İnsanlara hürriyət, millətlərə istiqlal!

Minimum əməkhaqqı ilə bağlı ŞOK PROQNOZ

2027-ci ildə minimum əməkhaqqının nə qədər olacağı artıq indidən müzakirə olunan əsas sosial-iqtisadi məsələlərdən biridir. Əhalinin gəlirləri, inflyasiya, orta əməkhaqqının artımı və yaşayış xərclərinin dəyişməsi fonunda gələn il minimum əməkhaqqının hansı həddə müəyyənləşdiriləcəyi maraq doğurur.

Bəs 2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər? İndiki göstəricilər hansı rəqəmə işarə edir?

Musavat.com-un xəbərinə əsasən, iqtisadçı Eldəniz Əmirov hesab edir ki, mümkün rəqəmi proqnozlaşdırmaq üçün inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyətlə yanaşı, əvvəlki illərin təcrübəsinə də nəzər salmaq lazımdır:

"2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20 faiz artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15 faiz artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9 faiz artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə isə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20 faiz intervalında həyata keçirilib. Orta aylıq əməkhaqqının ümumi dinamikasına gəldikdə, 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə orta aylıq əməkhaqqının 1288,3 manat olacağı proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8 faiz yüksək olacağı gözlənilir. Bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsas yaradır. Belə ki, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün proqnozlaşdırılan rəqəmi müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8 faizlik artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, hazırkı 400 manat təxminən 465-470 manata yüksələ bilər. İnflyasiya baxımından yanaşdıqda isə bir qədər aşağı nəticə alınır. 2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7 faiz təşkil edib, 2027-ci il üçün isə orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricilər göstərir ki, minimum əməkhaqqının artımında yalnız inflyasiya amili əsas götürülsə, təxminən 450 manatlıq rəqəm ortaya çıxa bilər. Beləliklə, iki fərqli göstərici müəyyən interval formalaşdırır".

ELDENİZ EN SON.jpeg (93 KB)

İqtisadçı qeyd edib ki, inflyasiya əsasında aparılan hesablama təxminən 450 manata, orta əməkhaqqının artım tempi isə 465-470 manata işarə edir:

"Eyni zamanda, əvvəlki illərdə minimum əməkhaqqının 15-20 faiz intervalında artırılması da 2027-ci il üçün 460 manat və daha yuxarı rəqəmləri dəstəkləyən əlavə göstəricidir. 2027-ci ilin büdcə xərclərinin cəmi 1,7 faiz artırılması isə ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir. Bununla belə, minimum əməkhaqqının artımını birbaşa büdcə xərclərinin artım faizi ilə əlaqələndirmək doğru olmaz. Bütün bu göstəriciləri birlikdə qiymətləndirdikdə, mənim 2027-ci il üçün gözləntim minimum əməkhaqqFnın 450-470 manat intervalında müəyyənləşdirilməsidir. Bu interval daxilində isə 460 manat daha real görünür. Bu, 15 faizlik artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə uyğun nəticədir. 470 manat variantının da kifayət qədər ciddi əsası var. Çünki minimum əməkhaqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, aparılan hesablama təxminən bu rəqəmə gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, mənim 2027-ci il üçün əsas proqnozum minimum əməkhaqqının 460 manat müəyyən edilməsidir. 470 manat da mümkün variantdır və əhalinin alıcılıq qabiliyyətinin qorunması, sosial dəstəyin gücləndirilməsi baxımından daha müsbət nəticə verə bilər.
450 manatdan aşağı məbləğ isə arzuolunan deyil. Beləliklə, gələn il minimum əməkhaqqının 460 manat olmasını həm mövcud iqtisadi göstəricilər, həm də əvvəlki illərin artım təcrübəsi nəzərə alınmaqla mümkün variantlar arasında əsas proqnozum hesab edirəm".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR