İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan turizmi böyük sıçrayışa hazırlaşır – Unikal potensial 

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində regionun turizm potensialının çox zəngin olduğunu və turizmin inkişaf etdirilməsinin qarşıya qoyulan hədəflərdən biri olduğunu bildirib. Prezident deyib ki, Naxçıvanın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var, ancaq əfsus ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir.

“Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq. Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək”, - dövlət başçısı vurğulayıb.

Ekspertlərə görə, Prezidentin Naxçıvanın turizm potensialı ilə bağlı səsləndirdiyi fikirlər bölgənin qarşısında yeni iqtisadi imkanların açıldığını göstərir. Naxçıvanın problemi turizm resurslarının azlığı deyil. Əksinə, burada tarix, mədəniyyət, dağlar, mineral sular, sağlamlıq turizmi, ekoturizm və qış turizmi üçün kifayət qədər zəngin baza mövcuddur. Əsas məsələ bu potensialı böyük turist axınına çevirə biləcək nəqliyyat və xidmət infrastrukturunun yaradılmasıdır. Prezidentin dediyi kimi, hazırda bu istiqamətdə işlər görülür.

Musavat.com xatırladır ki, məsələn, 2026-cı ilin iyulunda Batabat yaylağında yeni piyada marşrutları istifadəyə verilib və Zəngəzur Milli Parkının ərazisində 2 saat 45 dəqiqəyə qədər davam edən yürüş marşrutları hazırlanıb.

Naxçıvanın üstünlüyü ondadır ki, turistə yalnız bir istiqamət deyil, bir neçə fərqli turizm növünü eyni səfərdə təklif etmək mümkündür. Bölgənin qədim və tarixi abidələri turizm potensialını xüsusi zənginləşdirən amillərdən sayılır. O sırada Əlincəqala Azərbaycanın ən möhtəşəm orta əsr qalalarından biridir. Qalanın yerləşdiyi dağlıq ərazi həm tarix, həm də trekking və foto-turizm üçün cəlbedicidir.

Möminə Xatun türbəsi ilə bağlı yeni tapıntı - Tarix

Həmçinin, Möminə Xatun türbəsi XII əsr Naxçıvan memarlıq məktəbinin ən möhtəşəm nümunələrindəndir. Bu abidə Naxçıvanın mədəni-tarixi turizminin əsas simvollarından birinə çevrilə bilər. Azərbaycanın rəsmi turizm portalı da Möminə Xatun türbəsini bölgənin əsas görməli yerlərindən biri kimi təqdim edir.

Naxçıvandakı Duzdağ isə tamamilə başqa istiqamətdir. Burada sağlamlıq və rekreasiya turizmi üçün unikal imkan mövcuddur. Muxtar bölgənin 250-dən çox mineral su mənbəyinin olması da onun sağlamlıq turizmi potensialını daha da artırır.

Batabat isə ekoturizm və dağ turizmi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada artıq piyada marşrutlarının yaradılması onu mənzərəli istirahət yeri olmaqla yanaşı, aktiv turizm məkanı kimi formalaşdırır.

Ordubad isə ayrıca turizm brendinə çevrilə bilər. Tarixi məhəllələri, məscidləri, hamamları, bazar kompleksi, ev-muzeyləri və Gəmiqaya istiqaməti bu şəhəri mədəni və etnoqrafik turizm üçün olduqca cəlbedici edir.

Bundan başqa, Ağbulaq qış turizmi mərkəzi, Kükü kəndi və Gurbulaq şəlaləsi Naxçıvana ilboyu turist cəlb etmək üçün əlavə imkanlar yaradır. Naxçıvan Turizm Departamentinin məlumatına görə, Ağbulaq artıq beynəlxalq media materiallarında Azərbaycanın qış turizmi məkanlarından biri kimi təqdim olunur...

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR