Onlayn ictimai-siyasi qəzet
“Nurani Qasımova böyük bir irsə istinad edirdi. Onun jurnalistlik istedadı bəlkə də genetik yaddaşından gəlirdi. Onun valideynləri də jurnalist idi və istedadlı jurnalistlər idilər”.
Musavat.com bildirir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Əməkdar jurnalist, tanınmış siyasi analitik Nurani Qasımovanın vida mərasimində deyib.
Natiq Məmmədli mərhum jurnalistin Azərbaycan müstəqil mətbuatında özünəməxsus yeri olduğunu vurğulayıb.
“Azərbaycanın haqq səsini çatdırmaq, özü də Sovet İttifaqının dağıldığı, müstəqilliyin yeni-yeni möhkəmləndiyi bir dövrdə Azərbaycan müstəqil mətbuatının flaqmanı olmaq – bu, çox çətin məsələ idi. Nurani və onun valideynləri bu istiqamətdə nümunə yaratdılar.
Onların yazıları milli jurnalistikamızda böyük populyarlıq qazanmışdı. Çünki onlar rus dilində yazırdılar və çox savadlı, peşəkar yazılar ortaya qoyurdular”, – deyə o bildirib.
Natiq Məmmədli qeyd edib ki, Nurani Qasımova yaradıcılığı boyu həqiqəti yazmaqdan çəkinməyib:
“Nurani həmişə düz sözü yazıb, həqiqəti yazıb. Daha doğrusu, düz sözü istedadla yazıb.
Bizim xanım jurnalistlər müxtəlif mövzularda, müxtəlif janrlarda yaxşı publisistik materiallar yazırlar. Amma analitika sahəsində xanım imzalar bizdə çox nadir rast gəlinən imzalardandır. Nurani məhz belə bir imza idi”.
O, Nurani Qasımovanın uzun illər “Zerkalo” qəzetində çalışdığını, daha sonra “Exo” qəzetində fəaliyyət göstərdiyini xatırladıb.
“Azərbaycanın müstəqil mətbuatından, intellektual jurnalistlərdən danışanda gözümüzün önünə Nurani və onun valideynləri gəlir. Eyni zamanda, təbii ki, onların açdığı yolla gedən Azərbaycanın gənc jurnalistləri gəlir”, – deyə MEDİA rəsmisi vurğulayıb.
Natiq Məmmədli mərhum jurnalistin ailəsinin yaşadığı ağır itkiləri də xatırladıb:
“Biz təxminən il yarım, iki il bundan öncə burada olan dostlarımızın hamısı tərəddüdsüz Nuraniyə anasının vəfatı ilə bağlı başsağlığı verirdik. Bu gün isə biz onun özünü son mənzilə yola salırıq. Biz inanırıq və əminik ki, Nuraninin sözü də, imzası da bizim yaddaşımızda, Azərbaycan publisistikasının yaddaşında daim yaşayacaq. Biz onları həmişə xatırlayacağıq.
Allah rəhmət eləsin”.
Xalidə Gəray
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ