İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonerlər bu ölkəyə köçür - Şəhər quracaqlar

Silikon Vadisinin milyarderləri tərəfindən maliyyələşdirilən “Praxis” layihəsi ənənəvi dövlət modelindən fərqli yeni yaşayış ekosistemi yaratmağı planlaşdırır. Layihənin qurucuları əvvəlcə Qrenlandiyanı satın almağı nəzərdən keçirsələr də, hüquqi və siyasi maneələr səbəbindən istiqaməti Uruqvaya çeviriblər.

Musavat.com xəbər verir ki, Kriptovalyuta və Silikon Vadisi investorlarının maliyyələşdirdiyi “Praxis” layihəsinin əsas məqsədi öz qaydaları və vergi sistemi olan yeni şəhər yaratmaqdır.

Layihənin həmtəsisçisi və baş icraçı direktoru Dryden Brown illər ərzində bu məqsəd üçün uyğun ərazi axtarıb. Onun nəzərdən keçirdiyi variantlar arasında Aralıq dənizi sahilləri və hətta Qrenlandiyanın satın alınması da olub.

Qrenlandiya planı baş tutmadıqdan sonra komanda daha az diqqət çəkən variant kimi Uruqvayı seçib.

“Praxis” ideyasının ilk müzakirələri anarko-kapitalist milyoner, kriptovalyuta tərəfdarları və texnologiya dünyasının nümayəndələrinin Discord, Telegram və Signal qruplarında aparılıb.

Layihə “ağ şəbəkə dövləti” konsepsiyası ilə tanınan Balaji Srinivasanın ideyalarından da ilham alıb. Bu modeldə ortaq dəyərlərə və kifayət qədər maliyyə imkanlarına malik onlayn icmanın müəyyən ərazi əldə edərək öz yaşayış sistemini qurması və gələcəkdə digər dövlətlər tərəfindən tanınmağa çalışması nəzərdə tutulur.

“Praxis”in internet saytında layihəyə köçmək istəyən 4 mindən çox insanın olduğu bildirilir.

Layihə 2023-cü ilə qədər Sam Altman, Peter Thiel və FTX-nin qurucusu Sam Bankman-Fried ilə əlaqəli şirkətlər və vençur fondlarından təxminən 20 milyon dollar investisiya cəlb edib.

İlk planlar Aralıq dənizi sahillərində şəhər salınmasını nəzərdə tuturdu. İlkin layihəyə əsasən, təxminən 400 hektar ərazidə 10 min “Praxis əməkdaşı” üçün yaşayış məntəqəsinin yaradılması planlaşdırılırdı.

Lakin komanda bölgənin aktiv münaqişə zonalarına yaxınlığını nəzərə alaraq bu variantdan imtina edib.

Daha sonra Dryden Brown Qrenlandiyaya səfər edib və adanın satın alınması imkanını araşdırıb. Lakin bu təşəbbüs də nəticəsiz qalıb.

Bundan başqa, Qrenlandiyanın hüquqi statusu da layihə üçün ciddi maneə yaradır. Danimarkanın 2009-cu il Muxtariyyət Qanununa əsasən, Qrenlandiyanın müstəqilliyi üçün yerli parlamentin razılığı, referendum və Danimarka parlamentinin təsdiqi tələb olunur.

“Praxis”in Uruqvaya yönəlməsində ölkənin siyasi sabitliyi, hüquqi sistemi və yeni vergi rezidentlərinə təqdim etdiyi güzəştlərin rol oynadığı bildirilir.

Mənbədə qeyd olunur ki, Uruqvay müəyyən şərtlər daxilində yeni vergi rezidentlərinə 11 ilədək vergi güzəştləri təqdim edir.

Brown Uruqvayı “Cənubi Amerikanın İsveçrəsi” adlandırıb və ölkənin sörf imkanlarını da xüsusi vurğulayıb.

Layihənin Uruqvaya köçürülməsi ölkədə həyata keçirilən “+Colonia” adlı daşınmaz əmlak layihəsi ilə də əlaqələndirilir. “Praxis” komandası yüksək texnologiyalı, bir-biri ilə sıx əlaqəli və ekoloji baxımdan dayanıqlı şəhər konsepsiyasına malik bu layihə ilə əməkdaşlıq etməyi planlaşdırır.

“+Colonia”nın dəstəkçilərindən Eduardo Bastitta layihənin ilk mərhələlərində “Praxis” üçün təxminən 1 milyard dollarlıq investisiya nəzərdə tutulduğunu bildirib.

Şəhərin Uruqvayın cənubundakı Koloniya-del-Sakramentoda, Buenos-Ayresdən təxminən 45 kilometr məsafədə yerləşməsi planlaşdırılır.

Layihənin Argentinaya yaxınlığı da planlaşdırma zamanı nəzərə alınan amillərdən biri kimi göstərilir.

Bastittanın sözlərinə görə, Cənubi Amerikanın Avropa və Yaxın Şərqin bəzi mərkəzlərindən uzaqda yerləşməsi gələcək qlobal münaqişələr baxımından müəyyən üstünlük yarada bilər.

Son dövrlərdə bəzi texnologiya milyarderlərinin Argentina və ətraf əraziləri mümkün təhlükəsiz məkan kimi qiymətləndirdiyi barədə xəbərlər də yayılıb.

“Praxis” ilə “+Colonia” arasında hazırda əldə olunan razılaşmanın əsasən məcburi hüquqi öhdəlik yaratmayan anlaşma xarakteri daşıdığı bildirilir. Torpaq sahəsinin alınması da hələ yekunlaşmayıb.

Buna baxmayaraq, layihə üçün ilkin vaxt cədvəli hazırlanıb. “Praxis” ilk sakinlərin 2027-ci ilin ortalarında əraziyə köçməsini gözləyir.

Dryden Brown isə Uruqvayın mövcud qanunlarına əməl edəcəklərini və ən azı hazırkı mərhələdə ayrıca hökumət qurmaq tələbi irəli sürməyəcəklərini bildirib.

Layihənin gələcəyi ilə bağlı isə hələ bir sıra suallar qalır. Mənbədə qeyd olunan Cornell Universitetinin tarixçisi Raymond Craib bu tip özəl şəhər və şəhər-dövlət layihələrinin indiyədək gözlənilən nəticələri vermədiyini bildirib.

Buna nümunə kimi Hondurasdakı “Próspera” layihəsi göstərilir. Honduras hökumətinin layihəni dəstəkləyən hüquqi tənzimləməni ləğv etməsindən sonra tərəflər arasında yaranan mübahisə beynəlxalq arbitraja çıxarılıb.

“Praxis”in Uruqvay layihəsi isə hazırda planlaşdırma və investisiya mərhələsindədir. Qrenlandiyadan Aralıq dənizinə, oradan isə Uruqvaya uzanan axtarışın sonunda bu layihənin necə bir şəhərə çevriləcəyi qarşıdakı illərdə bəlli olacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR