İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvandan Bişkekə uzanan yol: Azərbaycanın yüksələn geosiyasi xətti

Prezident İlham Əliyevin Qırğızıstana növbəti səfəri barədə xəbəri dünən işimlə bağlı səfər etdiyim doğma Naxçıvanda öyrəndim. Xəbəri məhz Naxçıvanda eşitmək mənim üçün xüsusi məna daşıdı. Çünki bu qədim diyarın adı çəkiləndə istər-istəməz Türk dünyasının keçmişi, bu günü və gələcəyi haqqında düşünürsən.

Naxçıvan Azərbaycanın Şərq qapısıdır. Amma bununla bitmir. Bura Türk dünyasının mənəvi yaddaşında xüsusi yeri olan, onun siyasi tarixində mühüm dönüşlərə şahidlik edən məkandır. 2009-cu ildə məhz burada imzalanan Naxçıvan Sazişi ilə Türk dövlətlərini bir araya gətirən yeni siyasi platformanın təməli qoyuldu. Bu gün Türk Dövlətləri Təşkilatı kimi böyük bir siyasi ailəyə çevrilən prosesin başlanğıcında Naxçıvan dayanır.

O gün atılan imzanın əhəmiyyəti illər keçdikcə daha aydın görünür

Çünki Türk dünyası artıq yalnız ortaq tarix, dil və mədəniyyət haqqında danışan coğrafiya deyil. Bu gün burada siyasi həmrəylik güclənir, iqtisadi əlaqələr genişlənir, nəqliyyat və enerji layihələri reallaşır, ortaq maraqlar daha aydın şəkildə ifadə olunur. Türk dünyası özünün yeni siyasi çəkisini formalaşdırır. Azərbaycan isə bu prosesin mərkəzindədir.

Naxçıvanın özündə də bu gün yeni mərhələnin başlanğıcı hiss olunur. Prezident İlham Əliyevin avqust ayında bu qədim diyara səfəri və bölgənin inkişafı ilə bağlı mühüm qərarlarından sonra burada yeni yolların salınması, sosial evlərin tikintisi, nəqliyyat, enerji və digər infrastruktur layihələrinin həyata keçirilməsi sürətlənir. Naxçıvan dəmir yolunun müasirləşdirilməsi isə gələcəyin böyük bağlantı xəritəsində xüsusi əhəmiyyət daşıyır. Bu mənzərədə Naxçıvana yalnız Azərbaycanın bir bölgəsi kimi baxmaq kifayət deyil. Naxçıvan Türk dünyasının mənəvi mərkəzlərindən biri olmaqla yanaşı, gələcəkdə onun fiziki bağlantılarının da mühüm qovşaqlarından birinə çevrilə bilər. Zəngəzur dəhlizi və onun yaratdığı perspektivlər bu qədim diyarın geosiyasi əhəmiyyətini daha da artırır.

0Fu5OxBrNLVhBjF6O9KXg2zSlgI87BtMa3y8qBDv_1200.jpg (108 KB)

Və elə buradan başqa bir mənzərə başlayır.

Naxçıvandan sonra Özbəkistan, indi isə Qırğızıstan...

Məncə, son 20 gündə gerçəkləşən bu üç səfərin – Naxçıvan, Özbəkistan və Qırğızıstan səfərlərinin – arasında dərin bir rəmzi bağ var.

Naxçıvan – başlanğıcdır.

Özbəkistan – Türk dünyasının mərkəzində qardaşlıq və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsidir.

Qırğızıstan isə həmin münasibətlərin daha geniş Avrasiya məkanında siyasi çəkisinin nümayişidir. Bu, sadəcə diplomatik səfərlər ardıcıllığı deyil. Bu, Azərbaycanın Türk dünyası ilə əlaqələrində davamlı və yüksələn xəttin göstəricisidir.

Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı da səfərə xüsusi mənəvi çalar verir. Dostluq, birlik, qarşılıqlı hörmət, qədim ənənələrin və milli dəyərlərin qorunması kimi ideyalar bu gün Türk dünyasının siyasi həmrəyliyinin də mənəvi dayaqlarına çevrilir.

Sülh varsa, yollar açılır

Lakin Bişkekdəki gündəliyin miqyası bununla məhdudlaşmır. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın getdikcə daha geniş coğrafiyada siyasi çəkisinin artdığını göstərir.

Rəcəb Tayyib Ərdoğanla görüş Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin dəyişməzliyinin növbəti təsdiqidir. “Bir millət, iki dövlət” burada sadəcə siyasi şüar deyil, real dövlətlərarası münasibətlərin mahiyyətidir.

Nikol Paşinyanla görüş isə Cənubi Qafqazda formalaşan yeni reallığın göstəricisidir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması ilə 30 illik münaqişəyə son qoyulması regionun gələcəyi üçün tamamilə yeni səhifə açır. Prezident İlham Əliyevin Bişkekdə vurğuladığı kimi, vaxtilə uzunmüddətli münaqişə zonası olmuş Cənubi Qafqaz indi sülh zonasına çevrilməkdədir. Bu, sadəcə siyasi ifadə deyil. Sülh varsa, yollar açılır. Yollar açılırsa, ticarət artır. Ticarət artırsa, xalqlar və dövlətlər arasında qarşılıqlı əlaqələr, etimad və əməkdaşlıq genişlənir.

TRIPP, Zəngəzur bağlantısı, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları bu yeni reallığın iqtisadi və geosiyasi davamıdır. Məsud Pezeşkianla görüş də Azərbaycanın regional siyasətinin başqa bir mühüm istiqamətini ortaya qoyur. İranın çətin vəziyyətində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsi iki qonşu ölkə arasında münasibətlərin yalnız siyasi maraqlarla deyil, qarşılıqlı hörmət və qonşuluq prinsipləri ilə də qurulduğunu göstərir.

Üç görüşə birlikdə baxanda isə daha böyük mənzərə ortaya çıxır

Türkiyə ilə strateji müttəfiqlik. Ermənistanla sülh gündəliyi. İranla qonşuluq və əməkdaşlıq. Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələr.

Bunların hamısı bir səfərin gündəliyində kəsişir. Bu, Azərbaycanın regional oyunçu kimi artan çəkisinin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir. Azərbaycan artıq regional prosesləri kənardan izləyən ölkə deyil. Proseslərin içində olan, təşəbbüslər irəli sürən, yeni reallıqlar yaradan və həmin reallıqların yaratdığı imkanları diplomatik masaya daşıyan ölkədir. Bunun arxasında isə son illərdə formalaşan ciddi geosiyasi kapital dayanır:

Enerji layihələri.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri.

Orta Dəhliz.

Zəngəzur bağlantısının perspektivi.

Türk dünyası ilə dərinləşən siyasi və iqtisadi əlaqələr.

Bütün bunlar Azərbaycanın geosiyasi çəkisini artırır. Azərbaycan artıq yalnız coğrafiyanın verdiyi imkanlardan danışmır – həmin imkanları reallığa çevirir. Ölkəmiz əhəmiyyətli  yolların və qovşaqların üzərində yerləşən ölkə deyil, yolların kəsişdiyi və yeni yolların formalaşdığı ölkəyə çevrilir. Orta Dəhliz Azərbaycanı Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm həlqəyə çevirir. Şimal-Cənub dəhlizi ölkəmizin başqa bir böyük geoiqtisadi xəttdə rolunu gücləndirir. Zəngəzur bağlantısı isə bu xəritəyə yeni istiqamətlər əlavə etmək potensialına malikdir. Bütün bunların fonunda Naxçıvanın əhəmiyyəti də daha aydın görünür.

Cənubi Qafqaz münaqişə zonasından sülh zonasına çevrilməkdədir

Bişkek səfərinin siyasi çəkisini artıran daha bir mühüm məqam Azərbaycan-Qırğızıstan münasibətlərinin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında çıxışında qeyd etdiyi kimi, cəmi bir ay əvvəl Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, Azərbaycanla Qırğızıstan arasındakı qardaşlığın siyasi və strateji məzmununun yeni mərhələyə keçdiyini göstərir. Prezidentin eyni çıxışında Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 illik münaqişənin sonu kimi qiymətləndirməsi isə Bişkekdəki siyasi gündəliyin daha böyük mənzərəsini ortaya qoyur: Cənubi Qafqaz münaqişə zonasından sülh zonasına çevrilməkdədir. Sülhün coğrafiyası genişləndikcə Azərbaycanın bağlantı imkanları da genişlənir. Beləliklə, Naxçıvanda 2009-cu ildə əsası qoyulan böyük ideya bu gün artıq konkret siyasi münasibətlərə, müttəfiqlik müqavilələrinə, nəqliyyat və iqtisadi layihələrə çevrilir.

Bu, sadəcə tarix deyil.

Bu, tarixin davamıdır.

Və bu davamın içində Azərbaycanın rolu getdikcə böyüyür.

Naxçıvandan Özbəkistana, Özbəkistandan Qırğızıstana...

Coğrafiya dəyişir, amma istiqamət dəyişmir. İstiqamət Türk dünyasının birliyi, inkişafı, çiçəklənməsi və Azərbaycanın bu böyük ailədə artan roludur. Bişkekdə keçirilən görüşlər də bu yüksələn xəttin növbəti mühüm dayanacağıdır. Bir tərəfdə Türk dünyasının qədim mədəni irsi, digər tərəfdə Avrasiyanın yeni geosiyasi reallıqları. Bir tərəfdə qardaşlıq və müttəfiqlik, digər tərəfdə sülh və regional əməkdaşlıq. Və bütün bu xəttlərin kəsişdiyi nöqtələrdən birində Azərbaycan dayanır. Bu gün Azərbaycan öz coğrafiyasının əsiri deyil, coğrafiyasının yaratdığı imkanların sahibidir. Məhz buna görə Naxçıvandan Bişkekə uzanan bu yol yalnız səfərlər yolu deyil. Bu, Azərbaycanın yüksələn siyasi çəkisinin, Türk dünyasında artan rolunun və regionda yaratdığı yeni reallıqların yoludur. 2009-cu ildə Naxçıvanda atılan imza bu gün daha böyük coğrafiyada öz əks-sədasını verir. Və görünən odur ki, bu yolun hələ qarşıda çox dayanacağı var.

P.S.

Bu arada, dünən Rusiya Prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Xocalı qatili Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib və ona “sınaqlar qarşısında dözümlülük” arzulayıb. Sülhə gedən yolda ən böyük narahatlıq elə sülhə öyrəşə bilməyənlər üçündür. Bu təbrik bir daha göstərir ki, Cənubi Qafqazda yeni reallıq yaransa da köhnə geosiyasi vərdişlər hələ də ölməyib...

Sahiltahirli1.jpg (26 KB)

Sahil Tahirli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR