İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva MDB ölkələrini Qərblə qorxudur

Rusiya bu platformada iclasları ən müxtəlif səviyyələrdə intensivləşdirib; postsovet məkanına əsl təhdid haradandır? 

Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçirilib. TASS-ın məlumatına görə, MDB-yə təhdidlər, onlara cavab tədbirləri və Qərbin ideoloji təbliğatına qarşı mübarizə təhlükəsizlik şuraları katiblərinin 13-cü iclasının əsas mövzusu olub. İclasda “MDB-də təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər və mümkün birgə cavab tədbirləri” də müzakirə olunub.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. Şoyqu deyib ki, təhlükəsizlik şurası katiblərinin görüşü “etibarlı ünsiyyətin unikal formatı” adlandırıb. “Bu bizə  yalnız ən mürəkkəb təhlükəsizlik məsələlərini açıq və konstruktiv şəkildə müzakirə imkan verir”.

Xatırladaq ki, ABŞ Hərbi Kəşfiyyat Agentliyi Rusiyanın Mərkəzi Asiyada və Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını ifadə edən hesabat yaymışdı. ABŞ hərbi kəşfiyyatının hesabatında qeyd olunurdu ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır. Hesabatda qeyd olunurdu ki, Rusiya bu ölkələrə, regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) deyil, həm də MDB-dən istifadə edir. Aydındır ki, MDB çoxdan formal quruma çevrilib, amma Rusiya əsas moderator kimi qurumun saxlanılmasında, Qərb isə əksinə, dağılmasında maraqlıdır. ABŞ kəşfiyyatının son hesabatında da MDB-nin rolunun qabardılması təsadüfi deyil.  

Elxan mirzeyev.jpg (19 KB)

Elxan Mirzəyev       

VHP sədrinin müavini, professor Elxan Mirzəyevin sözlərinə görə, MDB ölkələrinin müxtəlif səviyyələrdə iclaslarının təşkili intensivləşib. Onun fikrincə, buna səbəb Rusiyanın MDB məkanında təsirlərini saxladığını nümayiş etdirməkdir. Bundan az əvvəl də təhlükəsizlik orqanları rəhbərlərinin, daha öncə isə prezidentlərin sammitinin keçirildiyini yada salan E.Mirzəyev hesab edir ki, Rusiya narahatdır: “Bu narahatlığa səbəb Qərbin MDB məkanında yürütdüyü siyasətdir. İstər Cənubi Qafqaz, istər Orta Asiya olsun, Rusiyaya elə gəlir ki, rəqibləri bu regionları onun əlindən alır və özünü sıxışdırıb çıxarır. Sözsüz ki, MDB platformasında görüşlərin təşkili ilə Qərbin regionda təsirlərini zəiflətmək mümkün deyil. Hər bir halda, Rusiya addımlardan biri kimi bunu görür”.

Professor MDB məkanına kənardan təhdidləri istisna etmir, lakin ən ciddi təhlükənin elə Rusiya olduğunu düşünür: “Qərbin Rusiyaya olan təzyiqlərini Moskva bütün MDB-yə təhdid kimi qələmə verir. Halbuki bu hücumları bütün postsovet məkanının ayağına yazmaq doğru olmazdı. Təbii ki, Azərbaycan və digər ölkələr zaman-zaman xarici təhdidlərlə üzləşib. Bura kiberhücumlardan tutmuş müxtəlif istiqamətlərdə təhlükələrin olması daxildir. Lakin son iclasın mövzusu Qərbin ideoloji təbliğatına qarşı mübarizəyə həsr olunub. Yəni bu da Rusiyanın özü üçün narahatlıqdan xəbər verir. Faktiki olaraq Rusiya Qərblə "soyuq müharibə" və proksi savaş şəraitindədir. Bunu Ukrayna cəbhəsində, hibrid mübarizədə, Cənubi Qafqazda strateji rəqabətdə görmək olar. Ona görə də Rusiya Qərbin onu sıxışdırması kampaniyalarını MDB məkanının ayağına yazır. Ümumiyyətlə, MDB formatı yeni dünya nizamının qurulması prosesində dağılmağa məhkumdur. Bu birlik SSRİ dağılandan sonra, yarandı və zərurət var idi. İndi bir ictimai-siyasi formasiya dağılır, dünyada yenisi yaranır. Bu da ağrılı prosesdir və müharibələrə səbəb olur. Əslində dünyanın yenidən bölüşdürülməsi gedir və MDB formatı bu reallıqda özünü qoruya bilməyəcək. Çünki Rusiya əvvəlki dominantlığını qoruyub saxlaya bilməyib. Müharibə və Qərbin genişlənmə siyasəti Moskvanın mövqeyini zəiflədib". 

Ən əsası, professorun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı var: “Onun həm dövlət başçıları, həm təhlükəsizlik şuralarının başçıları, həm parlament sədrləri və ən müxtəlif ranqlarda iclasları keçirilir. MDB ölkələrinin əksəriyyəti bu platformaya meyllənib. Başqa tərəfdən, Çin faktoru qəbul edilməlidir. Mərkəzi Asiya ölkələri qitənin nəhəngi ilə əməkdaşlığa üstünlük verir və onlar üçün Rusiya prioritet deyil. Azərbaycan Türkiyə ilə TDT-də perspektiv görür. Bu gün MDB üzv ölkələrə heç nə vəd etmir. Azərbaycan da özünün strateji siyasətini MDB üzərində qurmayıb”.

Məlumat üçün deyək ki, keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik 1991-ci ilin 8 dekabrında yaradılıb. MDB-yə ilkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belarus daxil idi. Bu dövlətlər SSRİ-nin dağılmasının (faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər. MDB həm də SSRİ-nin “mədəni dağılmasını” bəyan etmək, onun mülklərini keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr  1991-ci il tarixində Almatıda Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  









ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR