Onlayn ictimai-siyasi qəzet
"Ermənistan Atom Elektrik Stansiyasının istismar müddəti başa çatmaq üzrədir və hazırda növbəti Atom Elektrik Stansiyası ilə bağlı qərar qəbul edirik və bu baxımdan müxtəlif tərəfdaşlarla - ABŞ, Rusiya, Çin, Fransa, Cənubi Koreya ilə danışıqlar aparırıq və yeni Atom Elektrik Stansiyasının tikintisinə başlamaq üçün ən yaxşı təklifi axtarırıq".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən illik Konkordiya Zirvə Toplantısında panel müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, yeni texnologiyalar sayəsində Ermənistanın enerji özünütəminatına nail olmaq üçün yaxşı imkanları var. Ermənistanda enerjinin gələcəyini necə təsəvvür etdiyi soruşulduqda, Paşinyan belə cavab verdi:
"Bilirsiniz, yeni texnologiyalarla Ermənistanın enerji baxımından özünü təmin etmək üçün yaxşı şansı var, çünki bizim böyük günəş ehtiyatımız və günəş enerjisi istehsal güclərimiz var. Onlar çox sürətlə inkişaf edir."
"İndi bizim üçün ən vacib məsələ saxlama imkanlarını yaratmaqdır, çünki indiyə qədər saxlama imkanlarımız yox idi və indi genişmiqyaslı saxlama qabiliyyətinə ehtiyacımız var. Biz bu istiqamətdə çalışırıq". Qeyd edək ki, Azərbaycan Ermənistana elektrik enerjisi verə bilər. Lakin Bakı Metsamor AES-in bağlanmasını tələb edir. Prezident bu yaxınlarda Metsamor məsələsini bir daha vurğuladı. Ermənistan TŞ katibi Alen Simonyan da təsdiq edir ki, gələcəkdə Azərbaycan və Türkiyə bu ölkəyə elektrik enerjisi verə bilər. Bu halda, Paşinyan yeni AES tikintisi üçün ayrı-ayrı ölkələrlə danışıqlara niyə başlayır? Metsamor bölgəyə hansı təhdidi yaradır?
Professor Elxan Mirzəyevin Musavat.com-a bildirdiyinə görə, Paşinyan yeni AES tikintisi üçün Rusiyanın da adını çəkməklə qarşı tərəfi bir növ sakitləşdirmək istəyib.
"Ermənistan yeni layihəni ABŞ ilə birlikdə həyata keçirməkdə niyyətlidir. Şübhəsiz ki, Fransa da ola bilər. Bu məsələ getdikcə siyasi mahiyyət kəsb etməyə başlayır. Çünki söhbət Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaqdan gedir. Bu istiqamətdə erməni tərəfinə dəstək veriləcək ki, Rusiyadan uzaqlaşsın. Nəzərə alaq ki, təkcə elektrik enerjisi deyil, neft-qaz alışı da nəzərdə tutulub. Rusiya təmir adı ilə 10 gün Ermənistana qaz nəqlini dayandırıb. Paşinyan alternativ axtarışında olduqlarını açıqlayıb. Təbii ki, ilk növbədə Azərbaycan qazı nəql olunacaq. Həmçinin Qazaxıstan, Türkmənistan da qaz verəcək. Eynilə elektrik enerjisi ilə təmin etmək planda yer alır. Bütün bunlar kiçik və illərlə aləətə çevrilmiş Ermənistanı Rusiyanın əlindən almağa, asılılığını azaltmağa hesablanıb"- mütəxəssis vurğulayıb.
Onun fikrincə, məhz buna görə də Metsamor AES bağlanmaya bilər, amma Paşinyanın da etiraf etdiyi kimi, istismar müddəti başa çatır, yəni əvvəlki rejimdə fəaliyyət göstərməyəcək:
"Zənnimcə, Ermənistan bunun əvəzində yeni AES tikintisinə qədər vaxtı uzadacaq. Təxminən Avropa İttifaqına qəbul olunana qədər Avrasiya İqtisadi Birliyində qalmağa oxşayır. Metsamor da o zaman birdəfəlik bağlanacaq ki, Qərb dövlətləri Ermənistana yeni AES tikib istifadəyə verəcəklər. Amma Çin və Cənubi Koreya da bu layihənin reallaşmasında iştirak edə bilər. Əgər Çinin iştirakı olarsa, Rusiyanı müəyyən qədər qane edəcək. Hər halda, fakt budur ki, Metsamor ömrünü başa vurub, Ermənistan hökuməti bu həqiqəti qəbul edir və Qərbdən, eləcə də Azərbaycan və Türkiyədən Rusiyanın enerji asılılığından xilas olmaq üçün dəstək istəyir".
Elxan Mirzəyev əlavə edib ki, Metsamor AES-in region üçün təhdid olduğu dəfələrlə vurğulanıb: "Bunun da çox sadə izahı var - seysmik cəhətdən aktiv ərazidə yerləşir. Nəticədə həm ekoloji cəhətdən zərərlidir, həm də nüvə təhlükəsi mənbəyidir. Azərbaycan dəfələrlə haqlı tələb irəli sürüb, Avropa qurumları qarşısında məsələ qaldırıb. Üstəlik, 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir".

Xatırladaq ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. Stansiyanın istismar resurslarının Rusiyanın kredit vəsaitləri hesabına artırılması planlaşdırılır. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb və bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzadılması planlaşdırılır.
Emil Salamoğlu
Musavat.com
25 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ