İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan yolunda kritik addım

Ermənistan-ABŞ xəttində TRIPP layihəsi ilə bağlı proses yeni mərhələyə daxil olur. Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən müşavirədə “Tramp marşrutu”nun reallaşdırılması üçün qarşıda duran hüquqi və təşkilati məsələlər müzakirə edilib.

Ermənistan hökumətinin yaydığı məlumata görə, görüşdə “TRIPP Development Company”nin hüquqi statusu, müqavilə bazası və fəaliyyət istiqamətləri nəzərdən keçirilib, şirkətin nizamnaməsi və səhmdarlar arasında razılaşma layihələri üzrə görülən işlər təqdim olunub.

Bu müzakirələr Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP üzrə Ermənistan və ABŞ arasında imzalanmış çərçivə sazişinə “yaşıl işıq” yandırmasından dərhal sonra baş verir. Məhkəmə sazişin Ermənistan Konstitusiyasına uyğun olduğu qənaətinə gəlib. Bununla da sənədin Ermənistan parlamentində ratifikasiya olunması üçün növbəti mərhələyə keçidi mümkün olub.

TRIPP məsələsi isə yalnız Ermənistan-ABŞ münasibətləri çərçivəsində qalan layihə deyil. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmalar fonunda gündəmə gələn layihə regionun nəqliyyat və kommunikasiya xəritəsinin dəyişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində avtomobil və dəmir yolları ilə yanaşı, enerji infrastrukturuyla bağlı imkanların da yaradılması nəzərdə tutulur.

Mühüm məqamlardan biri isə TRIPP marşrutunun Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik bağlantının formalaşdırılmasıdır. Daha sonra bu xəttin Türkiyəyə çıxış imkanları ilə regional nəqliyyat sisteminə inteqrasiyası nəzərdə tutulur. İrəvanın artıq şirkətin hüquqi və müqavilə bazasını formalaşdırmağa başlaması layihənin siyasi müzakirədən praktiki icra mərhələsinə keçirilməsi istiqamətində addımların atıldığını göstərir.

Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP sazişinə müsbət rəy verməsi layihənin həyata keçirilməsi baxımından hansı mərhələnin başlanması deməkdir?

“Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP üzrə çərçivə sazişinə müsbət rəy verməsi göstərir ki, layihə tədricən siyasi bəyanatlar mərhələsindən hüquqi və institusional mərhələyə keçir. Azərbaycan üçün burada əsas məsələ layihənin adı, onun ətrafında aparılan təqdimatlar deyil. Əsas məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və etibarlı bağlantının praktik olaraq təmin edilməsidir”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İSKENDER.jpeg (149 KB)

O bildirib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra İrəvan üçün “hüquqi maneələr var” arqumentinin imkanları daha da daralır:

“İndi proses parlament ratifikasiyası, müqavilə bazasının tamamlanması, “TRIPP Development Company”nin fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi və nəhayət, real infrastruktur işlərinin başlanması istiqamətində irəliləməlidir. Diqqətçəkən məqam budur ki, Ermənistan hökuməti artıq şirkətin nizamnaməsi, səhmdarlar arasında razılaşma və digər hüquqi mexanizmlər üzərində işləyir. Yəni söhbət artıq ümumi niyyət bəyanatından yox, layihənin necə idarə olunacağı və necə işləyəcəyindən gedir. Bu isə prosesin praktiki mərhələyə yaxınlaşdığını göstərən mühüm göstəricidir”.

Deputat qeyd edib ki, burada Azərbaycanın mövqeyi əvvəldən aydındır və dəyişməyib:

“Bizim üçün əsas nəticə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında etibarlı, təhlükəsiz və maneəsiz nəqliyyat bağlantısının yaradılmasıdır. Bu xətt sonrakı mərhələdə Türkiyə istiqamətinə çıxışla daha böyük regional nəqliyyat sisteminin mühüm hissəsinə çevrilə bilər. TRIPP-in əhəmiyyəti yalnız 42 kilometrlik bir marşrutla ölçülməməlidir. Xəritədə 42 kilometr kiçik görünə bilər, amma geosiyasi və iqtisadi baxımdan həmin məsafə Xəzər hövzəsini, Azərbaycanı, Naxçıvanı, Türkiyəni və daha geniş coğrafiyanı birləşdirən strateji həlqəyə çevrilə bilər. Dəmir yolu, avtomobil yolu, enerji və digər kommunikasiya imkanlarının eyni məntiq daxilində inkişafı bütövlükdə regionun tranzit əhəmiyyətini artıracaq. Burada Ermənistanın da anlamalı olduğu sadə reallıq var. Kommunikasiyaların açılması Azərbaycana lazım olduğu qədər Ermənistan üçün də uzunmüddətli iqtisadi imkan yaradır. İrəvan illərlə davam edən blokada və qarşıdurma düşüncəsindən çıxaraq regional əməkdaşlıq modelinə keçmək istəyirsə, bunun yolu razılaşmaların icrasından keçir”.

Vüqar İskəndərov fikirlərinə bu cür yekun vurub:

“ABŞ-nin prosesdə iştirakı isə TRIPP-ə əlavə beynəlxalq siyasi və iqtisadi çəki verir. Ancaq istənilən formatın real dəyəri onun kağız üzərində necə adlandırılması ilə deyil, əldə olunmuş razılaşmaların praktikada necə işləməsilə ölçüləcək. Azərbaycan artıq regionda yeni reallıq yaradıb. İndi məsələ həmin reallığın nəqliyyat və iqtisadi arxitekturasını qurmaqdır. TRIPP bu arxitekturanın mühüm elementlərindən biri ola bilər. Əgər İrəvan siyasi iradə nümayiş etdirərək prosesi süni şəkildə uzatmasa, Azərbaycan–Naxçıvan bağlantısının reallaşması yalnız iki ölkə arasındakı kommunikasiya məsələsi olmayacaq. Bu, bütövlükdə Cənubi Qafqazın tranzit xəritəsini dəyişən və regionu Şərq-Qərb bağlantısında daha mühüm mövqeyə gətirən layihəyə çevrilə bilər. Ona görə də hazırkı mərhələdə əsas sual artıq “TRIPP olacaqmı?” deyil. Əsas sual onun nə qədər sürətlə real infrastruktura çevriləcəyidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2026

18 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR