Onlayn ictimai-siyasi qəzet
NATO Rusiya ilə mümkün silahlı qarşıdurma üçün detallı fəaliyyət planı hazırlayıb. Qərb mediasının məlumatına görə, strategiya “NATO Land Warfighting Concept” adlanır və onun hazırlanmasına amerikalı mayor Endryu Pinqrey rəhbərlik edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, plan mümkün müharibə zamanı NATO qüvvələrinin fəaliyyətini bir neçə mərhələyə bölür.
Birinci mərhələdə əsas məqsəd Rusiyanın aviasiya, raket və pilotsuz uçuş aparatları imkanlarının zəiflədilməsi olacaq. Bunun üçün Kalininqrad vilayətindəki hərbi obyektlərə zərbələrin endirilməsi nəzərdə tutulur.
Eyni zamanda Rusiya və Belarus sərhədləri boyunca insanların birbaşa iştirakının minimuma endirildiyi “muxtar zona”nın yaradılması planlaşdırılır. Bu ərazidə əsasən pilotsuz uçuş aparatları və robotlaşdırılmış hərbi texnika fəaliyyət göstərəcək.
Planın ikinci mərhələsi isə döyüşlərin bilavasitə Rusiya ərazisinin dərinliklərinə keçirilməsini nəzərdə tutur. Hədəflər sırasında hərbi aerodromlar, müdafiə sənayesi müəssisələri, körpülər, dəmir yolu stansiyaları və ordunun təchizat məntəqələri göstərilir.
Məlumata görə, uzaq məsafələrdə yerləşən hədəflərə zərbə vuracaq PUA-ların Rusiya ərazisinin dərinliklərinə çatdırılması üçün hava nəqliyyatından istifadə edilməsi də planın elementlərindən biridir.
Beləliklə, açıqlanan konsepsiya mümkün Rusiya-NATO müharibəsində alyansın yalnız öz ərazisinin müdafiəsi ilə kifayətlənməyərək, Rusiyanın hərbi və logistika infrastrukturunu ölkə daxilində vurmaq strategiyasını da nəzərdən keçirdiyini göstərir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ