Onlayn ictimai-siyasi qəzet
Son günlər bəzi valideynlər övladları ilə bağlı "MyGov" portalında əks olunan laborator analiz nəticələrindən narazılıq edir. Musavat.com-a müraciət edən bir qrup valideynin sözlərinə görə, il ərzində heç bir tibb müəssisəsinə aparılmayan uşaqların adına sistemdə analiz nəticələri görünür, hətta bəzi hallarda müxtəlif diaqnozlar da qeyd edilib.
Belə müraciətlərdən birini edən vətəndaş Rüfət Əliyev sosial şəbəkədə yazıb: "MyGov-u incələyirdim. "Övladlarınızın analiz nəticələri" bölməsində Nihadın analiz nəticələri qarşıma çıxdı. Həmin tarixdə ümumiyyətlə, bu il Nihad üçün nəinki analiz vermişik, ümumiyyətlə, xəstəxanaya aparmamışam".
Məsələ ciddi suallar doğurur. Xəstəxanaya müraciət edilmədiyi halda laborator müayinənin nəticələri sistemə necə düşür? Bu analizləri kim rəsmiləşdirir? Vətəndaşların elektron sağlamlıq məlumatlarında niyə uyğunsuzluqlar yaranır?
Qeyd edək ki, Rüfət Əliyev bu problemlə üzləşən ilk valideyn deyil. Redaksiyamıza daxil olan digər müraciətlərdə də oxşar halların yaşandığı bildirilir.

Mövzu ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, əvvəlki dövrlərə aid diaqnozlar, tibbi qeydlər və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədilə nəzarət tədbirləri gücləndirilib.
Qurumun açıqlamasında deyilir: "Əvvəlki dövrlərə aid diaqnoz, tibbi qeyd və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədilə TƏBİB tərəfindən nəzarət tədbirləri gücləndirilib. Daxil olan müraciətlər hər bir hal üzrə fərdi qaydada araşdırılır, məlumatların mənbəyi və yaranma səbəbləri müəyyən edilir, zərurət olduqda aidiyyəti tibb müəssisələri və məsul şəxslər tərəfindən əlavə yoxlamalar aparılır. Qeyd edilən hallar davamlı və kütləvi şəkildə deyil, əsasən texniki səbəblərdən nadir hallarda baş verir. Bu hallar baş verdikdə isə dərhal zəruri addımlar atılır və analoji halların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür".
Xatırladaq ki, valideynlər 18 yaşınadək övladlarının laborator analiz nəticələrini birbaşa "MyGov" platforması üzərindən rəqəmsal formada əldə edə bilirlər. Sistem vasitəsilə analizin götürüldüyü tarix, tibb müəssisəsinin adı, nümunə nömrəsi və digər məlumatlar görünür, həmçinin nəticələri PDF formatında yükləmək mümkündür.
Şahanə Rəhimli
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ