İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyanın Tehran SƏFƏRİNİN pərdəarxası

Cənubi Qafqazda yeni siyasi və nəqliyyat reallıqlarının formalaşdığı bir vaxtda Ermənistan-İran xəttində diplomatik təmasların intensivləşməsi diqqət çəkir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri və İran rəsmiləri ilə keçirdiyi görüşlər iki ölkənin regional proseslərə dair mövqelərini yenidən müzakirə etdiyini göstərir. Gündəliyin əsas istiqamətləri arasında ikitərəfli münasibətlərlə yanaşı, nəqliyyat, ticarət, enerji və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar da yer alır. Mirzoyanın Tehran səfəri Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və Ermənistanın ABŞ-la TRIPP layihəsi çərçivəsində yaxınlaşması fonunda baş verir. İrəvan bir tərəfdən İranla əlaqələri dərinləşdirməyə, digər tərəfdən isə yeni regional nəqliyyat imkanlarından yararlanmağa çalışır.

Ermənistan-İran yaxınlaşması Cənubi Qafqazın dəyişən nəqliyyat və geosiyasi xəritəsinə necə təsir edə bilər?

“Cənubi Qafqazda formalaşan yeni geosiyasi və geoiqtisadi konyunktura şəraitində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri İrəvanın balanslaşdırılmış xarici siyasət yürütmək və regional təcridini minimuma endirmək cəhdinin bariz göstəricisidir. 44 günlük Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra Azərbaycanın regionda bərqərar etdiyi yeni geosiyasi reallıqlar, xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr və ABŞ-nin dəstəklədiyi TRIPP layihəsi kontekstində İrəvan-Tehran xəttindəki intensivləşmə bir neçə mühüm siyasi-hüquqi və strateji aspektdən qiymətləndirilməlidir”. 

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.


Bəhruz Məhərrəmov: "Rusiya repressiya təfəkküründən qopa bilməyib" —  TodayPress.tv

Onun fikrincə, siyasi-hüquqi müstəvidə Ermənistanın eyni vaxtda həm Qərb, həm də İranla strateji dialoqu dərinləşdirmək cəhdi ciddi ziddiyyətlər ehtiva edir: “Bir tərəfdən, İrəvan ABŞ ilə infrastruktur və təhlükəsizlik layihələrində yaxınlaşaraq öz xarici siyasətini şaxələndirməyə və Rusiyadan asılılığını azaltmağa çalışır. Digər tərəfdən isə, Tehran üçün Qərbin, xüsusilə də Vaşinqtonun Cənubi Qafqazda artan hərbi-siyasi və iqtisadi nüfuzu birbaşa milli təhlükəsizlik təhdidi kimi qəbul olunur. Bu baxımdan, Mirzoyanın səfəri Tehranın regiondakı geostrateji narahatlıqlarını neytrallaşdırmaq və Ermənistanın Qərblə yaxınlaşmasının İrana qarşı yönəlmədiyinə dair təminat vermək məqsədi daşıyır. Nəqliyyat və logistika nöqteyi-nəzərindən İran Cənubi Qafqazda xarici oyunçuların mövcudluğuna qarşı çıxsa da, Ermənistanın cənub sərhədinin-Qərbi Zəngəzurun (Sünik) mövcud status-kvosunun qorunmasında İrəvanla tam həmrəydir. Tehran sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn suverenlik prinsipinə istinad edərək, ekstraterritorial dəhliz konsepsiyasını qətiyyətlə rədd edir. Ermənistanın təklif etdiyi "Sülh kəsişməsi" təşəbbüsü və Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistan marşrutu İran üçün həm geosiyasi patronajını saxlamaq, həm də Azərbaycan və Türkiyənin regiondakı tam nəqliyyat dominantlığının qarşısını almaq üçün cəhddir. Bununla belə, bu yaxınlaşmanın real çəkisi və dəyişən geosiyasi xəritəyə təsiri məhduddur. Azərbaycanın İran ərazisindən keçən Araz dəhlizi layihəsini paralel olaraq icra etməsi Tehranı Bakı ilə konstruktiv əməkdaşlığa sövq edən əsas amillərdəndir. İran bir tərəfdən İrəvanın regional təcridini azaltmağa dəstək verir, digər tərəfdən isə Azərbaycan və Türkiyə kimi iri regional güclərlə iqtisadi və strateji əlaqələrini riskə atmaq istəmir. Görünən odur ki, Ermənistan-İran diplomatik təmaslarının intensivləşməsi Cənubi Qafqazda Azərbaycanın müəyyənləşdirdiyi əsas güc balansını və logistik xəritəni dəyişdirmək gücündə deyil, bu daha çox İrəvanın dəyişən reallıqlar şəraitində öz təhlükəsizlik və iqtisadi marşrutlarını sığortalamaq cəhdidir ki, perspektivi şübhə doğurur”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR