalarında həqiqətən də ölkəmiz haqqında sələfindən (özündən əvvəlki sədrdən) fərqli olaraq hörmətlə danışır. Azərbaycanlıların seçmək hüququ olan 112 milyona yaxın seçiciyə nisbətdə səsləri “dənizdə bir damladır”. Amma say nə qədər olsa belə, diaspora fəaliyyət göstərməli, doğru yönləndirməlidir.
Acınacaqlı faktdır ki, Rusiyanın müstəqilliyindən bəri Dövlət Dumasında bir azərbaycanlı deputat olmayıb! Yerli seçkilərdə azərbaycanlıların təmsilçiliyi var. Amma federal səviyyədə azərbaycanlılara mandat almaq nəsib olmur, bunun da səbəbi sirr deyil. İndi hətta o da bilinmir ki, ümumiyyətlə seçkidə iştirak edən 10 partiyanın namizədləri sırasında neçə azərbaycanlı var, ümumiyyətlə, varmı? Mən axtarmağa çalışdım, belə statistika tapa bilmədim.
Azərbaycanlılar intellekt baxımından Rusiyada məskunlaşan heç bir xalqdan, məsələn, şimal ölkəsində ən böyük diasporaya malik ermənilərdən geri qalmayıb. Amma nə sirdirsə, hələ SSRİ vaxtından onlar federal (mərkəzi) hakimiyyətin ən müxtəlif qollarında özlərinə yer edə biliblər. Yeri gəlmişkən, erməni diasporasının anti-Azərbaycan mövqeli lideri, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Prezident yanında Millətlərarası Münasibətlər Şurasının İnformasiya Təminatı və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədridir. Amma o komissiyada bir azərbaycanlı belə yoxdur. Belə ürəksıxıcı faktlar çoxdur...
Son olaraq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Azərbaycanla münasibətlərdə olan gərginlik artıq keçmişdə qalıb. Hamıya bəllidir ki, iki ölkə arasındakı gərginlik nə Bakıya, nə Moskvaya faydalıdır, ölkə rəhbərlikləri də bunun fərqindədirlər. Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyən Rusiya rəhbərliyi qarşısında diaspora ilə bağlı yaranmış süni əngəllər mütləq ki, ikitərəfli danışıqlarda gündəmə gələcək.
Azərbaycan diasporasının nəinki Rusiyada, dünyanın heç bir ölkəsində “hakimiyyəti ələ keçirmək” kimi siyasi ambisiyası yoxdur. Ona görə ilk növbədə bizə qonşu Rusiyanın ayrı-ayrı siyasi dairələrində Azərbaycana qarşı qərəzli münasibətə son qoyulmalı, dövlətlərarası münasibətlərin möhkəmlənməsində əvəzedilməz rolu olan diasporanın fəaliyyətinə süni əngəllər yaradılmamalıdır.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ